100 ilin gəncləri

267

Hər kəs ölkəsinin müstəqillik tarixinin 100 illiyinin qeyd olunması tarixini yaşaya bilmir. Buna ya doğulduğu zaman kəsiyi, ya da siyasi məqamlar imkan vermir. Amma bu gün Azərbaycan gənci kimi biz xoşbəxtik ki, Şərqdə yaranan ilk demokratik respublikanın- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik.

Bu il  istər ölkəmizin, istərsə də muxtar respublikamızın sosial və ictimai-siyasi həyatında baş verən hadisələr yəqin ki, hələ uzun müddət yaddaşlardan silinməyəcək. Amma mühüm tarixi məqamlara şahidlik edən və bütün bu proseslərdə fəal iştirak edən gənclər üçün bu ilin-2018-ci ilin  dəyəri tamamilə fərqlidir. Çünki bu il Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” statusu daşımaqla bərabər, eyni zamanda ölkəmizin “Gənclər paytaxtı” seçildi. Gəncliyin gücü və əzmi muxtar respublikada inamlı  və gələcək üçün perspektiv vəd edən bütöv bir gənclər ordusunun yarandığından xəbər verir. Bu gənclər  bu günü gələcəyə daşıyan əsas qüvvədir. Onlar  qazandıqları uğurlarla kifayətlənmədən, inadla yeni qələbələrə can atırlar. Bu, Naxçıvanda gənclər üçün yaradılan şəraitin münbitliyinin bəhrəsidir.

  2018-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur.  100 illik bir tarix… Əslində 100 rəqəmi yuvarlaq bir rəqəm olduğu üçün həmişə daha əhəmiyyətli hesab olunur. İstənilən bir müqayisə üçün də 100 ideal bir rəqəmdir. Amma bir əsr öncə əldə olunan müstəqillik, çətinliklərlə və böyük əziyyətlərlə qurulan bir dövlət  haqqında danışarkən qürur duymamaq mümkün deyil. Çünki bu 23 ay ərzində yaşanan tarixdə əldə edilən nailiyyətlər   bir çox ölkələr üçün 10 illərlə ərsəyə gəlir. Bu hər bir azərbaycanlı gənc üçün qürurvericidir. Tariximizdə ilk dəfə ordu, səhiyyə, təhsil və digər sahələrdə mütərəqqi addımların atıldığı bir zamandan söhbət gedir. Hazırda dünyanın inkişaf etmiş ölkələrindən daha öncə qadına seçmək və seçilmək hüququ verən bir cümhuriyyətdən danışmaq hər zaman üçün qürurverici olmalıdır. Üzərindən lap 100 il ötsə belə…

Şərqdə ilk demokratik respublikanın sələfi olan müstəqil Azərbaycan Respublikasının gəncləri məhz bu tarixi yaşadığı üçün  qürur duyurlar.   Ömrü qısa olsa da, xalqa müstəqilliyin, dünyaya isə dövlətçilik ənənələrinin  nə olduğunu çatdırmağı bacaran Azərbaycan Xalq Cümhuriyyəti tarixdə imza atdığı ilklərlə hər zaman yaddaşlarda qalacaq. Həmin cümhuriyyətin qurucularının xəyal etdiyi gənclik bu gün bütün sahələrdə aparıcı qüvvəyə çevrilib. 1991-ci ildə ikinci dəfə əldə etdiyimiz müstəqillik isə gəncliyin yenidən özünüdərkinə, ölkəmizin inkişafı naminə fədakarlığa şərait yaratdı. Bu gün isə artıq bütün sahələrdə gənclər daha böyük nailiyyətlərin əldə olunması üçün çəkinmədən “əlini daşın altına atır”.

  Bu günün gəncləri ona görə xoşbəxtdirlər ki,  mühüm tarixi hadisələrə şahidlik etməklə bərabər, bu proseslərin bilavasitə iştirakçılarıdırlar. Gənclər onlara yaradılan şəraitdən və daim göstərilən qayğıdan bəhrələnməklə bu günün tarixini gələcəyə daşımalıdırlar. Tarix boyu əldə etdiyimiz nailiyyətlərimizi qorumaq missiyasını yorulmadan davam etdirməli və uğurlarla dolu yeni üfüqlərin açılması üçün hər zaman bir olmalıdırlar.

Nə zamansa bu dövləti quranlar onun yüz illiyinin təntənə ilə qeyd ediləcəyinə inanırdılar. Bu gün bu 100 illiyi qeyd edən gənclər də gərək elə əməllər və amallarla yaşasınlar ki, 100 il sonra  gələn nəsillər bu günü mühüm tarix kimi qeyd etsinlər.

Gənclər, Cümhuriyyətimiz mübarək!

Yaqub İSAYEV

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: