Azərbaycanın xarici işlər naziri İtaliyanın Lombardiya regionunun prezidenti ilə görüşüb

86

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın Lombardiya regionunun prezidenti Attilio Fontana ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, görüşdə Azərbaycan-İtaliya münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlığın mövcudluğu, bu xüsusda İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu qeyd edilib. Azərbaycanda çoxsaylı İtaliya şirkətlərinin fəaliyyət göstərdiyi, operativ qərargahları Lombardiyada yerləşən “Saipem”, “Eni”, “Snam”, “Maire Tecnimont” kimi iri şirkətlərin Azərbaycanla əməkdaşlığa cəlb olunduğu, regionun mərkəzi şəhəri Milan ilə Bakı arasında birbaşa hava nəqliyyatı xəttinin olmasının iki ölkə arasında turizm sahəsində də əlaqələrin inkişafı üçün əhəmiyyəti bildirilib. Lombardiya regionunun İtaliyanın iqtisadi və mədəni həyatında önəmli yerə malik olduğunu nəzərə alaraq, bu regionun Azərbaycan-İtaliya münasibətlərinin daha da inkişafına əlavə töhfələr verə biləcəyindən əminlik ifadə olunub.

Lombardiya regionunun prezidenti gənclik dövründə Bakıya səfəri ilə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın son illərdə əldə etdiyi yüksək nailiyyətlər barədə məlumatlı olduğunu bildirib. O, rəhbərlik etdiyi regiondan olan şirkətlərin Azərbaycandakı yeni iqtisadi imkanlardan faydalanmasında maraqlı olduğunu, eləcə də Lombardiyanın yüksək elmi-texnoloji potensialını da nəzərə alaraq, regiondakı ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının Azərbaycandakı müvafiq qurumlarla əlaqələrinin də inkişafının faydalı olacağını diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov son illərdə Azərbaycan və İtaliya arasında münasibətlərdə intensivliyin müşahidə olunduğunu, bu xüsusda cari ilin iyul ayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri vaxtı Prezident İlham Əliyevlə apardığı müzakirələri xatırladıb, habelə səfər zamanı dövlət başçılarının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində operativ qərargahı Milanda yerləşən “Maire Tecnimont” şirkəti tərəfindən inşa edilən polipropilen zavodunun açılışının keçirildiyini bildirib. Azərbaycanın inkişaf strategiyası, prioritet inkişaf istiqamətləri, ölkəmizin təşəbbüsü ilə reallaşan regional və beynəlxalq layihələr, o cümlədən Cənub Qaz Dəhlizi barədə məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanla daha yaxından tanış olmaq və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün A.Fontananı regiondan olan iqtisadi və elmi-akademik qurumların nümayəndələrinin müşayiəti ilə ölkəmizə səfərə dəvət edib.

Dəvəti məmnuniyyətlə qəbul edən Lombardiya regionunun prezidenti yaxın müddətdə geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: