Dəfn üçün müavinət nədir və kimə verilir ?

578

Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə təmin olunurlar. Bunlardan biri də dəfn üçün müavinətdir. Xalq arasında “dəfn pulu” kimi tanınan bu sosial sığorta ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Pensiya şöbəsinin müdiri Hikmət İsmayılovdan müsahibə aldıq.  NUHÇIXAN həmin müsahibəni izləyicilərinə təqdim edir.

-Hikmət müəllim, dəfn üçün müavinət kimlərə verilir?

– Sual üçün çox sağ olun. Məlumdur ki , sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün  dövlət tərəfindən müavinət verilir. Əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün müavinət mərhumun qeydiyyatda olduğu ünvan üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən onun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə ödənilir.

-Bəs dəfn müavinətini almaq üçün hansı sənədləri təqdim etmək lazımdır?

-Hələ 1998-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə dəfn müavinətini almaq üçün sığortaedən tərəfindən göndəriş məktubu, dəfn üçün müavinətlə bağlı haqq-hesab cədvəli, müavinət təyin edən komissiyanın protokolunun surəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayış  (ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilməli), ölüm şəhadətnaməsinin surəti, bələdiyyə tərəfindən verilmiş arayış  (vəfat edəni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat), dəfn xərcini çəkən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim edilməlidir. Dəfn müavinətinin alınması üçün qeyd olunan sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti üzrə yerli orqanına təqdim olunmalıdır.

Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı elektron qaydada da müraciət etmək mümkündür. “Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu” elektron xidmətindən istifadə üçün www.dsmf.nakhchivan.az internet səhifəsinə daxil olmalı, elekton imza kartı ilə həmin elektron xidməti seçməli və müvafiq xanaları dolduraraq sorğu edilməlidir. Elektron formada  göndərilmiş müraciət və sənədlər Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən qəbul edilir və bu barədə sorğu edənə elektron təsdiqetmə bildirişi göndərilir.

Müavinətin ödənişi Fondun yerli orqanları tərəfindən dəfn üçün müavinətin ödənilməsi ilə bağlı sənədlərin elektron formada təqdim edilən haqq-hesab cədvəlinə, müavinət təyin edən komissiyanın protokolunun və digər müvafiq sənədlərin  skaner qurğusundan keçirilmiş surətlərinə əsasən həyata keçirilir.

– Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı məhdudiyyətlər necə, mövcuddurmu?

– Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği qeyd etdiyimiz kimi qanunvericiliklə müəyyən olunur. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri – məbləğcə daha böyüyü ödənilir. Vəfat edən şəxsin vəfat etdiyi tarixdə qanunvericiliklə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğinə uyğun olaraq, vaxt məhdudiyyəti olmadan ödənilir.

-Hikmət müəllim, dəfn üçün müavinətin məbləği nə qədərdir?

– Ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq sığortaolunan vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği 146 manat məbləğində müəyyən olunub. Əmək pensiyaçısı vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli yəni, 348 manat 81 qəpik dəfn üçün müavinət ödənilir.

-Müsahibə üçün çox sağ olun.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: