Elman Nəsirov: ATƏT Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoymaq üçün təsir imkanlarından istifadə etməlidir

91

ATƏT-in baş katibi Tomas Qremingerin sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın yeni hakimiyyətinin münaqişənin tənzimlənməsi istiqamətində qeyri-konstruktiv mövqeyi və bunun mümkün nəticələri ətrafında müzakirələr aparıldı.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə səsləndirdiyi fikirləri AZƏRTAC-a şərh edərkən deyib.

Elman Nəsirov bildirib ki, dövlətimizin başçısı İlham Əliyev Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdən münaqişənin tənzimlənməsi məsələsində ziddiyyətli mövqelər ortaya qoyduğunu və bunun acı təəssüf hissi doğurduğunu vurğulayıb. Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerin nəzərinə çatdırıb ki, Paşinyan qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan və Ermənistan prezidentlərinin apardığı danışıqlar prosesində iştirakı ilə bağlı məsələni ortaya qoyur. Bu, bizim üçün qəbuledilməz bir yanaşmadır. Separatçı rejimin danışıqlar prosesinə qoşulması məsələsini ortaya qoymaqla Paşinyan, ilk növbədə, danışıqlar prosesini pozmaq istəyir. O, öncədən bilir ki, bu cür məsələlərin gündəmə gətirilməsi danışıqların baş tutmasına mane olacaq. Deməli, o, məqsədyönlü və planlı şəkildə bu addımı atır ki, danışıqlar baş tutmasın. Paşinyan bundan sonra da irəli gedərək bu günlərdə Moskvada olarkən belə bir ifadə işlətdi ki, təkcə Dağlıq Qarabağ deyil, eyni zamanda, onun ətrafındakı rayonlar da qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsidir. Bu cür yanaşmalar, heç şübhəsiz ki, gözlənilən danışıq proseslərinə arxadan vurulmuş zərbədir. Prezident İlham Əliyev bu məsələləri vurğulamaqla, ilk növbədə, ATƏT-in baş katibinə onu çatdırmaq istəyirdi ki, ATƏT, onun Minsk qrupu belə məsuliyyətsiz mövqelərə münasibət bildirsin, reaksiya versin. ATƏT-in baş katibi Minsk qrupunun həmsədrlərinə bildirməlidir ki, onlar ünvanlı bəyanatlar versinlər, ilk növbədə, Paşinyanın bu son məsuliyyətsiz və danışıqlar prosesinə pozucu təsir göstərən mövqeyinə münasibət bildirsinlər, bəyanatlarında bu məsələləri qeyd etsinlər. Bildirsinlər ki, qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar prosesinə qatılması, eyni zamanda, Dağlıq Qarabağın və ətrafındakı rayonların qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi kimi vurğulanması, nəticə etibarilə, danışıqlar prosesinin gələcəyini sual altında qoyur. Danışıqlar olmayan yerdə də heç şübhəsiz ki, müharibə aktuallaşır. Yəni, Paşinyanın bu məsuliyyətsiz bəyanatları, nəticə etibarilə, regionda böyük bir müharibənin başlanmasına şərait yaradır və bütün məsuliyyət də ona görə məhz, ilk növbədə, Ermənistandakı yeni hakimiyyətin üzərinə düşəcək.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin ATƏT-in baş katibi ilə görüşündə əsas niyyəti o idi ki, qoy onlar bilsinlər, Ermənistanın yeni rəhbərliyi öz davranışı ilə sülh prosesinə zərbə endirib və bunu məsuliyyətli şəkildə düşünmək lazımdır. İndiki halda Ermənistanın baş naziri belə məsuliyyətsiz bəyanatlar verməklə, ilk növbədə, Ermənistandakı daxili auditoriyanı sakitləşdirmək istəyir, çünki Paşinyan çox yaxşı fərqindədir ki, onun yeritdiyi nə daxili, nə də xarici siyasət uğur gətirməyib. Onun xüsusilə də Rusiyaya son səfəri tamamilə uğursuz oldu. Bu gün erməni mətbuatı Paşinyana belə suallar ünvanlayırlar: Necə olur ki, Rusiya Prezidenti Azərbaycan Prezidentini rəsmi səfərə dəvət edir, lakin Paşinyanla bu dövr ərzində sadəcə ikinci görüşüdür və ikisi də işgüzar görüş. O, heç bir rəsmi və dövlət səfərinə dəvət edilmir. Suallar verirlər ki, nə üçün Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə danışıqlarının və imzalanmış sənədlərin ardınca mətbuat üçün geniş brifinq keçirir və çoxsaylı suallara cavablar verilir. Putin özü etiraf edib ki, Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır, fundamental məsələlərdə mövqelər üst-üstə düşür. Bəs onda niyə Paşinyanla danışıqların sonunda belə brifinq keçirilmədi? Rəsmi Moskva hətta Ermənistanın baş nazirini mətbuat konfransı keçirməyə də layiq görmür. Bu, Ermənistan rəhbərliyinə qarşı aşağılanmış bir münasibətdir, bunu Ermənistan mətbuatında açıq şəkildə yazırlar. Həmçinin qeyd edirlər ki, Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti ikitərəfli münasibətlərə dair 16 sənəd imzaladı və bu sənədlər əslində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı “yol xəritələri” adlandırılır. Yəni, Rusiya Azərbaycanla münasibətlərinə sistemli yanaşır və “yol xəritələri” hesab edilən sənədlər imzalayır, iqtisadi münasibətlərin bundan sonra inkişafı üçün yeni mərhələ başlayır. Bəs bu addımı Ermənistana, Paşinyana münasibətdə niyə atmır? Bu, yalnız onunla bağlıdır ki, Paşinyan çox səriştəsiz bir siyasətçidir. Onun yeritdiyi ikibaşlı siyasət, eyni vaxtda iki stulda əyləşmək siyasəti Paşinyana olan münasibətin indiki hala gəlib çıxmasına şərait yaradıb. Eyni zamanda, Paşinyan yeritdiyi siyasətlə artıq Qərbdən də dəstək almır, onun Brüsselə səfəri uğursuzluqla nəticələnmişdi. İndi də Suriyaya humanitar missiyanın göndərilməsi ilə bağlı mövqeyi bu gün rəsmi Vaşinqtonda çox böyük qəzəblə qarşılanıb. Bütün bunlar Paşinyanın xarici siyasətindəki qeyri-müəyyənliyi göstərir. Bir daha göstərir ki, Paşinyanın apardığı daxili və xarici siyasət həm Moskvada, həm Vaşinqtonda, həm də Brüsseldə çox mənfi qarşılanmaqdadır. Ümumiyyətlə, Ermənistanda səriştəsiz bir adamın rəhbərliyə gəlməsi dünyanın əsas beyin mərkəzlərində də müzakirə olunur və eyni zamanda, acı təəssüflə qeyd edilir.

E.Nəsirov deyib: “Bir məqamın da üzərində dayanmağa dəyər ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq kürsülərdə çıxışlarında qeyd edib ki, Ermənistanda despotik, orta əsrlərə məxsus bir rejim hökm sürür və bu rejimdən ən çox əziyyət çəkən də erməni xalqıdır. Erməni xalqı da İlham Əliyevin söylədiklərini söyləyir və elə bunun hesabına həmin rejimin sonu gəlib çatdı. İndi isə Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə söylədi ki, bu gün Ermənistanda demokratiya pərdəsi altında insan hüquqları kobud şəkildə pozulur, siyasi rəqiblərə qarşı təzyiq, təhdid dili ilə danışılır, onlar həbsxanalara salınır və artıq bu gün Ermənistanda nifrət dövlət siyasəti səviyyəsinə qaldırılıb. Keçmiş rejimlə bağlı olan hər bir insana potensial düşmən kimi baxılır və onlara qarşı cəza tədbirləri həyata keçirilir. Bu gün Paşinyan Ermənistanda xaos və qorxu mühiti formalaşdırıb. Artıq bu, diktatura deməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistandakı daxili situasiya və Paşinyanın yaratdığı bu acınacaqlı mühitlə bağlı fikirlərini bu günlərdə Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, eyni zamanda, Ermənistan parlamentinin vitse-spikeri də təsdiqlədi. O, Avropa Şurasında siyasi məsələlər və demokratiya üzrə komissiyada çıxışı zamanı bütün bu həqiqətləri söylədi. Bildirdi ki, Ermənistanda artıq antidemokratik bir rejim formalaşıb, siyasi rəqiblərə qarşı total səviyyədə cəza tədbirləri işə salınıb. Vəziyyət o həddə gəlib çıxdı ki, həmin komissiya qərar qəbul etdi ki, Avropa Şurası monitorinq komissiyasında bu məsələyə baxılsın. Eyni zamanda, Ermənistandakı real vəziyyəti öyrənmək üçün monitorinqlər başlanılsın. Yəni, Ermənistandakı bu diktatura rejiminin qurulması siyasəti və demokratiyanın ayaqlar altına atılıb tapdalanması məsələsi Avropa Şurası səviyyəsində gündəmə gəlib. Prezident İlham Əliyev bütün bunları söyləməklə həm də ATƏT-in baş katibi Tomas Qremingerə belə bir antidemokratik rejim formalaşdıran, həmçinin öz siyasi opponentlərinə qarşı belə cəza mexanizmlərini həyata keçirən hökumətin rəhbəri ilə danışmağın nə qədər çətin və mürəkkəb olduğunu çatdırdı. Dövlətimizin başçısı həm də Ermənistan rəhbərliyinə ciddi bir mesaj ünvanladı ki, danışıqlar prosesi pozulursa buna görə məsuliyyət onların üzərinə düşür. Bu, çox ciddi mesajdır. Bunun mənası odur ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi siyasətinə sadiqdir. Biz sülh danışıqlarına üstünlük veririk. Biz danışıqlara hazırıq. Lakin Ermənistan bu danışıqlardan yayınırsa, danışıqları pozursa, belə olan vəziyyətdə hadisələr ən gözlənilməz cərəyan üzrə inkişaf edə bilər. Yəni, bu kimi məsələlərdə hərbi tənzimlənmə məsələləri aktuallaşa bilər. Belə olan vəziyyətdə bütün məsuliyyət yenə də Ermənistanın üzərinə düşəcək. BMT Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, ərazisi təcavüzə uğrayan bir dövlətin xarici hərbi müdafiə hüququ var. Bəli, biz həmin 51-ci maddəni istifadə edib öz ərazi bütövlüyümüzü hərbi yolla da təmin edə bilərik. Eyni zamanda, BMT nizamnaməsinin 25-ci maddəsinə görə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası icbaridir. Ermənistan isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymur. Analoji qətnamələri AŞPA, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, NATO, ATƏT və İslam Əməkdaşlıq Təşkilatı da qəbul edib. Bütün bu sənədlər işləmir. Belə olan vəziyyətdə 25-ci maddəni əsas götürüb biz münaqişənin tənzimlənməsi məsələsinə fərqli müstəvidə yanaşa bilərik. Yəni, danışıqlar tükənə və Azərbaycan hərbi yolla torpaqları geri qaytarmaq məcburiyyəti qarşısında qala bilər və bu yolun seçilməsi də artıq məcburi addım ola bilər. Eyni zamanda, bu, heç bir halda beynəlxalq hüquqa zidd deyil və həmin sənədlər bizə bu haqqı verir. Dünənki görüşdən sonra ATƏT-in baş katibi Tomas Qremingerin bu məsələlərlə ciddi məşğul olacağına ümid bəsləyirik. İlk növbədə, Ermənistana ATƏT-in Minsk qrupu çərçivəsində müəyyən təzyiqlərin göstərməsinə ümid bəsləyirik və buna inanmaq istəyirik. Çünki belə olmayacağı təqdirdə hadisələr ən arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. Eyni zamanda, Ermənistan iki il bundan öncə Aprel döyüşlərində üzləşdiyi acınacaqlı vəziyyətlə, yəni, biabırçı məğlubiyyətlə üz-üzə qala bilər. Artıq Ermənistan rəhbərliyi papağını qarşısına qoyub bu barədə ciddi düşünməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: