Ermənistanın Naxçıvanla həmsərhəd kəndlərində aksiyalar keçirilir - VİDEO

619

Ermənistanda iqtisadi tənəzzül ucqar kəndlərdə yaşayışı dözülməz edib. NUHÇIXAN erməni KİV-lərinə istinadən bildirir ki,  Naxçıvan Muxtar Respublikası Şərur rayonu Yuxarı Yaycı kəndi istiqamətində yerləşən Ermənistanın Xaçik kəndinin sakinləri də işğalçı ölkənin iqtisadi tənəzzülünün qurbanı olub. Belə ki, kəndin sakinlərinin  FİNCA kredit təşkilatına küllü miqdarda  borcları yaranıb. Borcu olanlar isə əsasən müqaviləli hərbi qulluqçuların ailələridirlər. Çünki Ermənistan ordusunda xidmət edən muzdlulara yetərincə və vaxtında məvacib verilmir. Nəticədə onlar öz ailələrini yarıac-yarıtox dolandırmaq üçün müxtəlif vasitələrə əl atırlar.  Bu cür haldan istifadə edən kəndin mağaza sahibi Arsen Mnaçaqyan mağazaya borcu olan kənd sakinlərinin adına bankdan müəyyən miqdarda pul götürüb və sonra onu ödəyə bilməyib. Onsuz da səfalət və borc içində yaşayan erməni ailələri sosial şəraiti dağılan və infrastrukturu dağılan  Ermənistanın digər kəndlərindən fərqlənməyən Xaçikin küçələrində aksiya keçirməyə məcbur olublar. Onların əsas tələbi təkcə mağaza sahibinin borcunu qaytarması deyil, həm də kəndin yollarının abadlaşdırılmasıdır. 

“Hər dəfə bizə deyirlər ki, küçələri düzəltmək üçün pul yığın. Biz də olan-qalanımızı onlara veririk. Amma uzun illərdir ki, heç bir iş görülmür. Pulumuzu istəyəndə isə min bir bəhanə gətirirlər”- deyə qadınlar gileylənir. Mağaza sahibi isə pulunun olmadığını və borcu hələ ki, qaytara bilmədiyini deyir. Yerli sakinlər isə bu problemin həlli üçün aksiyanı daha da genişləndirəcəklərini bildiriblər.

Bundan başqa, Ermənistanın Ararat şəhərində fəaliyyət göstərən Qızıl emalı zavodunun işçiləri də tətil elan ediblər. Zavodun əməkdaşları təhlükəsizlik işçilərinin davranışından narazıdırlar. Belə ki, fabrikin mülkiyyətçisi “Geopromayninq qold” şirkətinin dəvət etdiyi təhlükəsizlik işçiləri əvvəlcə qiymətli filizi gizlədir, sonra öz gizlətdikləri filizi  aşkar edərək mükafat alır, günahsız işçilər isə cəzalandırılırlar. Qızıl emalı zavodunun işçilərinə 12,5 saat işləməklərinə baxmayaraq, 8 saat üçün  əməkhaqqı ödənilir.

Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd Ermənistanın Ararat vilayətinin  Urtsadzor (Çimənkənd) kəndinin sakinləri isə etiraz əlaməti olaraq avtoyürüş keçiriblər. Etirazçılar 19 illik Urtsadzor kənd icra nümayəndəsi Rafik Andresyanın  istefasını tələb edirlər. Sakinlərin sözlərinə görə, 19 il  icra nümayəndəsi olmuş bu şəxs  kənddə yararlı bir  iş görməyib, yalnız özü və yaxınları üçün icra nümayəndəsi olub. Etirazçıların sayı 100-dən artıq olub. Onlar  Ermənistan-İran magistralını bağlayıblar.

Naxçıvan Muxtar Respublikası Şahbuz Rayonu ilə sərhəddə yerləşən Ermənistanın Vayotdzor vilayətinin inzibati ərazisinə daxil olan Amulsar qızıl yatağı ilə qonşuluqda yerləşən yaşayış məntəqələrinin 100-dən çox sakini qubernatorluq binasının qarşısına toplaşı. Sakinlər bildirib ki, ətraf kəndlərdəki yüzlərlə ailə  çörəksiz qalıb. Çoxları stabil əməkhaqqına ümid edərək  kredit götürüb və çıxılmaz vəziyyətə düşüb.  Sakinlərdən biri qubernatora 200 nəfərin artıq işdən azad edildiyini bildirib.

NUHÇIXAN Ermənistanın Xaçik kəndindəki etiraz aksiyasının videomaterialını təqdim edir:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: