GÜNNÜT-HƏSRƏTİN SONU

481

Vətən müqəddəsdir, ülvidir. Onun  dağı, daşı, torpağı, suyu, havası, göyü bizim üçün doğmadır. Vətən əldən gedərsə, bütün milli-mənəvi dəyərlər onunla birlikdə məhv olar. Yaxşı yadımdadır, rəhmətlik babam Vətən həsrətilə gözlərini yumdu. Son günlərində elə hey “Qürbət cənnət olsa da, ölməyə Vətən yaxşı” sözlərini pıçıldayırdı. Son nəfəsinə kimi də o sözləri pıçıldadı. Dünyadan köçməmiş vəsiyyət etdi ki, “yurdumuzu düşməndən azad edəndə bir ovuc torpağından gətirib məzarıma tökün. Onda məzarda rahatlıq tapacam”. Babam  Dərələyəz mahalından idi. Düşmən onları öz yurd-yuvasından didərgin salanda babam uşaq olmuşdu. Amma 85 yaşınacan öz doğma yurdunun həsrətilə yaşadı, haçansa öz doğma yurduna qayıtmaq ümidini itirmədi. Mən yurd nisgilli babama baxanda ataların nəyə görə “Gözsüz yaşamaq olar, Vətənsiz yox”, “Yad ocağın alovundan Vətən ocağının tüstüsü gözəldir”, “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”,– dediyini daha yaxşı anlayırdım.

Doğma Vətənimizin yerləşdiyi ərazi, münbit torpaqları, yeraltı və yerüstü sərvətləri, mineral bulaqları, zəngin florası və faunası düşmənin diqqətini hər zaman cəlb edib. Elə ona görə də zaman-zaman Vətənimizə düşmən hücumları olmuş, torpaqlarımızın bir hissəsi işğal olunmuşdur. Həmin işğal edilən ərazilərdən biri də Naxçıvan MR Şərur rayonunda yerləşən Günnüt kəndi idi. Tarixi mənbələrə görə kəndin adı əvvəllər Günnüt Cəfərli olub. Deyilənə görə bu kəndi Cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salmışlar. Toponimiyada günnüt sözünü “çəmən, düzən”, günnük sözünün təhrif forması kimi “gün vuran yer”, “güzdək, son bahar yaşıllığı, payız otlağı” mənaları və nəhayət monqolların tərkibində Naxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar. Günnüt kəndi Naxçıvan-Sədərək magistral yolunun sağında, Şərur rayonunun mərkəzindən iyirmi iki kilometr məsafədə, Şərur düzənliyində yerləşir. Günnüt kəndinin ərazisi on bir min hektardan artıq torpaq sahəsindən ibarətdir. Kəndin torpağı dəmyə əkini üçün əvəzedilməzdir, ərazi yabanı bitki və heyvanat aləmi ilə də çox zəngindir. Dağlarında musson, bəbir, dağkeçisi, bir neçə növ kəklik və digər bir çox növdə qiymətli heyvanlar yaşayır.

90-cı illərdə erməni silahlı qüvvələri öz himayədarlarının köməyi ilə torpaqlarımıza soxulmağa çalışırdılar. Həmin döyüşlər zamanı Sədərək və Şərur rayonunun Günnüt, Havuş, Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Günnüt kəndi 1992-ci ildə qızğın döyüşlər gedən zaman Ermənistan silahlı qüvvələri tərəfindən güclü atəşə məruz qaldı. Kənddəki yaşayış binaları, məktəb, kitabxana, tibb məntəqəsi, məscid və qəbiristanlıq dağıdıldı. Bu hadisədən sonra kənd əhalisi məcbur olaraq Şərur rayonunun digər kəndlərində və xüsusilə də Mahmudkənd kəndində məskunlaşdı. İllərdir yurd, Vətən həsrəti çəkən Günnütlülərə nəhayət  ki, xoş xəbər gəldi: “Günnüt düşməndən azad edilib”.

2018-ci ilin may ayında cəbhədən Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində Günnüt kəndinin ətrafındakı erməni mövqelərinin məhv edildiyi və kəndə nəzarətin tam olaraq Azərbaycan Ordusunun əlinə keçməsi xəbərləri yayıldı. Az sonra rəsmi açıqlama ilə bu xəbər öz təsdiqini tapdı. Məlum oldu ki, may ayının 20-dən 27-sinə kimi Günnüt əməliyyatı keçirilib və döyüşlər zamanı ordumuz Naxçıvan Muxtar Respublikasındakı işğal altında olan bəzi əraziləri işğaldan azad edib. Bu xəbər bir andaca bütün ölkəyə yayıldı, hər kəs ordumuzun bu uğurundan qürurlandı.

Günnüt döyüşlərinin detalları tam açıqlananda məlum oldu ki, bu əməliyyat həcminə görə 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi əməliyyatdır. Düşmənin Naxçıvan Muxtar Respublikasının işğalına qarşı hücum planının qarşısının alınması məqsədilə, Azərbaycan tərəfindən  Şərur rayonu istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Bununla da ermənilərə öz çirkin niyyətlərini həyata keçirməyə imkan verilməyib. “Qızılqaya” dağı  və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa  kəndində  (10 sentyabr 1946-cı ildə ermənilər adını dəyişdirərək “Areni” qoyublar) və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.  Bu, böyük hərbi nailiyyətdir.  Şanlı ordumuzun Naxçıvanda düşmən işğalından azad etdiyi ərazi həqiqətən də çox böyük əhəmiyyətə malikdir. İşğaldan azad edilən ərazilər bir zamanlar kənd təsərrüfatının, əkinçiliyin, arıçılığın, həm də turizm sahəsinin yüksək şəkildə inkişaf etdiyi yerlərdir. Günnüt əməliyyatının önəmi haqda qısaca bir açıqlama:

  1. Şərur, Sədərək rayonlarını tam şəkildə və Kəngərli rayonunun bir hissəsini su ilə təmin edən Arpaçay Su Dəryaçasına artıq tam olaraq ordumuz nəzarət edir. Həmin dəryaça ermənilər üçün həmişə maraqlı olmuş və dəfələrlə həmin dəryaçanı partlatmaq istəmişlər. Dəryaça şirin su ehtiyatına malikdir və Şərur, Sədərək və Babək rayonunun əkin sahələrinin bir hissəsini suvarmaq üçün istifadə edilir;
  2. Naxçıvanı 14 % elektrik enerjisi ilə təmin edən “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyası artıq təhlükədə olmayacaq;
  3. “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) tam olaraq ordumuzun nəzarətindədir və ermənilər bundan təşvişə düşərək qorxu keçirirlər;
  4. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Gələcəkdə bu yolla ərazilərimizə müdaxilə etmək istəyən hər hansı texnikanın və canlı qüvvənin qarşısı müvəffəqiyyətlə alınacaqdır;
  5. Azad edilən ümumilikdə 11 min hektara yaxın ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə ,dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmin ərazilərdə həm taxılçılıq, üzümçülük, həm də maldarlıq, qoyunçuluq və arıçılığın inkişaf etdirilməsi üçün münbit şərait vardır;
  6. Düz 26 ildir ki, düşmən nəzarətində olan Günnüt kəndi işğaldan azad olunub və kənd sakinləri doğmalarının, əcdadlarının məzarlarını, həm də yurd yerlərini ziyarət ediblər. Günnütlülər üçün yaxınlarının, doğmalarının məzarını ziyarət edə bilməmək və doğma yurdlarına həsrət qalmaq çox ağır idi. Ordumuzun gücü sayəsində bir kəndin, bir elin, bir obanın, bir yurdun sakinləri 26 il həsrət qaldığı dədə-baba ocağına qovuşdu. Doğma yurdun torpağının bir qarışı belə dəyərlidir, uğrunda ölməyə dəyər;
  7. Azərbaycan Ordusunun həm 2016-cı ilin aprelindəki uğurlu əməliyyatı, həm də 2018-ci il may ayında Günnüt əməliyyatı ermənilərdə ruh düşkünlüyü yaratmış və onlar Ermənistan hakimiyyətini bacarıqsızlıqda ittiham etməyə başlamışlar. Ermənilər gec-tez işğal etdikləri ərazilərdən qovulacaqlarını artıq başa düşürlər.

Hazırda Günnüt kəndinin sakinləri sevinc içindədir. Onlar kəndə köçəcəkləri günü səbirsizliklə gözləyirlər. Azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra kəndin ən müasir şəkildə bərpa olunacağı şübhəsizdir. 26 illik Günnüt həsrəti tezliklə sona çatacaq və Günnütlülər bundan sonra öz doğma yurdlarında ocaqlarını yandıracaqlar. Bütün bu uğurlu əməliyyatların arxasında isə sözsüz ki, Dövlət başçımızın iradəsi və  Azərbaycan ordusunun qüdrəti dayanır.

Yaşasın Azərbaycan Ordusu!

Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!

AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat”şöbəsinin

aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru

Əpoş Vəliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: