NASA Yerlə toqquşması ehtimal olunan asteroid üzərində tədqiqat aparacaq

85

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) 2016-cı ilin sentyabrında kosmosa göndərdiyi “Osiris-Rex” zondu “Bennu” asteroidinə yaxınlaşıb və bu göy cisminin səthindən götürülən nümunələri Yerə çatdıracaq.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, Günəş sistemində ən böyük ulduzdan Yerə qədər eyni məsafədə olan bu asteroidin təxminən 166 ildən sonra planetimizlə toqquşacağı ehtimal olunur. Astronomlar “Bennu”nun sərt qaya şəklində olan süxurlarının tərkibində müxtəlif mineralların olduğu qənaətindədir. Əvvəllər aparılmış tədqiqatlar göstərib ki, Yerlə toqquşan asteroid və meteoritlərin tərkibində həyat əlaməti olan su da olub. “Bennu”nun səthinin öyrənilməsi məhz bu baxımdan əhəmiyyətlidir.

Alimlərin hesablamalarına görə, bu asteroidin Yerlə toqquşacağı ehtimalı 2,700-də bir təşkil edir. NASA-nın kataloqunda “Bennu”nun planetimizə 72 il yaxınlıqda olduğu da qeyd olunub.

NASA-nın məlumatında bildirilir ki, “Osiris-Rex” astronomlara asteroiddə radiasiya səviyyəsini ölçməyə də imkan verəcək. Bundan başqa, “Bennu”nun aldığı Günəş enerjisi sayəsində hər altı ildən bir Yerə daha çox yaxınlaşdığı da müəyyən olunub. Missiyanın sözçüsü Erin Morton vurğulayıb: ”2020-ci ildə bu asteroiddən götürüləcək nümunələrin tədqiqi bizə qarşıdakı 150 ildə onun planetimizə təsiri barədə daha aydın məlumatlar əldə etməyə kömək edəcək.

Alimlər onu da qeyd ediblər ki, “Bennu” asteroidinin 2135-ci ildə yerə daha yaxın məsafədə – 250 min mil uzaqlıqda olacağı ehtimal edilir. “Osiris-Rex” kosmik zondu dekabrın sonunda asteroidin 1,2 mil yaxınlığında uçacaq və obyektin qravitasiya sahəsinə daxil olacaq. 2020-ci ilin iyulunda isə “robot qol” vasitəsilə “Bennu”nun səthindən nümunələr götürüləcək. Bu missiyanı başa çatdıran zond 2023-cü ilin sentyabrında Yerə istiqamət alacaq və paraşütlə ABŞ-ın Yuta çölünə enəcək.

NASA-nın elmi missiya bölməsinin əməkdaşı Lindli Conson bildirib ki, hazırda asteroidin Yerə yönəlməsi istiqamətini dəyişmək üçün işlər davam edir və onun planetimizlə toqquşmasının qarşısını almaq məqsədilə əlavə tədbirlər görüləcək. “Lakin bu səylərin uğurla nəticələnməsi 2135-ci ildə “Bennu”nun Yerə hansı məsafədə yerləşməsindən asılı olacaq. Bizim, həmçinin gələcək nəsillərin öhdəsinə düşən vəzifə isə müşahidələr aparmaq və gözləməkdir”, deyə astronom əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: