Naxçıvanda bu payız 32 min hektar sahədə taxıl əkiləcək

277

Payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 2019-cu ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 32 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu məlumat Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə səsləndirilib.

Kənd təsərrüfatı naziri Bəhruz Bayramov məruzə ilə çıxış edərək bildirib ki, muxtar respublikada taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük və digər sahələrin inkişafı stimullaşdırılır, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ailə-fermer təsərrüfatlarında innovasiyaların tətbiqi, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir. Bunun nəticəsidir ki, toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların ödənilməsi, yanacaq-sürtkü materiallarına görə verilən yardımların 25 faiz artırılaraq 50 manata çatdırılması, istifadə olunan gübrələrin və herbisidlərin 70 faizinin pulsuz verilməsi, satılan texnikaların dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara güclü stimul verib.

Nazir qeyd edib ki, şum aparılması, taxıl səpini işlərinin mütəşəkkil və optimal müddətdə təşkili üçün nazirliyin texniki nəzarət və aqroservis sektoru tərəfindən texnikaların sazlığı vəziyyəti öyrənilib, ehtiyat hissələrinin alınıb gətirilməsi və sahibkarlara çatdırılması üçün tədbirlər həyata keçirilib. Hazırda muxtar respublikada 1957-si yeni olmaqla, ümumilikdə, 3167 kənd təsərrüfatı texnikası mövcuddur ki, ondan 138-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazalarının, qalan 3029-u isə sahibkarların xüsusi mülkiyyətindədir. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 934 təkərli, 103 tırtıllı traktor, 105 taxılsəpən, 409 kotan, 55 çizel və şırımaçan, 38 toxumtəmizləyən, 306 lafet saz vəziyyətə gətirilib.

“Payızlıq taxıl əkininin aparılması üçün bizə 6000-6500 ton toxum lazımdır. Hazırda muxtar respublikada fəaliyyət göstərən 5 toxumçuluq təsərrüfatında 422 tondan çox toxum təmizlənib və bu işlər davam etdirilir”- deyən nazir diqqətə çatdırıb ki, bundan əlavə, Azərbaycanın digər rayonlarının toxumçuluq təsərrüfatlarından muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun elit və I reproduksiyalı buğda və arpa toxumlarının gətirilməsi nəzərdə tutulur.

Heyvandarlıq təsərrüfatı haqqında məlumat verən kənd təsərrüfatı naziri bildirib ki, iribuynuzlu, xırdabuynuzlu heyvanların, quşların və arıların qışlaması ilə əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən yerlərdə maarifləndirici tədbirlər keçirilir.

Qeyd olunub ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında verilmiş tapşırıqların icrası ilə bağlı nazirliyin tədbirlər planı təsdiq edilib və icrası diqqət mərkəzində saxlanılır.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: