Naxçıvandakı inkişafı görməmək nankorluq və mənəvi korluqdur

Belə inkişafa qara yaxmaq ləyaqətsizlikdir

1820

Bu yazını bir jurnalist kimi yox, bir vətəndaş kimi yazmağı özümə borc bilirəm.  Bu günlərdə Naxçıvanla bağlı qərəzli şəkildə dərc olunan müsahibələri oxuyanda insanın inanmağı gəlmir ki, belə  sərsəmləməni   ağlı başında olan bir “siyasətçi” yaza bilər. Axı bu qədər nadanlıq olmaz! Hələ bu azmış kimi  yazılar utanmazcasına sosial şəbəkələrdə də paylaşılır. Və ömründə Naxçıvana ayaq basmayan və  şərşamata yaxmağa meylli olan bəzi kəslər də belə yazılara dəstək verir, guya “müsahibə verən” şəxsin  haqlı olduğunu bildirirək alqışlayırlar.  Bütün bunlar  bu gün sosial şəbəkələrdə söz savaşında, mübarizəsində həssas və diqqətcil oxucuya hörmətsizlikdir.  Ona görə hörmətsizlik ki, bu yazıları Gəncədə, Tərtərdə, Salyanda və digər bölgələrimizdə, elə xaricdə yaşayan həmvətənlərimiz də oxuyur. Onların təsəvvüründə Naxçıvan kəndlərinin  müharibə vəziyyətində olmasını yaratmaq  vallah vicdansızlıqdır, görülən işlərə düşməncəsinə qara yaxmaqdır.  Naxçıvan 27 ildir ki, blokada şəraitində yaşayır.  Dəmiryolumuz işləmir, quru yolumuz qoruq-qadağalı, mərkəzdən də çox uzaqdayıq. Ancaq buna baxmayaraq Naxçıvan sabaha inamla baxa-baxa yaşayır, burada abadlıq və quruculuq işlərinin vüsəti gündən-günə surətlənir.   Bu, torpağa qəlbən bağlılığın və ona sahibliyin  ifadəsidir. Naxçıvanda hər kəs qanunun aliliyi qarşısında məsuliyyət daşıyır və həmin qanunlara riyazi dəqiqliklə əməl edilir. Bu yazılanları burda fəaliyyət göstərən jurnalistlər deyil, bura  hər il gələn yüzlərlə turist öz qeydlərində Naxçıvanda insanların rahat yaşamasını, sabitliyi xüsusi vurğulayırlar.  Bu gözəlliklərlə isə hamılıqla öyünməyə və qürurlanmağa dəyər. Yəni sizin də.  Çünki bu torpaq hər birimizindir-mənim də, sənin də, onun da...  Bəs necə oldu ki, çox da uzaq olmayan keçmişdə  Naxçıvanda həyata keçirilən tədbirlərdən ağızdolusu bəhs edirdiniz.  Nə oldu bir ilə  Naxçıvan kəndləri müharibə vəziyyətinə düşdü?

Bu gün Naxçıvandakı iqtisadi və sosial inkişafı görməmək nankorluq və mənəvi korluqdur.   Naxçıvana ürəyi, qanı ilə bağlı olan, bu ana torpağı sevən hər bir kəs bölgənin inkişafı üçün bacardığını etməli, bunu etməyi bacarmayanlar isə blokada şəraitində yaşayan, qurub-yaradan insanlara heç olmasa mənəvi dayaq olmalıdır. Görən bu insan  öz kəndində hansı bir yaralı barmağa bir dərman sürtüb? Naxçıvanın soyuğundan, istisindən uzaqda oturub Naxçıvan haqqında belə bir müsahibə verəndə vicdanınız sızladımı? Təkrar xatırlatmaq istəyirəm: biz blokada şəraitində yaşayırıq, düşmənlə sərhəddəyik. Siz isə düşmənlərə yem verirsiniz, onların  dəyirmanına su tökürsünüz. Bunu adı isə XƏYANƏTdir.    Sizin etdiyiniz bu hərəkətlər Mirzə Ələkbər Sabirin “Millət deyir” taziyanəsində bircə beyti xatırladır:

“İntelegent ağalar, biz sizi çoxdan tanırıq,

Bilirik sizdə bu gün qeyrəti millət yoxdur”

Hə, bir də onu da qeyd  edim ki, sosial şəbəkələrdə sizin yazınızı məntiqsizlik və qərəzli mövqe kimi dəyərləndirirlər. Ona görə ki, qeyd edirsiniz ki,  bu gün kəndlərimizdə ağsaqqallar və ağbirçəklər yaşayır. Bu, o deməkdir ki, bu torpaqda Vətənini sevən, bu yurda bağlı olan insanlar yaşayır. Bununla isə fəxr etmək olar.    Digər tərəfdən, əgər körpə uşaq burda yaşayırsa, deməli onun bu torpaqda yaşayan gənc valideynləri də vardır.  

Və bir də unutmayın hörmətli “millət vəkilimiz”:

Hər şey gəldi-gedərdi

Vəzifədən sallanmayaq.

Vəzifəni xalq üçün

İşlədəni alıqşlayaq.

 

                                               

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: