Vasif Talıbov qurub-yaratsın, siz də “masabəyilik” edin...

1305

Biz birinci sinifdə “Əlifba” kitabındakı “Lenin əziz babamız” şeirini əzbərləyib şövqlə müəllimə danışıb “5” alandan bir il sonra Sovet İttifaqı “yoxa çıxdı”.  90–cı illər isə yaddaşımıza müharibə, aclıq, soyuq və şaxta, yoxsulluqla yazıldı. Buz kimi adamı kəsən şaxtalarda soyuq  siniflərə kitab-dəftərsiz, yamaqlı corab və şalvarla getdiyimiz günlər də az olmadı. Buzqovdan, Şadadan, Sədərəkdən hər gün gələn şəhid xəbərləri isə uşaq yaddaşımızın bir küncündə indi də sızım-sızım sızıldayır...

Bu, Naxçıvanın bu günlərdən daha aydın gördüyümüz dünəni idi... Hamımızın yaşadığımız, düşünəndə içimizi göynədən dünəni...

Blokadanın caynağında böyük mübarizə əzmi

Dünən demişkən, dünən-fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Qabıllı kəndində Naxçıvanda sayca üçüncü Günəş Elektrik Stansiyasının açılışını etdi. Biləsiniz ki, Naxçıvan özünün enerjiyə olan tələbatının 65 faizini son illər tikilən alternativ və bərpa olunan elektrik stansiyaları hesabına ödəyir. Bu, hətta Avropada belə ən yaxşı göstərici hesab olunur. İndi qədim diyar təkcə özünün enerji təhlüksəziliyini deyil, ərzaq təhlükəsizliyini də tam təmin edib. Hətta bir günün içində İrəvanı belə “şumlamağa” qadir olan ordu yaradılıb. Özü də, qırıcı təyyarələrindən tutmuş, uzaqvuran artilleriya və zenit-raket komplekslərinə qədər...

Görən görür, bilən də bilir ki, son 20 ildə Naxçıvanın hər qarışı abadlaşıb, modern asfalt zavodlarının hesabına yeni yollar çəkilib, yüzlərlə istehsal və xidmət sahələri yaradılıb, müasir suvarma şəbəkələri qurulub, 10 minlərlə yeni iş yerləri açılıb, hətta ən ucqar kəndlərdə belə ən müasir məktəblər tikilib, elmi mərkəzlər, universitet kampusları qurulub, ucqar dağ postlarına belə qaz xətti çəkilib, yüzlərlə tarixi abidə bərpa edilərək ikinci ömrünü qazanıb. Əhalinin sayı artaraq 456 min nəfərə çatıb. 2018-ci illə müqayisədə 3,3 min nəfər artım var. Naxçıvanda indi sementdən tutmuş, dam örtüyünə, mebelə, alçıpana, kərə yağına, şəraba, günəş enerjisinə, minik avtomobilinə, hərbi texnikaya qədər istehsal edilir. Bu istehsal müəssisələrində minlərlə sakin çalışır. 350 növ məhsula olan təlabat yerli istehsal hesabına ödənilir. Artıq 10 ildir ki, muxtar respublikada ixrac idxalı üstələyib. Müsbət saldo hər il artan templə irəliləyir.

Və əlbəttə ki, hələ sadalamadığım yüzlərlə uğurlu göstəricilər bir zaman Azərbaycanın xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalan və 30 ildir ki, blokadanın caynağında böyük mübarizə əzmi göstərən bir diyarda əldə olunub (Müasir Naxçıvanı bu linkdən izləyin: )

Təbii ki, kənardan baxana döyüş həmişə asan gəlib

Naxçıvan inkişaf edib çiçəkləndikcə bu inkişafa kölgə salmaq, bulanıq suda balıq tutmaq cəhdlərini də həmişə görmüşük. Necə ki, bu günlərdə bir sıra saytlarda yayımlanan “Naxçıvanda kəndlərə girəndə elə bilirsən müharibədən çıxıblar” sərlövhəli müsahibə kimi. Müsahibə ilə tanış olan ən sadə  oxucu da  bilir ki, müsahibəni verən ( ad çəkməklə kimlərisə gündəmə gətirmək istəmirəm. Çünki məqsədləri zatən odur)  Naxçıvan “kartından” istifadə etməklə gündəmə gəlməyə çalışır. Naxçıvanın müxtariyyət statusu, sosial-iqtisadi inkişafı, idarəetməsi, əhali artımı, regionlarının, o cümlədən kəndlərinin müasir vəziyyəti və inkişaf perspektivləri ilə bağlı reallıqdan uzaq, populist və absurd fikirlər səsləndirir.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov (məqaləni bu linkdən oxuyun:), Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Ali Məclisin deputatı Anar İbrahimov (məqaləni bu linkdən oxuyun:) da öz məqalələrində mövzuya ətraflı toxunduqlarından mən yalnız Naxçıvan kəndləri ilə bağlı səsləndirilən fikirlərin üzərində dayanacam.

Müsahibədə deyilir: Naxçıvanın, demək olar, bütün kəndləri eyni vəziyyətdədir... Çayxanalar, mağazaların çoxu bağlatdırılıb, kənd yerlərində, məsələn, Əbrəqunusda təqaüdçülər evi dağılıb, kitabxana, klub, xəstəxana uçub, getdikcə istifadəsiz hala düşən şərab zavodları dağılıb. Həmin yerləri insanlar, görünür, şərtlər ağır olduğundan götürüb, nəsə tikmirlər, qurmurlar. Kəndin mərkəzinə girəndə xarabalıqla qarşılaşırsan. Elə bilirsən, müharibədən çıxıb. Ağsaqqallar əksər hallarda qaz borularının üstündə oturub dərdləşirlər. Özü də, təkcə bizim kənddə belə deyil...

Tarlada izi olmayanın, süfrədə üzü olmaz

Naxçıvanda ən azı bir dəfə olan, hətta internetdən, televizordan da bir dəfə görən bilir ki, indi Naxçıvanda abad olmayan kənd demək olar  qalmayıb. Naxçıvanın digər kəndləri kimi, elə müsahibin bəhs etdiyi Culfanın Əbrəqunus kəndinə də müasir yol çəkilib, məktəb, həkim ambulatoriyası, kənd mərkəzi, xidmət mərkəzi, məscid tikilib, kiçik emal və istehsal sahələri qurulub. Yüzlərlə hektar əkilməyən torpaq əkin dövriyyəsinə qatılıb. Kənd sakinlərinə lizinq yolu ilə onlarla texnika verilib, bunun da hesabına yeni ailə təsərrüfatları qurulub.  (Mənə inanmırsız, internetdə "Əbrəqunus kəndi" yazıb, axtarış verin, özünüz görəcəksiniz. 2017-ci ildə Naxçıvan televiziyasının Əbrəqunusdan hazırladığı süjetdə kənd sakinləri də kəndin müasir inkişafı və aparılan quruculuq işlərindən ağızdolusu danışırlar.  Buyurun, həmin sujeti bu linkdən izləyin :)

Bu yerdə bir haşiyə çıxıb atalarımızın gözəl bir sözünü yada salmaq istərdim: Tarlada izi olmayanın, süfrədə üzü olmaz. Mən başa düşə bilmirəm ki, öz kəndinə, obasına, hətta qapısının ağzına indiyəcən bir ağac əkib suvarmayanlar hansı haqla görülən bu qədər işə kölgə salmağa, qaranlıq otaqda qara pişik tutmağa çalışırlar?! Şəxsən mən “səngərdə döyüşmək” əvəzinə işlərini müsahibə veməklə, “tankın üstündə” şəkil çəkdirib paylaşmaqla bitmiş hesab edənlərin nə istədiyini heç cür başa düşə bilmirəm...

Məsələn, təkcə Nehrəm kəndində son 3 ildə gön-dəri istehsalı sahəsindən tutmuş, daş emalı, plastik tara, quşçuluq, maldarlıq, böyük üzümçülük təsərrüfatına qədər möhtəşəm istehsal sahələri qurulub. Bəlkə kimsə düşünür ki, Naxçıvan kəndlərində kopyuter, telefon fabrikləri açılmalıdır?! İqtisadayyatdan az-çox başı çıxanlar bilir ki, istehsal ilk növbədə, yerli xammala əsaslandıqda lazımi nəticə verir. Şübhəsiz ki, xammal da bizim bərəkətli torpaqlarımızın məhsullarıdı. Kəndlərimizdə qurulan istehsal sahələri də həmin yerli xammala əsalanır, bu hesaba yüzlərlə iş yeri açılır.

Həmin müsahibədə deyilir ki, Naxçıvanda işsizlik problemi var və ona görə də əhali buranı tərk edir. Bildirim ki, təkcə 2018-ci ildə muxtar respublikada 2024 iş yeri açılıb. Təkcə dövlət qulluğuna sonuncu qəbul imtahanlarına 700-ə qədər vakant vəzifə çıxarılıb. Bilin ki, bu gün Naxçıvanda iş problemi yoxdu, bəzi adamların iş bəyənməmək, zəhmətə qatlaşmamaq problemi var: Ver yeyim, ört yatım, gözlə, canım çıxmasın... Ona görə də indi bəzilərinin səsi qonşu ölkələrin “gecəqondu”larından gəlir.

Təklif xatirinə təklif vermək kimə lazımdı?!

Həmin müsahibələrindən sonra seçicilərin və Naxçıvan sakinlərinin ciddi arqumentli faktları ilə üz-üzə qalan müsahib sonrakı müsahibəsində iddia edir ki, mən müsahibəmdə Naxçıvanın inkişafı ilə bağlı yalnız təkliflər səsləndirmişəm. İndi mənə maraqlıdı,  Milli Məclisin komissiyalarındakı müzakirələr, iclaslar dura-dura deputatların təklifləri mətbuatdan niyə səslənir?!

Təbii ki, məqsəd başqa  cür görünür: Nə yoğurmaq, nə yapmaq, hazırca kökə tapmaq! Üstəlik, Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasını elə dəqiqliklə idarə edir və çiçəkləndirir ki, açığı, kiminsə təklif xatirinə verdiyi təklifə də heç bir ehtiyac duyulmur!

Uzun sözün qısası, min illər boyunca biz Naxçıvanı həm daxildən, həm də xaricdən sarsıtmağa çalışan qüvvələrlə qarşılaşmışıq. Amma bu diyar doğma Azərbaycanımızın vuran ürəyi kimi daim qorunub və yaşayıb. Yanıb kül olub, ancaq o küllərin içindən yenidən boy verib. Elə bu gün də öz yolu ilə gedir, nə “masabəyilik” edənlərə əhəmiyyət verir, nə müsahibə verənlərə, nə də ki, sosial şəbəkələrdə “layk” dalına düşüb təngənəfəs olanlara...

Gəlin, heç kim unutmasın ki, ulu öndər Heydər Əliyev 1990-cı illərdə  Naxçıvanı qoruyub yaşatdı. Həmin vaxt Azərbaycan o zamankı yarıtmaz hakimiyyətin ucbatından vətəndaş müharibəsi, xaos və anarxiya girdabına yuvarlanmışdı... Prezident cənab İlham Əliyev və Ali Məclisin Sədri cənab Vasif Talıbov isə ulu öndərin yoluna sadiq qalaraq Naxçıvanı inkişaf etdirib çiçəkləndirdilər. Bu siyasi kurs olmasaydı, indi bəziləri nəinki Naxçıvanın “problemlərindən”, bəlkə də heç özündən də danışa bilməyəcəkdilər. Bu gün Naxçıvan “İslam mədəniyyətinin paytaxtı”, ölkəmizin “Gənclər paytaxtı” seçilən, özünü bütün dünyaya mühüm  turizm mərkəzi kimi təqdim edən, güclü iqtisadiyyatı, ordusu, vətənpərvər və intellektli gəncliyi, sabitlik və təhlükəsizliyi olan bir diyardır. İllik investisiya reytinqinin ölkə üzrə ikinci dəfə lideridir.  

Qabıllını “Google map”də axtaranlar

Mən yazının əvvəlində ötən gün Kəngərli rayonunun Qabıllı kəndində ən müasir Günəş Elektrik Stansiyasının istifadəyə verilməsini boşuna xatırlatmadım. Sizi inandırım ki, bu gün işi-gücü “tamadalıq” olanların çoxundan Qabıllı kəndi barədə soruşsanız, tez “Google map”a baxacaqlar ki, görsünlər kənd hardadı. Amma bu gün Azərbaycan dövləti, Ali Məclisin Sədri Vasif Talıbov heç bir fərq qoymadan ən ucqar kəndlərdə belə mühüm sosial və iqtisadi layihələr reallaşdırır. Bir az obrazlı desək, Ali Məclis Sədrinin Naxçıvan kəndlərindəki açılışlarda kəsdiyi qırmızı və mavi lentlərdən “Naxçıvan kəndləri xarabalığı xatırladır”,- deyən günümüzün “masabəyilərinə” yüzlərlə dəst toy kostuyumu biçmək olar.

Nəsə ki, görünən nə dağa, nə də ki, kəndə bələdçi lazım deyil... Siz danışın, müsahibə verin, real işlər görmək əvəzinə, iş görənlərin də əl-ayağına dolaşın. Eybi yox, necə olsa da karvan keçib gedir, dayanmır...

PS. Yazdıqlarım mənim içimdən, ürəyimdən gələndir. Bu, mənim birinci vətəndaş, ikinci də jurnalist mövqeyimdir. Kimsə bunu rəsmi mövqe kimi qələmə verməyə çalışmasın!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: