Müasir Naxçıvanın xoşbəxt uşaqları - FOTOLAR

Jurnalist Sara Əzimova yazır

831

Hər səhər evdən işə gedərkən qarşılaşdığım, gözəl və səliqəli məktəbli formasında dərsə tələsən uşaqlar... Valideynlərinin əlindən tutub onları suallarla yoran balaca fidanlar... Onları gördükcə uşaqlığım gözlərimin önündə canlanır. Heç bir zaman geri qayıtmağını istəmədiyim uşaqlıq... Heç bir zaman unutmadığım, Naxçıvan şəhərindəki internat məktəbində oxuduğum o çətin illər. Qış günlərində neft sobaları ilə qızdırılan sinif otaqları. Neft iyi, qapqara olan paltarlarımız...

Heç yadımdan çıxmaz, müəllimimiz bizə “Bizim şəhər” adlı inşa yazmağı tapşırdı. Həmin gün lampa işığında ağ vərəqə nə yazacağımı saatlarla düşündüm. Boynu­bükük şəhərimdən nə yazım? Toz-torpaq içində itib-batan şəhərimi necə təsvir edim? Parklardakı köhnədən qalmış uşaq əyləncə qurğularına həsrətlə baxdığımızı necə qələmə alım? Tozlu və kələ-kötür yollara tab gətirməyən ayaqqabılarımızı görəndə körpə ürəyimizin necə parçalandığını hansı sözlərlə ifadə edim? Bunları yaza bilmədim. Amma nə yaxşı ki, o dövrdə uşaqlığımızın çətinliklərini qələmə alan cəsarətli naxçıvanlı jurnalistlər olub.

“Şərq qapısı” qəzetinin 30 mart 1994-cü il tarixli nömrəsindəki cümlələri ürəkağrısı ilə oxuyuruq: “Ömrümüzün müharibəsiz çağlarında “Uşaqlar gələcəyimizdir” deyib uşaq ili elan edər, uşaq tərbiyə müəssisələrində, məktəb və məktəbdənkənar tərbiyə ocaqlarında sırf uşaqlar üçün nəzərdə tutulan tədbirlər keçirər, maraqlı müsabiqələr təşkil edərdilər. Hər il musiqi, rəssamlıq, bədii qiraət, şahmat, dama və sair üzrə neçə-neçə istedadlı yeniyetmə aşkar edilib üzə çıxarılardı. Bu da təbii haldır ki, müharibə gedən ölkədə dinc qurucu­luq illərinin ab-havası hökm sürə bilməz. Müharibənin öz qanunları var. Lakin acı və dəhşətli müharibə qanunlarından da irəli olan müqəddəs qanunlar var: gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi, sağlamlığı, istedad və bacarığının məhv olmaması qanunları! Təəssüf hissi ilə demək lazımdır ki, bu gün uşaqlara, yeniyetmə və gənclərə dövlət səviyyəsində qayğı və diqqət unudulub. Artıq 3-4 ildir ki, uşaq tərbiyə müəssisələrində balacaların istirahət və tərbiyəsi üçün lazımi şərait yoxdur. İstilik və işığın olmaması üzündən bağçalar tez-tez bağlanır. Valideynlər yüksəkkalorili ərzağın çatışmaması üzündən övladlarını bağçaya vermirlər”.

25 il bundan əvvəl ürəkağrısı ilə qələmə alınan bu fikirləri oxuduqca düşünürsən ki, uşaqların belə bir vəziyyətdə yaşadığı məmləkətin gələcəyi ola bilərmi? Nə yaxşı ki, o ağır illər çox uzun çəkmədi. XX əsrin sonları və XXI əsrin əvvəllərində Naxçıvanda uşaqlar üçün bütün imkanların yaradılmasına start verildi. Bu gün muxtar respublika əhalisinin 163 min 281 nəfəri uşaqdır. O uşaqlar ki, həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “İnsan həyatında uşaqlıq, gənclik dövründən gözəl dövr yoxdur. Bu dövrdən maksimum səmərəli istifadə edilməlidir. Uşaqlıq və gənclik dövründə boş və mənasız keçirilən hər gün sonradan böyük itkilərə gətirib çıxara bilər. Bütün imkanlardan səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm ölkə, həm də xalq üçün faydalı olsun”. 

Gələcəyimiz olan uşaqlara böyük nikbinliklə baxan Ali Məclisin Sədri “Uşaqları qorumaq, onları müdafiə etmək hər bir dövlətin qarşısında duran əsas vəzifədir” ideyasını rəhbər tutaraq böyük bir xeyirxahlıq missiyasını həyata keçirir. 
“Sağlam uşaq olmadan sağlam cəmiyyət ola bilməz” devizi ilə muxtar respublikada həyata keçirilən tədbirlərin miqyası genişdir. Bu gün ucqar dağ kəndlərimizdə belə, tibb ocaqları üçün yeni binaların tikilməsi və ya əsaslı təmir olunması, səhiyyə ocaqlarında uşaq şöbələrinin yaradılması, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının müasir tələblər səviyyəsində yenidən qurulması, Doğum Mərkəzi üçün yeni binanın inşası, Şərur Rayon Uşaq Xəstəxanasının yaradılması, bütün bu tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi ülvi bir məqsədə xidmət edir: analarımızın və uşaqlarımızın sağlamlığını qorumaq. Nəticədə, son illərdə 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salıb. Təkcə bir faktı qeyd edim ki, 2002-ci ildə 138 sağlamlıq imkanı məhdud uşaq dünyaya göz açmışdırsa, 2018-ci ildə bu rəqəm 1 olub. 

1994-cü ildə “Şərq qapısı” qəzetində dərc olunan “Şagird dəftər istəyir” adlı məqalədə normal məktəb binasına, bir dəftərə, bir qələmə həsrət qalan uşaqların vəziyyəti ilə bağlı acı reallıqlar ürək ağrıdır. Bu gün həmin uşaqların övladları gözəl bağçalarda tərbiyə alır, müasir məktəblərdə oxuyurlar. Bu gün uşaqlar 25 il bundan öncə dərc olunan yazıda ürəkağrısı ilə qələmə alındığı kimi “küçələrdə alverçiliklə” məşğul deyil. İndi uşaqların yeri müasir məktəb binaları, uşaq bağçaları, şahmat mərkəzləri və digər məktəbdənkənar müəssisələr, idman kompleksləri, üzgüçülük mərkəzləridir. Bütün bunlara görədir ki, muxtar respublikada pis vərdişlərə meyilli, “ağ ölüm”ün qurbanı olan, dərsdən yayınan, hüquq pozan və 18 yaşına qədər cinayət hadisəsi törədən uşaq yoxdur. Bu gün Naxçıvanda 30 minə yaxın uşaq və gənc idmanla məşğul olur. Ötən illər ərzində qayğı və diqqətlə əhatə olunan o uşaqlar bugünkü 19-23 yaşlı gənclərdir. Onlar muxtar respublikamızı həm ölkəmizdə, həm də xarici dövlətlərdə layiqincə təmsil edirlər. Bir faktı qeyd edim: 2018-ci ildə keçirilən ali məktəblərə qəbul imtahanlarında 331 abituriyent 500-700 intervalında yüksək nəticə göstərib. Müqayisə üçün qeyd etmək olar ki, 1995-1996-cı tədris ilində bu göstəricini 5 nəfər əldə edib. 

Xüsusi olaraq qeyd edilməlidir ki, uşaqlar dövlət uşaq müəssisələrinə 3 əsas səbəbdən düşürlər: yoxsulluq, ailənin dağılması və əlillik. Muxtar respublikada iqtisadiyyatın sürətli inkişafının, sosial sahələrə diqqətin artırılmasının, yeni iş yerlərinin açılmasının, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşmasının, aztəminatlı ailələrə göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının nəticəsidir ki, dövlət uşaq müəssisələrində dövlət himayəsində təlim-tərbiyə alan uşaq yoxdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “İstedadlı nəsil – parlaq gələcək deməkdir”. Muxtar respublikada fəaliyyət göstərən Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası, Uşaq Kitabxanası kimi mədəniyyət ocaqları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, şahmat məktəbləri və onlarla digər məktəbdənkənar tərbiyə müəssisələri bu baxımdan mühüm əhəmiyyət daşıyır. İstedadlı uşaqların aşkara çıxarılması üçün müxtəlif tədbirlər, bilik və yaradıcılıq müsabiqələri, sərgilər, idman yarışları keçirilir. İstedadlı uşaqların adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər. 

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar da hərtərəfli qayğı ilə əhatə olunublar. Bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası üçün lazımi şərait yaradılıb, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilib. Uşaq Bərpa Mərkəzinin də fəaliyyəti gücləndirilib. Demək olar ki, muxtar respublika uşaqların reabilitasiyası üçün hər cür imkanlara malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqlar distant təhsilə cəlb olunur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq muxtar respublikamızda qeydiyyatda olan sağlamlıq imkanları məhdud uşaqların xəstəliklərinin gələcəkdə aradan qaldırılması istiqamətində təhlillər aparılır, rayon və kənd mərkəzlərində belə xəstəliklərin qarşısının alınması ilə əlaqədar qadınlar arasında maarifləndirici tədbirlər həyata keçirilir.

Deyirlər, uşaq gülürsə, demək, bəşəriyyət gülür. 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində də dünyaya çatdırmaq istəyirik ki, müasir Naxçıvanın uşaqları xoşbəxtdir. Onların yaşadığı məmləkətdə sabitlik hökm sürür. Naxçıvanda uşaqlara ən qiymətli sərvət kimi dəyər verilir.

Sara Əzimova
jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: