Hava limanı Naxçıvana hava qədər lazımdır

1006

Düşünürəm ki, hava nəqliyyatının Naxçıvan üçün nə dərəcədə mühüm əhəmiyyətə malik olmasından danışmaq, ətraflı təhlil aparmaq yersiz olar. Çünki hər kəs Naxçıvanın ölkəmizin əsas hissəsi ilə nəqliyyat əlaqələrinin kəsilməsi fonundan baxdıqda bu həqiqəti daha aydın dərk etmiş olar. Və hamı da yaxşı bilir ki, muxtar respublikanın inkişafının ən xarakter cəhətlərindən biri elə blokadanın yaratdığı çətinliklərin mərhələ-mərhələ aradan qaldırılmasıdır. Ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması, sosial-iqtisadi inkişafın ahəngdar sürətdə davam etdirilməsi, nəqliyyat əlaqələrinin, xüsusilə mülki aviasiyanın inkişafı sahəsində görülən işlər istər muxtar respublika əhalisi, istərsə də gələn qonaqlar tərəfindən böyük məmnunluqla qarşılanır. Bir sözlə, Naxçıvanda blokada anlayışı yaşadığımız real həyat tərzindən çox-çox arxada qalıb. Hətta belə desək daha düzgün olar ki, unudulub.

Bu yazıda Naxçıvanda hava nəqliyyatının inkişafı tarixinə qısa nəzər salmaq istəyirəm. Ötən əsrin 90-cı illərinin əvvələrində Naxçıvanın ölkəmizin əsas hissəsi ilə yeganə əlaqəsi ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə tikdirdiyi hava limanı vasitəsilə həyata keçirilirdi. 1990-1993-cü illərdə dahi şəxsiyyət Naxçıvanı işğaldan qorumaqla yanaşı, həm də blokadanın yaratdığı çətinliklərin aradan qaldırılması sahəsində mühüm işlər görürdü. Naxçıvan hava limanının uçuş-enmə zolağının ilk dəfə yenidən qurulması, hava nəqliyyatının imkanlarının artırılması da bu dövrə təsadüf edir. Bundan sonra hava nəqliyyatı muxtar respublika üçün həyati əhəmiyyət daşımağa başlamışdır. Ulu öndər ölkəmizə rəhbərliyi dövründə də Naxçıvanda hava nəqliyyatının inkişafını diqqətdə saxlamış, bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük qayğısı nəticəsində 2004-cü ildə Naxçıvan Hava Limanına Beynəlxalq Hava Limanı statusu verilmiş, 2014-cü ildə hava limanının yeni inzibati binası, 2015-ci ildə “Şərq Terminalı”, 2016-cı ildə isə “Qərb Terminalı” istifadəyə verilmişdir.  

Ötən illərdə Naxçıvanda hava nəqliyyatının inkişafı sahəsində görülən işlərin ən mühüm cəhətlərindən biri də bu sahədə xidmətin səviyyəsinin yüksəldilməsidir. Hər kəs yaxşı xatırlayar ki, vaxtilə kababxana tüstüsündən keçilməyən, natəmizliyin baş alıb getdiyi hava limanında hansısa sərnişin xidmətindən danışmaq da yersiz idi. Lakin Naxçıvanın ümumi inkişaf mənzərəsinin dəyişməsi hava limanında da müasirləşməyə səbəb oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə mülki aviasiyanın inkişafında yeni mərhələnin əsası qoyuldu. Və bu mərhələ blokada inkişaf üçün əngəl deyil prinsipinə əsaslanan böyük quruculuq tədbirlərinin tərkib hissəsi kimi reallaşdırıldı.

Hava limanındakı yöndəmsiz tikililər yığışdırıldı, geniş quruculuq işləri aparıldı, infrastruktur tamamilə müasirləşdirildi, sakinlərin, turistlərin hava nəqliyyatından rahat və təhlükəsiz istifadəsi təmin edildi. Muxtar respublikanın davamlı inkişafı, əhalinin rifahının yaxşılaşması, turizm imkanlarının genişlənməsi hava nəqliyyatına olan tələbatı da özlüyündə artırdı. Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında yerli uçuşlarla yanaşı, beynəlxalq dəhlizlərə çıxış da təmin edilib. İstanbul və Moskva şəhərlərinə daimi uçuşlar həyata keçirilir.

Naxçıvanın qışı çox sərt keçir. Vaxt vardı qar yağan kimi, hava limanında reyslər təxirə salınırdı, uçuşlar dayanırdı, insanlar günlərlə hava limanında gecələməli olurdular. Lakin bu gün müasir texnikaların, maşın-mexanizmlərin alınıb gətirilməsi, çətin hava şəraitinə uyğun maddi-texniki bazanın yaradılması bu problemi də aradan qaldırmışdır.

Muxtar respublikaya gələn qonaqlarda Naxçıvan haqqında ilk təəəssürat elə hava limanında formalaşır. İstər müasir infrastruktur və xidmət şəraiti, istərsə də işçilərin davranışı, hətta taksi xidmətinin nümunəvi səviyyədə təşkili təqdir olunur. Artıq Naxçıvan Beynəlxalq Hava Limanı Naxçıvanın müasir sərnişindaşıma brendi kimi formalaşıb.

Bütün bunların hamısı mərhələli şəkildə Naxçıvan Muxtar Respublikasının inkişafına, ən əsası isə insanların rahatlığına hesablanmış tədbirlər kimi daha böyük perspektivlər vəd edir.

Ölkə Prezidentinin tapşırığı ilə artan tələbata uyğun olaraq hava limanı üçün yeni uçuş-enmə zolağının inşası da Naxçıvanda hava nəqliyyatı sahəsində fasiləsiz fəaliyyətin təmin olunmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə, ən əsası isə istənilən geniştutumlu təyyarələrin rahat qəbul və yolasalınmasına imkan verəcəkdir.

Avqustun 15-dən etibarən isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarına əsasən Türkiyə üzərindən yeni hava dəhlizinin açılması bir çox cəhətdən əhəmiyyətlidir. Birincisi Naxçıvanın beynəlxalq dəhlizlərə çıxış imkanları artacaq. İkincisi yeni dəhliz vaxta və yanacağa qənaət deməkdir. Üçüncü səbəb isə bu dəhliz gələcəkdə yeni xarici reyslərin açılmasına və turist axınına töhfə verəcəkdir.

Muxtar respublika üçün Türkiyə üzərində yeni hava dəhlizinin açılması, Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının istifadəyə verilməsi bir daha təsdiq etdi ki, artıq blokada Naxçıvanda nəqliyyat əlaqələrinin inkişafı üçün də əngəl deyil.

 

Ülvi Hüseynli  

Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: