Naxçıvan qadını bu gün

1828

İngilis filosofu Stuart Mill yazırdı: “Bir sivilizasiyanın səviyyəsini ölçmək istəsəniz, orada qadının həyat şərtlərinə baxın”. Yazıma bu sitatla əbəs yerə başlamadım. Gənc olsam da, keçən əsrin 90-cı illərini yaxşı xatırlayıram. Konkret olaraq bir məqamı oxucuların da diqqətinə çatdırmaqla yazımın əsas mahiyyətinə keçəcəyəm.

Muxtar respublikanın ən böyük rayonlarından biri olan Şərura yolumuz düşəndə kəndimizin düz mərkəzində növbə ilə ağır vedrələrə su doldurub evlərinə aparan qadınları tez-tez görürdüm. Hətta vəziyyət o yerdə idi ki, suya ehtiyacı olan ailələr vedrələrə qar sularını dolduraraq əridib istifadə edirdi. İnanıram ki, bu sətirləri oxuyanda sizin də bəziləriniz o mənzərələri gözləriniz önünə gətirəcəksiniz. O günləri xatırlamayanlar da ola bilər. Mən deyərdim ki, keçən əsrin 90-cı illərindəki Naxçıvanın vəziyyəti ən çox qadınlarımıza təsir edirdi. Bu dövrdə muxtar respublikanın ali mətbuat orqanı olan “Şərq qapısı” qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizəyə qoşulmuşdu. Qadın jurnalistlərimiz də bu mübarizənin ön sıralarında fəallıq göstərirdilər. Onlar cəsarətli yazılarla çıxış edərək muxtar respublikanın qadınların düşdükləri ağır vəziyyəti ictimaiyyətə çatdırırdılar. 5 mart 1994-cü ildə qadınlarla bağlı qələmə alınan “Şadlıq günümüz olacaq” adlı yazını etinasız oxumaq mümkün deyil: “Hamının ürəyini ağrıdan belə mənzərələrin çox şahidi olubsunuz. Yolboyu qoyulmuş köşklərdə, stollarda düzülmüş cürbəcür saqqız, şokolad almaq istəyən körpə anasının əlindən tutaraq ora çəkir. Əlacsız qalan ana min-bir dillə uşağını aldatmağa çalışır, təki buradan tez uzaqlaşsın. Həmin anda ananın çəkdiyi əzab heç nə ilə ölçülə bilməz”.

Başqa bir məqalədə oxuyuruq ki, naxçıvanlı qadınlar arasında işsizlik halları baş alıb gedir: “...buna görə də bir vaxt bizə qəribə görünən alverçilik edənlər arasında qadınlarımızın sayı çoxalmışdır. Məktəbyaşlı uşaqların da dərsdən yayınaraq pul qazanmaq dalınca qaçması, yəqin ki, anaları narahat edir. Amma bütün bunlar müvəqqətidir. İqtisadiyyatımız yüksələcək, bütün vətəndaşlar kimi qadınlar da öz xoşbəxt, bəxtəvər günlərinə qovuşacaqlar”.

Bütün çətinliklərə baxmayaraq hələ 90-cı illərin əvvəllərində naxçıvanlı qadınlarımız mətbuat vasitəsiylə “Xalq sözü, haqq sözü” şüarı ilə hamını ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməyə çağırırdı. O zamanlar firəvan günlər arzulayan qadınlarımızın bu arzuya yetmələri çox uzun çəkmədi. Cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsi ilə muxtar respublikada həyata keçirilən dövlət-qadın siyasətinin əsası qoyuldu. Naxçıvan qadınının itmiş ümidləri özünə qayıtdı, inamları nurlandı. İlk tədbirlərdən biri 1996-cı ilin aprel ayında qadınların əl işlərindən ibarət sərginin açılması oldu. “Şərq qapısı” qəzetinin 24 aprel 1996-cı il tarixli nömrəsində dərc olunan “Siz çiçəkdən də gözəlsiniz” yazısının mesajı olduqca əhəmiyyətli idi. Bu, o demək idi ki, artıq qadınlarımıza öz potensialını cəmiyyətdə göstərmək üçün qol-qanad verilib. Yazıda oxuyuruq: “Neçə illərdən bəri qəlbi nisgil, qubar, narahatlıq, nigarançılıqla dolu olan qadınlar bu gün azacıq da olsa, bu aləmdən ayrılmış, xoş əhval-ruhiyyə ilə buraya toplaşmışdılar”.

1997-ci ildə “Azərbaycan qadını 21-ci əsrin astanasında” adlı beynəlxalq konfransın məhz ilk dəfə Naxçıvan torpağında keçirilməsi qadınlara və onların ictimai həyatda artan roluna yüksək qayğının əyani ifadəsi idi. 1998-ci ilin mart ayında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qadınlara ünvanlandığı təbrik qadınlarımızın böyük sevincinə səbəb oldu. 

Gəlirəm son 25 illik qısa bir zaman kəsiyində bu qədim diyarda yaşayan qadınlarla bağlı görülən işlərə. Ancaq o da var ki, bu dövr ərzində qadınların layiq olduğu səviyyədə yaşaması üçün həyata keçirilən tədbirləri bir məqaləyə sığdırmaq mümkün deyil. Zərif cinsin nümayəndələrinin sağlamlıqlarının qorunması, məşğulluqlarının təmin olunması, dövlət idarəçiliyində onların rolunun artırılması istiqamətində atılan ciddi addımlar həyatın reallığına çevrilib. Onlara hərtərəfli dəstək verilməsi, hüquqlarının yüksək səviyyədə müdafiə edilməsi hamımızı ürəkdən sevindirən və yüksək dəyərləndirilən addımlardır. Ən mühüm addımlardan biri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli ­Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması oldu. Qadınların qarşılaşa biləcəyi problemlərin aradan qaldırılmasında, onların ictimai-mədəni həyatdakı rolunun artırılmasında komitənin rolu danılmazdır. Komitə tərəfindən müvafiq dövlət proqramlarına uyğun olaraq sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan qadınlarla daim əlaqə saxlanılır, söhbətlər aparılır, onlar müvafiq peşə kurslarına, təlimlərə cəlb olunurlar.

Son illərdə komitə tərəfindən muxtar respublikanın şəhər və rayonlarında qadınların əl işlərindən ibarət sərgi-satışların təşkil olunması qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması və istedadlı qadınların üzə çıxarılmasında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə sərgilərin təşkil olunmasının əhəmiyyətini vurğulayaraq deyib: Milli dəyərlər min illər ərzində yaradılır və nəsildən-nəslə ötürülərək yaşadılır. Milli dəyərlərin əsas yaradıcıları və yaşadanlar isə qadınlardır. Ölkədə sabitlik varsa, ailə dəyərləri qorunursa, qadınlar cəmiyyətin müxtəlif sahələrində təmsil olunurlarsa, o zaman milli dəyərlər də yaşayacaqdır. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən hadisələr digər sahələrlə yanaşı, milli dəyərlərin də qorunub-yaşadılmasına imkan vermirdi. Bu sahə ilə məşğul olan qadınlara lazımi qayğı göstərilmirdi. Lakin bu gün ölkəmizin hərtərəfli inkişafı, mövcud sabitlik, dövlət-qadın siyasətinin uğurla həyata keçirilməsi, ailə dəyərlərinə yüksək qiymət verilməsi qadınların ölkəmizin ictimai həyatında fəal iştirakına və istedadlarının üzə çıxarılmasına imkan verir. Bu gün qadınların bütün sahələrdə fəaliyyəti təmin olunur, min illər ərzində formalaşdırılan milli dəyərlərimiz yaşadılır”.

Bu gün naxçıvanlı qadınların fəaliyyəti bu qədim diyarla məhdudlaşmır. Onlar beynəlxalq miqyaslı təlimlərdə layiqincə təmsil olunurlar. Belə ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə BMT-nin İnkişaf Proqramının qismən maliyyə dəstəyi daxil olmaqla Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlərinin artırılması” layihəsinin ilkin mərhələsi olan “Gələcəyini planlaşdır” adlı maliyyə savadlılığı üzrə muxtar respublikanın bütün rayonları olmaqla, əsasən də fiziki imkanları məhdud və aztəminatlı ailələrdən olan 319 qadının iştirakı ilə (hər təlim 2 gün olmaqla) 8 təlim keçirildi. Layihənin təşkilatçıları Naxçıvan mediasına verdiyi müsahibələrdə bildirdi ki, burada qadınların sahibkarlıq sahəsində fəallığının artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir.

Qısa bir statistikaya nəzər salaq: Naxçıvanda qadın sahibkarların sayı 6667 nəfər olmaqla 58 nəfəri hüquqi, 6609-u isə fiziki şəxslərdir. Sevindirici haldır ki, hazırda 940 ailə təsərrüfatı qeydiyyata alınıb ki, bunun da 67-si qadınlar tərəfindən idarə olunur.

Bütün bunlar bu gün Naxçıvan Muxtar Respublikasında dövlət-qadın siyasətinin yeni inkişaf mərhələsində olduğunun sübutudur. Və əminliklə deyə bilərik ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyəti ildən-ilə artıb və bu proses davam edir.

Yenə də statistikaya diqqət edək: 1995-ci ilin 12 noyabr tarixində I çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 nəfər qadın deputat seçilmişdisə, hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 11-i qadındır. Bu da deputatların 24.4%-i təşkil edir. Həmçinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır.

Dövlət qulluğunda işləyənlərin 534 nəfəri, yaxud 21%-i, təhsil sahəsində işləyənlərin 9 min 987 nəfəri yaxud 68%-i, mədəniyyət  sahəsində işləyənlərin 2376 nəfəri  yaxud   65%, səhiyyə və sosial təminat sahəsində işləyənlərin 4 min 288 nəfəri, yaxud 76 %-i qadınlardır. Təhsil, mədəniyyət, səhiyyə və sosial xidmət müəssisələrində 111 qadın rəhbər vəzifələrdə işləyirlər. Bütün rayonlarımızda İcra Hakimiyyəti başçılarının bir müavini qadındır.

2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 819 nəfərini qızlar təşkil edib. Həmçinin 500-700 intervalında bal toplayanların 172 nəfəri, yaxud 61.2 faizini qızlar olub.

Muxtar respublikada elmlər doktorlarının 4-ü, fəlsəfə doktorlarının isə 100-ü qadınlardır.  

Muxtar respublika qadınlarının 164 nəfəri Azərbaycan Respublikasının, 168 nəfəri isə Naxçıvan Muxtar Respublikasının fəxri adına və mükafatına layiq görülüb, 147 qadın orden, medal və nişanlarla təltif edilib.

Qadınların sağlamlıqlarının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsinin, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə də müsbət nəticələr əldə olunub. Əgər 1995-ci ildə ana ölümü 5 nəfər, körpə ölümü 129-u kənd, 40-ı şəhər olmaqla 169 olmuşdusa, hazırda ana olümü sıfırla, uşaq ölümü isə minimal rəqəmlərlə ifadə olunmaqdadır.

          Bir jurnalist qadın olaraq fəaliyyət göstərdiyim Naxçıvan mediasında da qadınların fəaliyyətinə toxunmaq istəyirəm. Kütləvi informasiya orqanlarında çalışan qadın jurnalistlərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikasında azad sözə, azad fikrə xüsusi diqqət göstərilməsinin nəticəsidir ki, qadın jurnalistlərin yaradıcılıq imkanları xeyli genişlənib. Hazırda bu sahədə 50-dən çox qadın çalışır. Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisasında təhsil alan qız jurnalistlərin sayı getdikcə artır. Bu gün teleradiolarda və qəzetlərdə hazırlanan materialların 80 faizi qadın jurnalistlərin payına düşür. Onların fəaliyyətinə verilən diqqətin nəticəsidir ki, qadın jurnalistlər məsul vəzifələrə irəli çəkilirlər. “Şərq qapısı” qəzetinin baş redaktoru, baş redaktor müavini və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü qadındır. Qadın jurnalistlərin də əməyi muxtar respublikamızda hər zaman yüksək qiymətləndirilir, onlara fəxri adlar verilir, bu peşə sahibləri orden və medallarla təltif olunurlar.

Yazımın əvvəlində qeyd etdim ki, ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikada yaranan çətinlikləri, bəlkə də, ən çox qadınlarımız hiss edirdi. İşıqsız, qazsız evdə övlad böyütmək problemi və digər qayğılar qadınlarımız üçün də çəkilməz idi. Bunları qələmə alanlar qadın jurnalistlər idi. Onlar müharibədən, aclıq-səfalətdən, terrordan, yaşadığı dövlətin və dövrün reallıqlarından yazırdılar. Sevindirici haldır ki, bu günün naxçıvanlı qadın jurnalistlərinin bəxtinə doğma diyarımız Naxçıvanın inkişafını və tərəqqisini görmək, bu reallıqları günün salnaməsinə çevirmək kimi müqəddəs bir vəzifə düşüb. Onlara yaradılan hərtərəfli şərait bu vəzifəni layiqincə yerinə yetirməyə imkan verib. Bu gün naxçıvanlı qadın jurnalistlər dərsdən yayınan uşaqlardan, neft sobalarıyla qızıdırılan məktəblərdən deyil, müasir təhsil ocaqlarından, yüksək bal toplayan gənclərdən yazır, qaranlıq, zülmət içində yaşayan Naxçıvandan deyil, nura boyanmış məmləkətlərindən qürurla söhbət açırlar. Dünyanın diqqət mərkəzində, inkişaf və tərəqqisinin yeni müstəvisində olan Naxçıvanın beynəlxalq elm və mədəniyyət tədbirlərinə ev sahibliyi etməsini qürurla qələmə alırlar. Mərkəzi mətbuatda fəaliyyət göstərən qadın jurnalistlərimiz yazır ki, bir vaxtlar oğullarının nəinki Naxçıvanda xidmət etməsini, hətta bura gəlməsini istəmirdilər. Bu məsələni görün həmkarım Günay Arda necə səmimi qələmə alıb: Anaların ən böyük sınağı Vətən sevgisi ilə övlad sevgisi arasında qalanda olur. Oğlunu əsgəri xidmətə yola salan anaları düşünün. Bir anadan eşitmişdim. Deyirdi ki, sanki ürəyimi çıxarıb ağacdan asıblar. Hər an düşmənlə üz-üzə olan övladın anasının sıxıntısı təbiidir. Özü və övladı Bakıda doğulub böyüyən əsgər anası deyir ki, sakitəm. Çünki oğlum Naxçıvanda xidmətdədir. Əminəm ki, sağ-salamatdır. Qarnı tox, əyni istidir. Bu, uğurun zirvəsidir. Ana əsgər oğlunu Naxçıvana etibar edir.

Son söz: Bəli, bu gün muxtar respublika əhalisinin 50 faizini təşkil edən qadınlarımız ana adını daşımaqla bərabər sahibkardır, dövlət qulluqçusudur, həkimdir, müəllimdir, rəssamdır, sənətkardır, deputatdır, bələdiyyə sədridir, nazirdir, komitə sədridir, ombudsmandır, rektordur, beynəlxalq dərəcəli idmançıdır, Azərbaycan mediasında öz sözünü deməyi bacaran jurnalistdir. Bütün bu uğurların təməlində isə muxtar respublika rəhbərinin qadınlara göstərdiyi diqqət və qayğı dayanır. Bu diqqət və qayğı onları həyata, yaşamağa, yaratmağa daha da ruhlandırır. Bu isə onların milli-mənəvi dəyərlərimizi yaşadaraq fəaliyyət göstərmələrinə yaşıl işıq yandırıb. Ali Məclis Sədrinin dediyi kimi: “Azərbaycan qadınının ictimai həyatımızdakı dünənki, bugünkü mövqeyi dilimizə, vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuş və gələcəkdə də olacaqdır!”

Biz də buna bütün varlığımızla inanırıq.

                                                                             Sara Əzimova

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü

                   Yazı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: