Şahı - Sahil Tahirlinin hekayəsi

1370

-Ə bəə insafın, mürvətin olsun axı, mən o ağacları min həvəslə əkmişəm, nə qədər əzab-əziyyətim olub... Bir suvarımlıq su nədir ki, sən məni on gündü dərdəcər edirsən, apar-gətirə salırsan? Yezidin qapısına getsəydim, səndən yaxşıydı... Mən yekəlikdə kişi ağsaqqal çağımda əlli dəfə qapına gəlmişəm...

-Bilirsən, Qara dayı, su ağsaqqala, qarasaqqala baxmır. Yağmayıb, yoxdu da, mən özümdən su çıxarmalıyam sənə?! Ya müsəlliyə çıxıb sənin ağacların üçün yağış yağdırmalıyam?! Elə bil işin-gücün yoxdu, vallah... Bu yayın cızhacızında ağac dalına düşmüsən...

Qara kişinin bu sözlərdən sonra ruhi peşmançılığı dırnağının ucuna qədər gedib çatdı. Köynəyinin zəhmət tərindən şərov bağlamış yaxasını qurdalaya-qurdalaya başını aşağı salıb ta deməyə söz də tapmadı. Ayaqlarını sürüyə-sürüyə sakitcə çıxıb kənd yolunun  kənarında üç il əvvəl min əziyyətlə saldığı iki hektarlıq ərik bağına tərəf getdi... Qara kişi ilə söhbəti bitirib həyətə keçən Şahvələd isə 17 yaşlı oğlu Dilqəmi yanına çağırıb tapşırdı ki, sabah “Xəndək” arxının suyunu bağlayarsan yoncalığa, bir həftədi susuz qalıb...

Yol boyu Qara kişini qara fikirlər götürmüşdü. Bəs, görəsən bu insanlığın axırı hara qədər gedəcək, biz nə vaxt dəyişəcək, düzələcək, ədəb-ərkana düşəcək, tamahdan əl çəkəcəyik... Bir an xatırladı ki, az əvvəl onu kor-peşman yola salan Şahvələd uşaq vaxtı tamam başqa idi... Səmimi, sadə, mehriban, salam-sabahlı, böyük-kiçik yerini bilən idi... Nə tez yadından çıxıb ata minmək üçün yalvar-yaxarı, bir evinəlik düyü, odun, qənd almaq üçün qapını döyüb “Qara dayı, Qara dayı..." çağırdığı günlər?! Bir də onu xatırladı ki, Şahvələd oxumağa gedəndə ailənin yaxın dostu, əziz qonşusu kimi maaşının 3 “şirvanını” onun cibinə qoyub xeyir–dua vermişdi...

İş belə gətirmişdi ki, Qızıllı kəndinin hörmətli adamlarından olan Qara Fərəcov ömrünü poçt işçisi kimi keçirmiş, öz xeyirxahlığı, səmimiyyəti ilə hamının dərin hörmətini qazana bilmişdi. Həmişə şux və gülərüz görünsə də, həyatında baş verən bir faciə onun belini sındırmışdı: Qarlı yanvar günlərinin birində ailəsi ilə düşdüyü avtomobil qəzası bütün doğmalarını ondan almış, özü də sol qolunu itirmişdi. Bu hadisə Qızıllının bütün sakinlərini dərindən sarsmış, hamı sanki bu ağrını Qara kişi ilə birgə çəkmişdi. Pensiyaya çıxandan sonra onun tək təsəllisi təbiət, ağaclar olmuş, elə kənd yolunun kənarındakı bağı da tək əllə salmış, qayğısına qalıb ərsəyə gətirmişdi. Beləcə, hər ağaca öz doğma övladı kimi qayğı göstərir, onlar böyüdükcə onlarla nəfəs alır, itirdiyi əzizlərinin təsəllisini onlarda tapırdı. Düşünürdü ki, hər ağac bir həyatdı, hər ağac bir udum nəfəsdi, yaşamdı...

İnsanın bir əzmi, mübarizliyi olur. Bu, Qara kişidə bəlkə də hamıdan çox idi. Ərik bağına çatar-çatmaz nəfəsini dərdi, dörd yüz metr aralıdakı gölməçələrdən vedrə ilə tək əllə su daşıyıb bütün ağaclarını yay boyu bir neçə dəfə suvarıb qurumağa qoymadı.

...Şahvələd Qızıllıya bələdiyyə sədri keçəndən sonra özünü Bağdadın kor xəlifəsi hesab etməyə başlamışdı. Bir insanın axırına çıxmaq istəyəndə onu yaxşıca və gen-bol tərifləmək lazımdı. Şahvələdin də sınıq-salxaq dostları, işçiləri onun tərifini damarlı edir, qoltuğunu xeyli qarpızlandırırdılar. Hər gün özünü daha da yekə görən Şahı kəndin istifadəsiz torpaqlarının dalına keçir, örüş yerlərini özünə, qohum-qəbləsinə pay-püşk edir, suvarma suyunu da ki, özünün yoncalıqlarından əskik etmirdi. Kim bir balaca dolanışıq, hörmət sahibi olur, onu rayonda ləkələyir, satır, nüfuzdan salırdı. Artıq təzə xəstəlikləri də çıxmışdı, hamını özünə rəqib görürdü... Əkinçi-biçinçi onun nə vecinə?! Ağaclar, yaşıllıq onun nəyinə lazım?! Bir imkandı düşüb, istifadə etmək lazımdı,- prinsipi ilə kisəsini doldururdu. Kisə də dolduqca bütün mənəviyyatı aşınır, hörməti itir, özü də hiss etmədən buz üstündə tərləyən qurbağaya dönürdü. İnsan var, vəzifə ona hörmət gətirir, insan da var, o vəzifəsini hörmətə mindirir. Bizim Şahıda heç nə heç nəyə minmirdi. Çünki bu köynək onun əyninə görə biçilməmişdi. Qocalığını da yaddan çıxarmışdı. Unudurdu ki, bir gün adamın alnı yerə dəyə-dəyə yeriyəndə adi bir balaca uşağın salamına da möhtac qalır axı...

İllər keçdikcə Qara kişinin bağı min əziyyətlə yaşıllaşır, böyüyür, bu fonda da Şahının hörmət, izzəti də kənddə, rayonda kiçilə-kiçilə gedib gözdən itirdi.

...Qara kişi yaxınlıqdakı yoncalıqdan gələn çığırtını eşidər-eşitməz yerində dayana bilmədi. Dilqəm yoncanı suvaranda baldırından kəskin zəhərli gürzə sancmışdı. Tez çəkməsinin qaytanı ilə onun ayağını boğdu, tək qolu ilə birtəhər belinə alıb min əzabla kənd xəstəxanasına çatdırdı. Həkimlər çox çalışsalar da, tale yazısını dəyişə bilmədilər.  Bir gün sonra kəskin zəhərlənmə öz sözünü dedi...

Şahvələd Dilqəmin ölüm xəbərini Belarusda tətildə olanda aldı. Sakinlər onu dəfn edib yası üçün çadır da qurdular... Şahvələd üç gün sonra kəndə çatanda yas çadırında az adam yox idi... Hönkürtü ilə ağlaya-ağlaya içəri girəndə molla və Qara kişidən başqa hamı çadırdan eşiyə çıxdı və səssiz-səmirsiz dağılışıb evlərinə getdilər. Bu, Şahının əməlləri idi... Ruhundan, bədənindən çıxırdı. Qonşular, kəndçilər çadırdan çıxan kimi çıxırdı... Aşına tökdüyü qaşığındaydı. Kəndçiləri bu hərəkətləri ilə onu dişindən dırnağınacan tənbeh edirdi. Dilqəm sanki Şahının yadından çıxmışdı, dabanına qədər soyuq tər basmışdı... Qara kişinin üzünə də baxa bilmədi, qayıdıb eşiyə çıxdı. İmkanı olsa, hamıya yalvaracaqdı ki, getməyin...

Dilqəmin yeddisi çıxmamış Şahı evini, təsərrüfatını, mal-heyvanını, nə varsa satıb Qızıllını tərk elədi. Özünün murdar əməllərinə görə tale və Qızıllı onu bağışlamadı...

...İllər sonra Qara qayaların yanında dayanan maşınlardan düşənlər Qara kişinin bağının kölgəsində dincəlir, meyvə yığıb aparır, bu bağı salanın ruhuna dualar edirlər.

İndi nə Qara kişi var, nə Şahvələd, nə də Dilqəm... Amma Qaranın bağı, xoş niyyət və əməllər yaşayır...

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: