“Şərq qapısı” qəzetinin fəaliyyəti Azərbaycan mətbuatı üçün bir nümunədir

“Şərq qapısı” – 100

313

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı və sərəncamla təsdiq olunan Tədbirlər Planınına əsasən qəzetin yubiley tədbirləri dövlət səviyyəsində qeyd edilir. Peşə fəaliyyətimin 12 ilinin “Şərq qapısı” qəzeti ilə bağlı olduğundan qürur duyur və qocaman mətbu orqanının “məzunu” kimi düşüncələrimi, xatirələrimi dəyərli qəzet oxucuları ilə də paylaşmaq istəyirəm.

Bir təcrübə məktəbi saydığım “Şərq qapısı” qəzeti ilə ilk tanışlığım 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının birinci kursunda təhsil alanda olmuşdu. Məlumatım var idi ki, müstəqillik ideyaları uğrunda “Şərq qapısı” qəzeti hər zaman ön cərgələrdə olub. Ulu öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda yaşayıb siyasi fəaliyyətlə məşğul olarkən görkəmli dövlət xadiminin çıraq işığında gecəli-gündüzlü gərgin əməyinin bəhrəsi olan milli dirçəlişimizlə bağlı qəbul edilən qərarlar ilk olaraq “Şərq qapısı” qəzeti vasitəsilə Azərbaycana yayılırdı. Tarixin müxtəlif dönəmlərində siyasi, iqtisadi çətinliklərə, yaradılan süni maneələrə baxmayaraq, fəaliyyətini dayandırmayan və dövrün çətinliklərinə sinə gərən “Şərq qapısı” qəzeti ilə əməkdaşlıq etmək jurnalist olmaq istəyən hər bir gənc kimi mənim də arzularımdan biri idi. Kiçik informasiyalar yazmaqla qəzetlə əməkdaşlığa başladım. İlk dəfə qəzetdə yazımı görəndə həmin gün gecə səhərədək yatmayıb, dəfələrlə qəzetdəki imzama baxdığımı indi də yaxşı xatırlayıram. 2005-2016-cı illərdə qəzetdə müxbir, şöbə müdiri və məsul katib vəzifələrində çalışdım. Burada mənim kimi başqa tələbələr də fəaliyyət göstərirdilər. O illərdə Naxçıvan əsl tikinti meydançasını xatırladırdı. Hər yerdə quruculuq işləri görülürdü. Təsəvvür edin, bu gün yanından ötdüyümüz o müasir binaların təməlatma, tikinti prosesləri ilə bağlı yazılarda Naxçıvan Dövlət Universitetinin tələbələrinin də imzaları var idi. Bunu böyük xoşbəxtlik və fəxarət sayıram. Ona görə ki, biz həm də yenidən qurulan Naxçıvanın şahidi olan gənc müxbirlər idik. Bütün səmimiyyətimlə deyə bilərəm ki, gecəsi, gündüzü, iş saatı bəlli olmayan bir qurumda çalışmaq heç bir gənci qorxutmurdu. Yazılarımızın qəzetdə dərc olunması üçün bəzən “dava” da edirdik. Dərsdən sonra hamı evə gedərkən biz qaça-qaça işə gəlib yazı yazırdıq, məqaləmizin qəzet səhifələrinə çıxmasını səbirsizliklə gözləyirdik. Hətta gecə saatlarına kimi qəzetdə həftədə bir dəfə növbətçi düşürdük. Xüsusi vurğulamalıyam ki, media sahəsində ən məsuliyyətli iş qəzetdir. Qəzetçi əməyi çox çətin və şərəfli əməkdir. Heç kimin hiss edə bilmədiyi və bəlkə də, çox az adamın qiymətləndirdiyi peşədir. Bəs gəncləri bura bağlayan nə idi? Heç düşünmədən deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qəzetə, mətbuata, xüsusilə də gənclərə göstərdiyi qayğı. Məhz bu qayğı və diqqət nəticəsində ötən müddətdə qəzetdə onlarla jurnalist yetişdi, jurnalist peşəkarlığına yiyələndi. Hazırda onların çoxu ölkəmizin nüfuzlu mətbuat orqanlarında çalışır, yaradıcılıq fəaliyyətlərini davam etdirirlər. Bu gün qocaman mətbuat orqanının məzunları media sahəsinə rəhbərlik edirlər. Xüsusilə qeyd etməliyəm ki, qəzetçi jurnalistlərin yetişməsində və formalaşmasında muxtar respublika rəhbərinin mətbuat bayramlarında, “Şərq qapısı” qəzetinin yubiley tədbirlərində jurnalistlərlə görüşləri, verdiyi tapşırıq və tövsiyələri mühüm rol oynayıb. Bütün bunlar bizi bu peşəyə daha da bağladı. Biz peşəmizi öyrənməklə yanaşı, bu qəzet vasitəsilə Vətən yanğısı və sevgisi ilə həyata keçirilən məqsədyönlü tədbirlərin, düzgün idarəçiliyin, Naxçıvanın hər bir yurd yerinə sonsuz məhəbbətdən yaranan səmərəli dövlətçilik fəaliyyətinin şahidlərinə çevrildik. 2006-cı ildə “Şərq qapısı” qəzetinin 85 illik yubileyində biz gənclər QURUCU RƏHBƏRİN görüşündə idik. Cənab Sədrin milli maraqların və dövlətçilik prinsiplərinin əsas tutulması istiqamətindəki tapşırıqları və digər tövsiyələri bu gün də biz jurnalistlər özümüzün iş planı sayırıq. Həmin yubiley tədbirinə muxtar respublika rəhbərinin “Əlinə qələm götürən şəxs qələminə və sözünə hörmət etməlidir” fikri artıq media işçilərinin fəaliyyətinin əsas prinsiplərinə çevrilib. Biz o görüşlərdə öyrəndik ki, yazılarımızla gənclərimizdə vətənpərvərlik, yurd sevgisi hisslərinin və milli duyğuların güclənməsinə, milli dəyərlərin, adət-ənənələrin qorunmasına, xalq yaradıcılığının, milli mədəniyyətin təbliğinə diqqəti artırmağa çalışmalıyıq. Məhz bu mükəmməl ideoloji xətlə həftədə 5 dəfə işıq üzü görən “Şərq qapısı” qəzeti Azərbaycan mətbuatında özünəməxsus yer tutdu, nüfuzlu və sanballı mətbuat orqanlarından biri kimi öz fəaliyyətini bu gün də davam etdirir. Bu isə, ilk növbədə, yuxarıda da qeyd etdiyimiz kimi, qəzet işinə gündəlik rəhbərlik edən, onun yüksək səviyyədə çıxmasına hər cür şərait yaradan Ali Məclis Sədrinin diqqət və qayğısıdır. Bu gün “Şərq qapısı” qəzeti dünyada nəşr edilən heç bir qəzetdən geri qalmır və qəzetin yüksək poliqrafik keyfiyyətlə nəşr olunması üçün müasir mətbəə avadanlıqları quraşdırılıb.
Bəli, “Şərq qapısı” qəzeti Naxçıvanın canlı salnaməsidir, zamanın özü haqqında monoloqdur. Daha dəqiq desək, zamanın güzgüsüdür. O güzgü ki Naxçıvanın həm dünənini, həm də bu gününü bizə açıq-aydın göstərir. Naxçıvanın dünənini öyrənmək baxımından “Şərq qapısı” ən sanballı mənbədir. Çox uzağa getməyək. Oxuculara qəzetin “Dünən və bu gün” rubrikası yaxşı tanışdır. Bu rubrikada gedən müqayisəli, təhlili yazılardan görürük ki, Naxçıvan bir vaxtlar hansı çətinliklərlə üzləşib. Təhsil, mədəniyyət, iqtisadiyyat və başqa sahələrlə bağlı yaşlı həmkarlarımızın qələmə aldığı yazıları ürək­ağrısı ilə oxuyuruq. “Şərq qapısı” qəzeti o dövrün aclıq-səfalətlərini, narkotikə qurşanan gənclərini, bir sözlə, zamanın reallıqlarını bu gün bizlərə xatırladır. Sirr deyil ki, 1995-ci ildən sonra qəzetin, sözün əsl mənasında, qızıl dövrü başlanıb. Müstəqillik illərində “Şərq qapısı” qəzetinin ilk yubileyi 1996-cı ildə keçirilib. “Şərq qapısı”nın bundan sonrakı dövrünü inkişaf və tərəqqi dövrü adlandıranlar yanılmırlar. Üst-üstə dəstələnmiş qəzetin hər bir sayında blokadanın yaratdığı çətinliklərə baxmayaraq yenidən qurulan Naxçıvanı görürük. Bu səhifələrdə qəzet müxbirləri dərsdən yayınan uşaqlardan, tozlu küçələrdən, çörək növbələrindən, neft sobaları ilə qızdırılan məktəblərdən, orduda baş alıb gedən fərarilikdən deyil, müasir təhsil ocaqlarından, yüksək bal toplayan gənclərdən, İkinci Qarabağ müharibəsində tarix yazan şəhidlərimizdən, qazilərimizdən, Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu daxili və xarici siyasətdən, Azərbaycan Ordusunun qazandığı zəfərdən, Naxçıvanın müasirliyə qovuşan kəndlərindən, bir zamanlar qaranlıq içində yaşayan Naxçıvandan deyil, indiki işıqlı məmləkətlərindən fəxarətlə söhbət açırlar. Dünyanın diqqət mərkəzində, inkişaf və tərəqqisinin yeni müstəvisində olan Naxçıvanın beynəlxalq elm və mədəniyyət tədbirlərinə ev sahibliyi etməsinin salnaməsini yaradırlar. Bir sözlə, “Şərq qapısı” qəzetinin indiki müxbirlərinin bəxtinə doğma diyarımız Naxçıvanın inkişafını və tərəqqisini görmək, bu reallıqları günün yaddaşına çevirmək kimi müqəddəs bir vəzifə düşüb.
Ətrafına çox sayda gənc jurnalistlər toplayan “Şərq qapısı” bu gün qəzetçilik, yetkin jurnalistika məktəbidir. Qəzetin gənc müxbirləri Naxçıvan Muxtar Respublikasının gələcəyinə hesablanmış nəhəng tədbirlərin, layihələrin əhəmiyyətini, mahiyyətini həm bu günün oxucusuna, həm də gələcək nəsillərə çatdırılması üçün əllərindən gələni əsirgəmirlər. Açıq etiraf edək ki, sayt və qəzet bolluğunda dövlətçiliyimizin və müstəqilliyimizin təbliğatçısı kimi “Şərq qapısı” ilk sıralarda özünə yer edib. Azərbaycanda nəşr olunan qəzetləri təhlil etsək, “Şərq qapısı” qəzeti kimi az qəzet tapmaq olar ki, dilimizin bütün qayda-qanunlarına əməl etsin. Qəzetin yaradıcı əməkdaşları hər məqaləsinin məsuliyyətini dərk edir, yazısının necə qarşılanacağının həyəcanı ilə yaşayır. Axşam, hətta gecə saatlarında, bayram günlərində belə, “Şərq qapısı” qəzetinin otaqlarının işıqlarının yandığının çox şahidi oluruq. Yorulmadan, gecəli-gündüzlü qəzet çıxarmaq, materialları yüksək səviyyədə redaktə, korrektə etmək, gözəl dizayn ilə oxucuya çatdırmaq doğrudan da, asan iş deyil. Bir hərf səhvinin belə, narahatlığını yaşayan yazı-pozu adamlarının fəaliyyəti Azərbaycan mətbuatı üçün bir nümunədir.
Sağlam məfkurəli ideyası ilə doğma Naxçıvanımızın real salnaməsinə çevrilən qəzetin adı təkcə coğrafi məzmun kəsb etmir. O, Şərqin qapısının 100 yaşlı “Şərq qapısı”dır. Blokadaya alınan Naxçıvanın bugünkü mənzərəsini gələcək nəsillərə çatdırmaq kimi böyük missiyanı şərəflə yerinə yetirən canlı tarix... Mətbuat işçilərinin salnamələşdirdiyi tarixi yazan isə Liderdir. 100 illik “Şərq qapısı” qəzetinin müstəqillik illərinə işıq tutan hər səhifəsi də əsl LİDERİN xalqına, Vətəninə, torpağına məhəbbətinin tərcümanı və yolyoldaşıdır. Bu gün o yol işıqlıdır. Şərqin qapısından bütün dünyaya səs salan, dünəninə sahib çıxan, bu gününü şövqlə yaşayan, sabaha əminliklə baxan söz karvanıdır. Bu karvanın yolu uzundur, hələ neçə yüzilliklərboyu dünyanı dolanacaq....
Əziz və doğma kollektivim! Bu qəzet bizim qəzetdir, hamımızın qəzeti. Media sahəsində qazandıqlarımız üçün daim minnətdar olduğumuz doğma qəzetə “100 yaşın mübarək!”, – deyirik Qəzetin baş redaktoru başda olmaqla, ideoloji cəbhənin bütün “əsgərlərini” təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram.


Sara Əzimova
Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurasının üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: