Quruculuq və inkişaf salnaməsi: “Əsrə bərabər illər”

387

Yaşadığın dövrün salnaməsini olduğu kimi yaratmaq jurnalist üçün çox çətin və məsuliyyətlidir. Sevindirici haldır ki, son zamanlarda Naxçıvan mediası bu vəzifənin öhdəsindən layiqincə gəlir. Sahil Tahirlinin “Yaratmaq amalı”, Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi, “Blokada Naxçıvanı”, Mehriban Sultanın “Müasir Naxçıvan”, Muxtar Məmmədovun “Mənim Naxçıvan dünyam” və başqa kitabları Naxçıvan mediasının yazılı hesabatı adlandırmaq olar.  Bu günlərdə həmin nəşrlər sırasına biri də – Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyevin “Əsrə bərabər illər” adlı kitabı da əlavə olundu.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən kitabda jurnalistin  muxtar respublikanın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində və AZƏRTAC-da işıq üzü görmüş analitik materialları və icmalları toplanılıb. Yeni nəşrdə 2015-2020-ci illərin hər ayında həyata keçirilən hər bir dövlət tədbirinin siyasi təhlili və bu tədbirlərin  mahiyyəti açıqlanır.  Kitabdakı materiallar altı fəsildə verilib: “2015-ci il: Sürətli inkişaf və tərəqqi ili”, “2016-cı il: Nizam-intizam inkişafın, yüksəlişin, yeni-yeni uğurların başlıca səbəbi, aparıcı qüvvəsidir”, “2017-ci il: Xalqın iradəsi, rəhbərin dühası güclü iqtisadiyyatın formalaşmasına və yüksək rifaha yol açıb”, “2018-ci il: Qədim və müasir Naxçıvan – İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı”, “2019-cu il: Sosial-iqtisadi yüksəlişini uğurla davam etdirən Naxçıvanda “Ailə təsərrüfatları ili” və “2020-ci il: Zəfər ilinin uğurları”.

Hər bir bölmədə blokada şəraitində yaşayan muxtar respublikada yüksək iqtisadi fəallığa nail olunmasını, davamlı quruculuq işlərini, sosial problemlərin səmərəli həlli üçün həyata keçirilən tədbirləri görürük.  Bu yol Vətən naminə çəkilən gərgin əmək və misilsiz əzmkarlığın təcəssümüdür.

Kitaba ön söz yazan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun qeyd etdiyi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərin geniş işıqlandırıldığı bu kitabı həm də muxtar respublikanın altı illik quruculuq salnaməsi hesab etmək olar. Çünki nəşrdəki materiallarda muxtar respublikada görülən işlər, onların nəticələri peşəkar jurnalist qələmi ilə şərh və təhlil edilir. Oxucuda belə bir qənaət yaranır ki, muxtar respublikada həyata keçirilən bütün tədbirlər vətəndaşların sosial rifahına xidmət edir, aparılan siyasətin mərkəzində insan amili dayanır. Kitabı vərəqlədikcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri yada düşür: “Siz, Ali Məclisin Sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq-quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

Kitabda yer alan informasiyalar, icmallar, analitik məqalələr, reportajlar Naxçıvanın bugünkü reallıqlarını bir daha oxucuya çatdırır. Gələcək nəsil bu kitabı vərəqlədikcə görəcəklər ki,  Naxçıvan göz bəbəyi kimi necə qorunub,  burada Vətən yanğısı və sevgisiylə hansı tədbirlər həyata keçirilib. Bu gün Naxçıvan  ölkə Prezidenti cənab İlham Əliyevin ən böyük dəstəkçisidir. Bu gün inkişaf etdirilmiş və əsaslı şəkildə yenidən qurulmuş Naxçıvan Muxtar Respublikası qurucu RƏHBƏRİN əsəri, bugünkü və gələcək nəsillərə ən böyük töhfəsi, ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir”. Artıq bir reallıqdır ki, muxtar respublikada atılan hər bir addım, qəbul edilən hər bir qərar ictimaiyyət tərəfindən mütərəqqi təşəbbüs kimi qiymətləndirilir; cəmiyyəti düşündürən hər bir məsələdə Naxçıvan təcrübəsi nümunə kimi götürülür.

Müəllif həm də AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri kimi də fəaliyyət göstərir. AZƏRTAC vasitəsilə ay və illərin xülasəsi bütün Azərbaycana yayılır. Dünən də, bu gün də Azərbaycan adının, Azərbaycançılıq ideologiyasının geniş təbliğində ön sıralarda olan AZƏRTAC hələ Naxçıvanda xəbər saytlarının olmadığı vaxtlarda muxtar respublikada həyata keçirilən tədbirlərin yayılmasında hər zaman ön sıralarda dayanıb. İndi də Naxçvanla bağlı xəbərlərə həssaslıqla yanaşan, operativ şəkildə saytında yerləşdirən AZƏRTAC bizim üçün əziz və doğma media orqanıdır. Ölkəmizin çoxsaylı informasiya agentlikləri içərisində milli xarakterini ləyaqətlə qoruyub saxlayan AZƏRTAC məhz kitabda yer alan hər bir yazını ilk dəfə oxucuya çatdırıb.

Onu da deyim ki, “Əsrə bərabər illər” kitabı müəllifin oxucularla birinci görüşü və uğurlu hesabatıdır. Düşünürəm ki, yeni nəşrin ayağı sayalı olacaq, Rauf Əliyev öz həmkarlarını başqa kitabları ilə sevindirəcək. Çünki muxtar respublikada keçirilən tədbirlər davam edir.

Sara Əzimova

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: