“Made in Nakhchivan” - FOTOLAR

22 xarici dövlətdə nüfuz qazanan bu keyfiyyət brendi Azərbaycan iqtisadiyyatına və ixrac potensialına böyük töhfə verir

1649

Tarixin bütün dönəmlərində Naxçıvanın şanı-şöhrəti məmləkət hüdudlarını aşıb, dünyanı dolaşıb - qüdrətli şəxsiyyətləri, alimləri, sərkərdələri, sənətkarları sayəsində...

Tarixin gərdişi də çox zaman elə bu məkanda gedən proseslərin fonunda dəyişib...

Tarixin Ən Qüdrətli Azərbaycanının - müasir Azərbaycanın ilk qığılcımları da məhz bu torpaqlarda parlayıb...

Nuh Peyğəmbərin binə etdiyi bu ərazilər minilliklər boyu hərbi yürüşlərin məngənəsində qalıb, qan-qada, ixtilaf, böhran, soyqırımları görüb...

Nəhayət ki, bir neçə onillikdir, qurtuluşunu, rifahını, intibahını yaşayır...

Və ən əsası, Naxçıvan indi yalnız möhtəşəm tarixi ilə deyil, həm də böyük nailiyyətləri, inkişaf dinamikası ilə öyünür, dünyaya səs salır...

İndi dünya Naxçıvanı yalnız tarix kitabları ilə tanımır, bu yurdun keyfiyyətli məhsulları vasitəsilə Nəqşicahana bələd olur, Azərbaycan möcüzəsinə inanır...

Prezidentin düzgün hədəfləri - Naxçıvanın sədaqətli icrası

Hər bir ölkənin qüdrəti onun iqtisadiyyatı ilə dəyərləndirilir, iqtisadiyyatın gücü isə onun ixrac imkanlarına əsasən səciyyələnir. İqtisadi inkişafın Azərbaycan modeli kimi mükəmməl nümunəni dünyaya bəxş edən respublikamız bu gün dünyanın 120 ölkəsinə öz məhsulunu ixrac edir və bu göstərici ilə regionun şəriksiz lideri mövqeyini qoruyub saxlayır.

Qlobal böhran şəraitində milli inkişaf tendensiyasının davamlılığının təmini, əlbəttə ki, qeyri-neft sektorunun yüksəlişi və bu sahəyə aid məhsulların ixrac həcminin artması ilə əlaqədardır. Prezident İlham Əliyev bölgələrdə ixrac şəbəkəsinin yaranması, təkmilləşməsi, dünya bazarına çıxa biləcək səviyyədə istehsal resurslarına və keyfiyyətinə malik olması hədəfini bu yönümdə prioritet elan edib.

Yəni “Made in Azerbaijan” brendi yalnız Bakının istehsal potensialı ilə məhdudlaşmamalıdır, regionların imkanlarından geniş istifadə etməklə, həm də bölgələrin sosial-iqtisadi tərəqqisinə nail olunmalıdır. Dövlət başçısı regionlara səfərlərində daim bu vəzifəni əsas hədəf kimi göstərir və icrası reallaşan layihələrin fəaliyyət nəticələri ilə yaxından maraqlanır.

Azərbaycan bölgələrinin dünya bazarına çıxa bilmək imkanlarını təşviq edən, onu şəxsi nəzarəti və himayəsi ilə həyata keçirən Prezident bu prosesdə Naxçıvan Muxtar Respublikasına xüsusi önəm verir. İqtisadi inkişaf dinamikasına görə ölkədə aparıcı bölgə olan Naxçıvan ixrac potenisalı ilə də regionlar arasında əsas rola sahibdir.

Bu gün dünyanın 22 ölkəsinə Naxçıvanda istehsal olunun çox çeşidli məhsullar göndərilir. Sifarişlərin, ixrac həcminin artması göstərir ki, artıq dünya bazarında Naxçıvan məhsulları etibarlı, keyfiyyətli, nüfuzlu brendlər kimi qəbul olunur.

Bu nailiyyət şübhəsiz ki, bölgədə özəl sektorun güclənməsinə yönələn tədbirlərin real nəticəsi və təşəbbüslərin uğurla həyata keçirilməsidir. Ümumiyyətlə, muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğının təzahürü olaraq yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və mövcud istehsal müəssisələrinin modern şəraitdə qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına zəmin yaradıb. Müstəqillik illərində ümumi daxili məhsul istehsalının 69 dəfə, sənaye məhsulunun isə 117 dəfə artdığı muxtar respublikada özəl bölmənin xüsusi çəkisi davamlı olaraq yüksəlib. Həmçinin indiyədək 1346, ötən il isə 142 yeni istehsal və xidmət sahəsi yaradılıb, 355 müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Yalnız elə 2021-ci ildə muxtar respublikada sahibkarlara 38 milyon manatdan artıq kredit ayrılıb. Hazırda Naxçıvanda aqrar sahədə məhsul istehsalının 100 faizə yaxını, sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür. Məşğul əhalinin 85 faizi isə özəl sektorda çalışır. Muxtar respublikada rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Dövlət qayğısı - sahibkar məsuliyyəti

Bu il Naxçıvanda “Sənaye ili” elan edilib və sənaye sahəsində rəqabətqabiliyyətli, ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması əsas hədəf kimi müəyyənləşdirilib. Bu məqsədlə hazırlanan tədbirlər planına nəzər saldıq. Əhatəli, reallığı əks etdirən, müasir inkişaf çağırışlarına əsaslanan bu vəzifələr toplusunun icrasında konkret nəticələrin əldə olunacağı şübhə doğurmur.

Bu il sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, xüsusilə yerli xammala və innovativ layihələrə əsaslanan müəssisələrin qurulması, emal sənayesi müəssisələrinin yaradılmasının davamlılığı, Şərur Sənaye Məhəlləsində işlərin başa çatdırılması, sahibkarlıq sahəsində maliyyə-kredit işinin səmərəli mexanizm üzrə tənzimlənməsi, kreditlərdən təyinatı üzrə istifadəsinə diqqətin artırılması, maliyyə risklərinin araşdırılması, əsassız yoxlamaların qarşısının alınması və digər məsələlər xüsusi diqqət mərkəzində olacaq.

Naxçıvanda özəl sektora dövlət dəstəyi gücləndirilməklə yanaşı, sahibkarlıq məsuliyyətinin artırılması da ön planda saxlanılır. Sahibkarlar üzərlərinə düşən mühüm vəzifələri bilirlər. Ali Məclisin Sədri Vasif Talıbov bu günlərdə onlarla görüşündə tövsiyələrini belə qruplaşdırıb: hər bir sahibkar istehsal prosesində müasir texnologiyaların tətbiqinə, rentabelliyin və keyfiyyətin artırılmasına çalışmalı, vergilər vaxtında ödənilməli, marketinq araşdırmaları aparılmalı, istehsal və xidmət müəssisələrində təhlükəsiz və sağlam əmək şəraiti yaradılmalı.

Həmçinin sahibkarlığın inkişafında kadr hazırlığı da əsas məsələ kimi qəbul olunur, təhsil və istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, tələbata uyğun peşə kurslarının açılması, işçilərin təcrübə və bacarıqlarının artırılması xüsusi diqqət ayrılan sahələrdir. Bir sözlə, sahibkar dövlət qayğısından bəhrələnərək iqtisadi inkişafa öz töhfəsini verməli, yeni iş yerləri açılmalı və yerli istehsalın həcmi artırılmalıdır.

22 ölkəyə ixrac - uğurlu göstəricidir, amma nəzərə alaq ki, bu, hələ başlanğıcdır. Elə Naxçıvanda da əsas hədəf daha çox ölkəyə ixrac, daha çox dövlətlə ticarət əlaqələridir...

Naxçıvan nemətləri beynəlxalq sərgilərdə rəğbətlə qarşılanır

Naxçıvanın ixrac potensialını öyrənmək, ümumiyyətlə, bölgədə sahibkarlığın durumu, istehsal gücü ilə tanış olmaq məqsədilə Biznes Mərkəzində olduq. 2013-cü ildən fəaliyyətə başlayan mərkəzi 8 il öncə Prezident İlham Əliyev də ziyarət edib.

Sahibkarların maarifləndirilməsi, onlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi, yerli istehsal məhsullarının, həmçinin əl işləri və sənət əsərlərinin sərgi-satışının təşkili mərkəzin əsas fəaliyyət istiqamətidir. Muxtar respublikada özəl sektorun aparıcı təmsilçiləri olan Nəqşicahan Holdinq, Gəmiqaya Holdinq, Cahan Holdinq, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, “Zümrüd” kiçik müəssisəsi, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti və digərləri olmaqla, 80 sahibkarlıq subyektinin məhsulları sərgi salonunun guşələrində öz yerini tutub. Burada Naxçıvan duzundan konservləşdirilmiş meyvə-tərəvəzə, ailə təsərrüfatı nemətlərindən kənd təsərrüfatı istehsalına, mineral sulardan ərzaq məhsullarına, kiçik plastik kapsul hissələrdən dam örtüyünə, tikinti materiallarından mebellərə, xüsusi geyim formalarından kimyəvi məhsullara qədər çox çeşiddə məhsul nümayiş olunur. Rəqəmlərlə maraqlananda məlum oldu ki, mərkəzdə 102 müəssisənin 171 növdə 1330 çeşiddə, eləcə də 78 ailə təsərrüfatının 27 növdə 198 məhsulu sərgilənir.

Mərkəzdəki istehsal sahələri xəritəsindən aydın görmək olar ki, muxtar respublikada müxtəlif sənaye sahələri, o cümlədən maşınqayırma, kimya, tikinti, energetika, mədənçıxarma, metallurgiya, yüngül, mebel, yeyinti, emal sənayeləri və kənd təsərrüfatı təyinatlı 1000-dən çox müəssisə təkcə Naxçıvan şəhərini deyil, muxtar respublikanın bütün bölgələrini əhatə edir.

Muxtar respublikada qədim el sənəti olan xalçaçılıq ənənələrinin və milli ornamentlərin qorunub saxlanması, xalq çeşnilərinin bərpası məqsədilə həyata keçirilən kompleks tədbirlər sırasında Naxçıvan Biznes Mərkəzi nəzdində yaradılan Xalq Yaradıcılığı Emalatxanasının xalçaçılıq bölməsinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Burada ağac üzərində oyma, dekorativ-tətbiqi sənət sahələri də fəaliyyət göstərir. Emalatxanada əllə toxunan Naxçıvan xalçalarının, əl işləri və sənət əsərlərinin sərgi və satışı da elə Naxçıvan Biznes Mərkəzi tərəfindən təmin edilir. Xalq yaradıcılığı sahələrinə göstərilən diqqət və qayğının nəticəsi olaraq mərkəzdə muxtar respublikada fəaliyyət göstərən rəssamların rəsm əsərləri, yerli sənətkarların dekorativ-tətbiqi sənət, dulusçuluq, ağac üzərində oyma, mis üzərində döymə, duzdan hazırlanmış əl işləri ziyarətçilərin zövqünü oxşayır.

Muxtar respublikada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə hüquqi və maarifləndirilmə istiqamətində mərkəzdə mütəxəssislər tərəfindən iş adamlarının müraciətləri əsasında müxtəlif xidmətlər göstərilir. Sahibkarlıq subyektləri üçün kiçikhəcmli kənd təsərrüfatı, orta və irihəcmli sənaye sahələrini əhatə edən biznes-planların, biznes layihələrin işlənilməsi belə xidmətlərdəndir.

Xarici ölkələrdə bölgə sahibkarlarının istehsal etdikləri məhsulların sərgilənməsi, xarici iş adamları ilə qarşılıqlı münasibətlərin yaradılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi sahəsində də işlər qənaətbəxşdir. Yerli məhsulları təbliğ etmək və həmin məhsulların ixrac imkanlarının artırılmasına nail olmaq məqsədilə beynəlxalq tədbirlərdə, sərgilərdə iştirak da mütəmadi hal alıb. 2021-ci ildə BƏƏ, Rusiya, Pakistan, Özbəkistan, Türkiyə, Gürcüstan, Qətər və digər ölkələrlə 18-i sərgi olmaqla, keçirilən 29 beynəlxalq tədbirdə 70 sahibkarlıq subyektinin 97 nümayəndəsi iştirak edib. Bu sərgilər vasitəsilə xaricilər Naxçıvanda istehsal edilən yüksəkkeyfiyyətli məhsullarla tanış olur, onların potensial alıcılarına çevrilir.

21 modeldə 6000-dən çox avtomobil

Naxçıvanın müasir dövrdə istehsal nümunələri arasında ən məşhuru, sözsüz ki, “LİFAN” markalı avtomobillərdir. Artıq paytaxtda da mütəmadi rastlaşdığımız, mükəmməl dizaynı ilə gözoxşayan, keyfiyyətinə görə də sürücülərin razılıq etdiyi maşınlar getdikcə populyarlıq qazanır.

Vaxtilə Prezident İlham Əliyevin rəsmi müşavirədə səsləndirdiyi - “Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir” - çağırışı “LİFAN” üçün mühüm dəstək oldu. Dövlət strukturlarının ardınca artıq vətəndaşların da könüllü şəkildə bu avtomobilləri seçməsi, ümumilikdə, bu layihənin işlək olduğunu və rentabelliyini göstərir.

Əsası 2006-cı ildə qoyulan, 2010-cu ildə isə istismara verilən Naxçıvan Avtomobil Zavodu ilə tanış oluruq. Müəssisənin avadanlıqları Almaniya, İtaliya, Belçika və Türkiyədən gətirilmiş texnikalardır. Məlumat verilir ki, “LİFAN”ın təməli 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin “Chongqıng Lıfan” Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi ilə qoyulub.

39 işçinin çalışdığı zavodda avtomobillərin tamamlanma məkanları deyilən 10 yığım nöqtəsinə baxırıq. Yeni nəsil texnologiyalar, modern avadanlıqlar vasitəsilə müasir dizaynlı, təhlükəsiz, ekoloji normalara uyğun avtomobillər quraşdırılır. İstehsal prosesinə əsasən, görülən iş başa çatdıqdan sonra isə mühəndis tərəfindən yoxlanılır və xüsusi sınaqdan keçirilərək satışa hazır vəziyyətə gətirilir.

Naxçıvan Avtomobil Zavodu birnövbəli iş rejimində illik 5000 ədəd avtomobil istehsal etmə gücünə malikdir. 5 ilədək zəmanət verilən avtomobillər muxtar respublikada və Bakı şəhərində güzəştli kredit şərtləri ilə alıcılara təqdim olunur. Dövlət tərəfindən müharibə veteranlarına və bu qəbildən olan digər kateqoriyalı insanlara da həmin avtomobillərdən hədiyyə edilir. Eyni zamanda avtomobillər ehtiyat hissələri ilə də təmin edilir. Satışdan sonrakı texniki servis xidməti də Bakıda və Naxçıvanda ən yüksək səviyyədə göstərilir.

Ümumiyyətlə, zavodda bu günə qədər 21 modeldə 6000-dən çox avtomobil istehsal olunub.

Naxçıvanda elektromobil istehsal olunacaq

İlkin mərhələdə qazanılan uğurlar yeni təşəbbüslərin reallaşmasına da imkan yaradıb. Belə ki, 2019-cu ildə Çinin “FAW İndustrial Group” avtomobil istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən, Naxçıvan Avtomobil Zavodunda “FAW T-33” krossover, “FAW T-80” yük avtomobilləri istehsal olunub.

Hazırda muxtar respublikada fəaliyyət göstərən taksilərin hamısı “NAZ LİFAN” markalı avtomobillərdir. Onların 10 ildən artıqdır taksi olaraq fəaliyyət göstərməsi keyfiyyətin əyani sübutudur.

Dünyanın nəhəng avtomobil müəssisələrinin müxtəliftəyinatlı və modellərdəki nümunələrinin muxtar respublikada istehsal olunması, Naxçıvanda maşınqayırma sənayesinin güclənməsinə, eləcə də iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Zavodun qarşısında yeni hədəflər də var. Avtomobil sektorunda olan inkişafla ayaqlaşmaq məqsədilə günümüzdə tələbatı artmaqda olan elektrikli avtomobillərin istehsalına başlanılacaq. Yüksəkkeyfiyyətli elektrikli avtomobillərin istehsalı üçün ilkin addımlar artıq atılıb, layihə üzərində iş gedir.

Naxçıvan Avtomobil Zavodu elektrikli motosikletlərin istehsalına da start verir. Onlar alıcılara həm yük, həm də fərdi istifadə üçün iki modeldə təklif ediləcək və tam şarj ilə maksimum sürəti 60 kilometr/saat olmaqla, 80 kilometr məsafə qət edə biləcək. Azərbaycanda xidmət sahəsinin davamlı olaraq, genişlənməsi və kuryer fəaliyyətinin miqyasının artması bu motosikletlərə daxili bazarda böyük təlabatın olacağına əsas verir. Qiymətlərinin də münasib olacağı bu kiçik mobil hərəkət vasitələrinin böyük populyarlıq qazanacağını indidən əminliklə deyə bilərik.

Hər bir təşəbbüsün önündə düzgün hədəf, ardında isə gərgin zəhmət dayananda o, şübhəsiz, uğurla nəticələnəcək - Avtomobil Zavodunda və bütövlükdə Naxçıvanda olduğu kimi...

Azərbaycan istehsalı olacaq, Naxçıvanın şanlı adını daşıyacaq elektromobilin ilk sürücüsü kimi Prezident İlham Əliyevin Zəngəzur dəhlizindən Müzəffər Komandan kimi keçəcəyi günə isə çox az qalıb...

 

İxtiyar Hüseynli

“Azərbaycan” qəzeti

Bakı-Naxçıvan-Bakı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: