ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfrans işə başlayıb - YENİLƏNİB

A- A A+

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Aparıcı Universitetlər Tərəfdaşlıq Şəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasına sədrlik edən ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, konfrans ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu (IDD), Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və AQEM-in tərəfdaşlığı ilə təşkil olunub. Tədbirdə Azərbaycan ilə yanaşı, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Fələstin, Hindistan, İordaniya, İraq, İran, İsrail, Koreya Respublikası, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan, Tailand, Türkiyə və Vyetnam da daxil olmaqla 21 üzv ölkədən 50-dən çox professor, tədqiqatçı və universitet nümayəndəsi iştirak edir.

İki gün davam edəcək konfrans universitetlərin enerji səmərəliliyinin artırılmasında rolu, yaşıl texnologiyaların tətbiqi, dayanıqlılıq sahəsində regional əməkdaşlıq, bərpaolunan enerji və enerji səmərəliliyində innovativ yanaşmalar mövzularında fikir mübadiləsini nəzərdə tutur. Tədbir, həmçinin AQEM çərçivəsində universitetlər arasında yeni tərəfdaşlıq təşəbbüslərinin müzakirəsi və birgə layihələr üçün platforma rolunu oynayır.

Açılış mərasimində ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə yaşıl enerji sahəsində universitetlərin rolunun olduqca əhəmiyyətli olduğuna diqqət çəkib: “Ali təhsil müəssisələri yalnız bilik mərkəzi deyil, həm də gələcəyin ixtisaslı mütəxəssislərini yetişdirən institutlardır. Universitetlər təhsil proqramlarını və tədqiqatlarını dayanıqlı inkişaf və yaşıl enerji prinsiplərinə uyğunlaşdıraraq, həm ətraf mühitin qorunmasına, həm də iqtisadi və sosial inkişafın güclənməsinə töhfə verirlər”.

AQEM-in Baş katibinin müavini Zhang Ling qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə universitetlər arasında əməkdaşlıqla bağlı yeni təşəbbüs irəli sürülüb. “Bu təşəbbüsə bütün universitetlər qoşula bilər və o, tədqiqat sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edir. Təşəbbüs dayanıqlı inkişaf, iqlim dəyişmələri və digər müvafiq istiqamətləri əhatə edir. Universitetlər yalnız bilik mərkəzləri kimi deyil, həm də faktlara əsaslanan siyasətlərin formalaşdırılmasına təkan verən vacib institutlar kimi çıxış edirlər. Gənclərimiz isə müasir çağırışlara cavab verən yeni ideya və yanaşmaların əsas daşıyıcılarıdır”, - deyə Baş katibin müavini əlavə edib.

Azərbaycan xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev qeyd edib ki, sədrlik dövründə əlaqələrin möhkəmləndirilməsi, rəqəmsallaşma və Asiyada dayanıqlı inkişafın təşviqi əsas prioritetlər kimi müəyyən edilib. Rəqəmsal həllər üzərində fəal iş aparılıb. Azərbaycan çoxtərəfli əməkdaşlıq formatında öz ənənəsini davam etdirərək il ərzində təşkilat çərçivəsində mühüm və uğurlu addımlar atıb: “Bu müddətdə AQEM-in Qadınlar Şurası yaradılıb və Maliyyə Sammiti təsis edilib. Hər iki qurum gələcəkdə də təşkilat daxilində əməkdaşlığın dərinləşməsinə töhfə verəcək. Bununla yanaşı, Azərbaycan ötən ay Gənclər Təşkilatının 8-ci toplantısını, həmçinin AQEM-in Biznes Şurasının 8-ci iclasını keçirib. Bütün bunlar göstərir ki, Azərbaycan sədrlik çərçivəsində öz iddialı məqsədlərinə nail olub. Hazırda isə AQEM-in Baş Assambleyasının keçirilməsi planlaşdırılır”.

Çıxışlarda iqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin artan rolu, regional həmrəyliyin əhəmiyyəti və COP29 çərçivəsində əldə olunan nəticələr vurğulanıb.

Proqramın “Ali təhsilin yaşıl enerjiyə və dayanıqlılığa təsiri” mövzusuna həsr olunmuş ilk panelində Azərbaycan, Özbəkistan, Tailand, İordaniya, Çin və Vyetnamdan olan iştirakçılar yaşıl enerji sahəsində ali təhsil müəssisələrinin rolu, davamlı inkişaf strategiyaları və universitetlərarası əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ADA Universiteti tərəfindən 2025-ci ilin sentyabr ayından başlanılan “Yaşıl və dayanıqlı bərpa: Azərbaycan təcrübəsi” adlı birgə tədqiqat layihəsi təqdim olunub. Layihə Ağdam, Füzuli, Şuşa və Zəngilan rayonlarında keçmiş məcburi köçkünlərlə aparılmış sorğular əsasında onların sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişaf istiqamətləri üzrə tövsiyələr və innovativ yanaşmaları əhatə edir.

Paneldə, həmçinin Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Şamxal Muxtarov və Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Nərgiz Qaracayeva çıxış edərək işğaldan azad olunan ərazilərdə dayanıqlı inkişaf, “ağıllı kənd” konsepsiyası və ekoloji bərpa istiqamətində görülən işlər barədə məlumat veriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: