Prezidentin son səfərləri: sistemli və uğurlu kursun geosiyasi özəllikləri

178

Dövlət başçısı İlham Əliyevin Rusiya, Qırğız Respublikası və Xorvatiyaya olan səfərləri ekspertlərin diqqət mərkəzində qalmaqda davam edir. Bu səfərlərə vahid mövqedən yanaşılaraq təhlillər aparılır. Doğrudan da coğrafi olaraq bir-birindən uzaq olan ölkələrə səfərlərin geosiyasi əhəmiyyətinin dərk edilməsi vacibdir. Bundan başqa, həmin səfərlər zamanı müzakirə olunan məsələlər və onların strateji təyinatı üzərində düşünəndə maraqlı qənaətlər əldə etmək olur. Aydın görünür ki, Azərbaycanın xarici siyasətdə sistemli və davamlı addımları ilə uğurlar qazanması təsadüfi deyil. Burada daxili məntiq vardır. Xarici siyasət elə qurulmalıdır ki, atılan hər bir addım dövlətçiliyə, milli maraqların təmininə xidmət etsin. Hazırda bu şərti heç də bütün dövlətlər ödəyə bilmirlər. Uğursuzluğa düçar olanlar da vardır. Azərbaycan isə daim nailiyyət əldə edir və yeni-yeni zirvələr fəth edir. Bu bağlılıqda Prezidentin Rusiya Federasiyası, Qırğız Respublikası və Xorvatiyaya səfərlərinə geosiyasi prizmadan yanaşmağa ehtiyac duyuruq.

Milli mənafe uğrunda: xarici siyasətin mühüm şərti

Ulu öndər Heydər Əliyev daim vurğulayırdı ki, müstəqil dövlətin qarşısında duran əsas vəzifələrdən biri milli mənafeyi dünya miqyasında müdafiə edə bilən səriştəli xarici siyasətin yeridilməsidir. Bu səbəbdən bizim xarici siyasətimiz hər şeydən öncə “Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”. Prezident İlham Əliyev Ulu Öndərin bu tövsiyəsinə daim əməl edir. İlham Əliyev həyata keçirdiyi çoxvektorlu və səmərəli siyasəti ilə Azərbaycanın dünya miqyasında nüfuzunu yüksəkliklərə qaldırmaqdadır. Bu baxımdan dövlət başçısının Rusiya, Qırğız Respublikası və Xorvatiyaya səfərləri maraq doğurur.

Öncə vurğulayaq ki, Azərbaycanın xarici siyasəti həmişə çoxvektorlu olub və balanslaşma prinsipinə əsaslanıb. Bakı regional reallığı nəzərə alaraq dünyanın böyük dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qura bilib. Bu münasibətləri ölkə rəhbərliyi daim inkişaf etdirir, yeni çalarlar əlavə edir. Onu nəzərə almaq lazımdır ki, müasir mərhələdə dayanıqlı və davamlı olaraq uğurlu xarici siyasət yeritmək proseslərə böyük yaradıcı yanaşma tələb edir. Artıq hansısa əbədi davranış standartından danışmaq xeyli risklidir. Çünki qlobal miqyasda müxtəlif təbiətli proseslər sürətlə cərəyan edir, qeyri-müəyyənliklər və risklərlə müşayiət olunur.

Təcrübə göstərir ki, dünyanın istənilən regionunda bir andaca geosiyasi mənzərə qarışa bilər. Separatçılığı, təxribatı, terroru himayə edən dairələr müxtəlif bəhanələrlə cəmiyyətləri sabitlikdən çıxarar. Cənubi Qafqaz bu baxımdan daha çox diqqət tələb edən məkandır. Səbəbi ondan ibarətdir ki, buraya böyük dövlətlərin güclü təsiri ilə yanaşı, yerli ölkələr sırasında Ermənistan da qeyri-müəyyənliyin qalmasında maraqlıdır. Bu örtük altında İrəvan işğal etdiyi ərazilərdə qalmağa çalışır.

Həm qlobal, həm də regional səviyyələrdən gələn bu cür riskli geosiyasi dinamika fonunda, əlbəttə, dayanıqlı və uğurlu xarici siyasət yeritmək asan deyil. Azərbaycan rəhbəri bunun öhdəsindən çox bacarıqla gəlməkdədir. Həmin kontekstdə İlham Əliyevin Rusiyaya səfərini tarixi adlandırmaq olar. Məsələ ondan ibarətdir ki, Rusiya qlobal miqyasda çox fəal olan və coğrafi olaraq Azərbaycana qonşu olan qüdrətli dövlətdir. Hazırda Rusiya ilə Qərb arasında geosiyasi nüfuz uğrunda gərgin mübarizə gedir.

Heç də hər bir regional dövlət bu mübarizənin fonunda balanslı mövqe tuta bilmir. Məsələn, Ermənistan kifayət qədər təhlükəli addımlar atır. Yeni erməni iqtidarının düşünülməmiş və birtərəfli siyasəti həm ölkə daxilində vəziyyəti qarışdırmaqda davam edir, həm də böyük dövlətlərlə münasibətlərdə ciddi qeyri-müəyyənliklər meydana çıxır. Nəticədə Ermənistanın özünün mövcudluğuna yeni təhdidlər yaranıb. Hazırda bu vassal ölkədə siyasi qüvvələrin bir-birinə qarşı radikal davranışları yeni səviyyəyə yüksəlib. O cümlədən R.Köçəryan N.Paşinyana əsl müharibə elan edib. Xatırladaq ki, R.Köçəryanı Rusiya, N.Paşinyanı isə Qərb dəstəkləyir.

Təbii ki, Ermənistanın bu acınacaqlı vəziyyətə düşməsinin əsl səbəbi xarici siyasətin yarıtmazlığıdır. Azərbaycan isə bunun əksinə – hər keçən gün daha uğurlu addımlar ataraq müstəqilliyini daha da möhkəmləndirir və inkişafını davam etdirir. Məhz bu baxımdan Prezident İlham Əliyevin Rusiya Prezidenti ilə görüşü və orada əldə etdiyi razılıqlar dövlətçilik baxımından prinsipial əhəmiyyət daşıyır. Moskva həm Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır, həm də təhlükəsizliyin təminində Bakı ilə sıx əməkdaşlığın əhəmiyyətini qəbul edir. Rusiya səfərinin əhəmiyyətinin digər aspekti bir sıra regional proseslərlə bağlıdır.

Bir-birini tamamlayan səfərlər: siyasi müdriklik nümunəsi

Məsələ ondan ibarətdir ki, Azərbaycan türk dövlətləri ilə də yaxından əməkdaşlıq siyasətini davam etdirir. Qırğız Respublikasında baş tutan sammit bu baxımdan çox vacibdir. Azərbaycan Prezidenti həmin tədbirdəki çıxışı zamanı milli dövlətçiliyin strateji hədəflərinə tam uyğun olan fikirlər ifadə edib. Türk dövlətlərinin əməkdaşlığının regional və qlobal geosiyasi reallıqlarla uzlaşması zərurəti vurğulanıb. Burada daha çox iqtisadi, enerji, mədəni və humanitar sferalarda rasional əməkdaşlıq modelinə üstünlük vermək prinsipi yer tutur.

Belə çıxır ki, reallıqda Azərbaycanın Rusiya və türk dövlətləri istiqamətində yeritdiyi siyasət bir-birini tamamlayır. Hər iki istiqamət qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanır. Onun iki nümunəsini göstərə bilərik. Azərbaycan Xəzərin hüquqi statusunun müəyyənləşməsində həm Rusiya, həm də Mərkəzi Asiya türk dövlətləri ilə konstruktiv-pozitiv ruhda müzakirələr apardı. Hətta Türkmənistanın müəyyən səbirsizliyinə təmkinlə yanaşdı. Rusiya və Qazaxıstanla isə tez anlaşdı. Məsələnin bu aspekti Azərbaycanın xarici siyasətinin əməkdaşlığa istiqamətlənmiş olması ilə sıx bağlıdır. Rəsmi Bakı siyasi aspektdə ustalıqla milli maraqları qonşu dövlətlərin maraqları ilə tarazlaşdıra bilir. Buna görədir ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsində Azərbaycan Prezidentinin mühüm rol oynadığını ekspertlər açıq etiraf edirlər.

Digər nümunə kimi Rusiya ilə Türkiyə arasında münaqişə yarananda Azərbaycan Prezidentinin barış naminə göstərdiyi fəallığı vurğulamaq olar. Azərbaycan həmin dövrdə faktiki olaraq iki böyük dövlətin bir araya gəlməsi üçün ciddi işlər gördü. Nəticədə, böyük bir geosiyasi regionda Türkiyə-Azərbaycan-Rusiya geosiyasi əməkdaşlıq modelindən danışmağa başladılar. İndi ermənilər bu gedişatdan bərk narahatdırlar.

Deməli, rəsmi Bakı davamlı olaraq Rusiya və türk dövlətləri istiqamətlərindəki siyasətinə rasional məzmun verib və bu proses hazırda davam edir. Bu baxımdan İlham Əliyevin Rusiya və Qırğız Respublikasına səfərləri bir-birini məzmunca və strateji olaraq tamamlayır, çoxvektorlu siyasi kursun inkişafına xidmət edir.

Həmin aspektdə Xorvatiyaya olan səfərin əvvəlki iki səfərlə uyğunluq təşkil etdiyini də vurğulamaq gərəkdir. Ümumiyyətlə, Avropa istiqaməti Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Bakı Avropa İttifaqının bir neçə üzvü ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Aİ ilə isə ayrıca strateji əməkdaşlıq sənədi hazırlanır. Avropanın siyasi liderləri dəfələrlə vurğulayıblar ki, Azərbaycan enerji təhlükəsizliyinin təminində ciddi rol oynayır. Hətta Bakının təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri ümumən Avropanın enerji xəritəsini yeniləşdirir.

Bunlar xarici siyasətdə çox önəmli məqamlardır. Ancaq Xorvatiya səfəri hazırkı mərhələdə enerji və nəqliyyat üzrə əməkdaşlığın perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Və eyni zamanda, Xorvatiya səfəri Rusiya və Qırğızıstan səfərini tamamlayan səfərdir. Çünki Zaqrebdə iki dövlət enerji və nəqliyyat sahələri ilə yanaşı, təhlükəsizlik sahəsində də əməkdaşlığın gələcəyinə toxunublar. Bundan başqa, Xorvatiya Prezidenti Xəzər hövzəsi ölkələri ilə əlaqələrə Şərqi Avropa-Xəzər hövzəsi təhlükəsizliyi kontekstində qiymət verib.

Bu onu göstərir ki, Xorvatiyaya səfər geniş miqyasda beynəlxalq əməkdaşlığa xidmət edir. Bütövlükdə böyük bir geosiyasi məkanda Azərbaycanın böyük rol oynadığı əməkdaşlıq şəbəkəsi meydana gəlir. Yuxarıda vurğuladığımız səfərlər həmin şəbəkənin əhəmiyyətli punktlarını təşkil edir.

Beləliklə, Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiya, Qırğız Respublikası və Xorvatiyaya səfərləri uğurlu xarici siyasətin gözəl nümunəsidir. Həm də burada onlar arasında sıx bağlılığın olması əhəmiyyətlidir. Rəsmi Bakı əsaslandırılmış və düşünülmüş siyasəti ilə ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə ciddi töhfələr verməkdədir. Şübhəsiz ki, bu siyasət davam edəcək. Azərbaycan dövlətinin qlobal miqyasda geosiyasi proseslərdə rolunun artması yeni mərhələyə qədəm qoyacaq. Sistemli və ardıcıl şəkildə həyata keçirilən xarici siyasət kursu milli dövlətçiliyin möhkəmlənməsi prosesində əvəzedilməz faktordur. Bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Azərbaycan rəhbərliyi müstəqil demokratik dövlətin davamlı inkişafı naminə xarici siyasətdə uğurlarını davamlı surətdə inkişaf etdirəcəkdir.

Newtimes.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: