“Rusiya 2018”: Nigeriya yığması İslandiyanı məğlub edərək səkkizdəbir finala yüksəlmək şansını yaxşılaşdırıb

144

İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının IX gününün ikinci oyununda “D” qrupunda yer alan İslandiya və Nigeriya milliləri üz-üzə gəliblər.

NUHÇIXAN xəbər verir ki, “Volqoqrad Arena”da keçirilən görüşdə Nigeriya yığması 2:0 hesabı ilə qalib gələrək səkkizdəbir finala gedən yolda vacib üç xal qazanıb.

Sürətli hücumlar şəraitində keçən görüşün ilk hissəsində İslandiya yığması daha üstün oyun nümayiş etdirsə də, hesab açılmayıb.

Görüşdə rəqibini əsasən əks-hücumlarda yaxalamağa çalışan nigeriyalılar matçın ikinci hissəsinin əvvəlində – 49-cu dəqiqədə istəklərinə çatıblar. Viktor Mosesin sağ cinahdan ötürməsindən sonra topu rəqibin cərimə meydançasında ustalıqla ram edən Ahmed Musa qapıya dəqiq zərbə endirib – 1:0.

Oyunun 75-ci dəqiqəsində Afrika təmsilçiləri növbəti əks-hücumu da uğurla başa çatdıraraq hesab arasındakı fərqi artırıblar. Kennet Omerionun ötürməsindən sonra Ahmed Musa qapıçını və müdafiəçiləri keçərək özünün və komandasının ikinci qolunu vurub – 2:0.

Bu qoldan sonra irəli atılan İslandiya yığması 83-cü dəqiqədə hesab arasındakı fərqi azaltmaq üçün gözəl imkan əldə ediblər. VAR sistemi sayəsində nigeriyalıların qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini Qilfi Siqurdson dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, ilk oyunda Xorvatiyaya 0:2 hesablı məğlubiyyətdən sonra ikinci görüşdə eyni hesabla İslandiyaya qalib gələn Nigeriya yığması səkkizdəbir finala yüksəlmək üçün vacib qələbə qazanıb. İki turdan sonra “D” qrupuna 6 xalla Xorvatiya yığması başçılıq edir. Xorvatiyalılar Nigeriyanı (2:0) və Argentinanı (3:0) məğlub ediblər. Nigeriya millisi 3 xalla ikinci pillədə qərarlaşıb. İlk turda heç-heçə edən (1:1) İslandiya yığması top fərqinə görə üçüncü, Argentina isə dördüncü sıradadır.

Qeyd edək ki, bu, Nigeriya yığmasının dünya çempionatlarında altıncı qələbəsidir. Nigeriyalılar bu qələbələrin hamısını Avropa təmsilçiləri üzərində qazanıblar. Afrika təmsilçisi 1994-cü ildə Bolqarıstan (3:0) və Yunanıstan (2:0) seçmələrini, 1998-ci ildə İspaniya (3:2) və Bolqarıstanı (1:0), 2014-cü ildə isə Bosniya və Herseqovinanı (1:0)məğlubiyyətə uğradıb.

Mundialın doqquzuncu gününün ilk oyununda “E” qrupu çərçivəsində Braziliya millisi Kosta-Rika yığmasını 2:0 hesabı ilə məğlub edib. Günə saat 22:00-da Kalininqrad şəhərində start veriləcək Serbiya-İsveçrə görüşü ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: