Siz azərbaycanlı ola bilməzsiniz…

1. 591

Yazımın adını tərəddüd etmədən seçdim. Qoy məqaləmin sərlöhvəsinə görə oxucular məni qınamasın. Bilirəm ki, ürəyində millət, Vətən, torpaq sevgisi olanlar məni yaxşı anlayacaqlar.

NUHÇIXAN İnformasiya Agentliyinin ötən həftə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən yaydığı ilk rəsmi məlumatlara görə, may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilib. Bu xəbərin  sevincini təkcə Şərur, onun Günnüt kəndi deyil, bütün Naxçıvan, bütün Azərbaycan   yaşadı. İgid və qəhrəman əsgərlərimizin, ordumuzun sayəsində hələ belə sevincləri çox yaşayacağıq. O gün  bütün dünya Naxçıvandan danışdı. Və bu gün də danışır. Blokada vəziyyətində olan bir bölgənin addım-addım torpaqlarını işğaldan azad etməsi hər bir azərbaycanlını qürurlandırır, hər birimizin BÖYÜK QƏLƏBƏYƏ inamımızı daha da artırır.

Ordumuzun bu qələbəsi 26 illik həsrətimizə  son qoydu.  Həmin kəndin sakinləri elə həmin gün Günnütə yollandılar. Kənd öz övladlarına, 26 ildir ki, yolunu gözlədiyi əzizlərinə qovuşdu. Doğma kanalda – Naxçıvan Dövlət Televiziyasında o mənzərələri izlədikcə ürəyimiz dağa döndü.

Bu da təbiidir ki, bütün bunlar erməni vandallarını narahat etməyə bilməzdi. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti  həmişə olduğu kimi yenə də real həqiqətləri təkzib etdi. Guya  Ermənistan tərəfi humanizm normalarına sadiq qalaraq  dinc əhaliyə qısa müddətə məzarlığa yaxınlaşmağa icazə verib. Son zamanlarda dərin hərbi və iqtisadi böhran keçirən Ermənistan tərəfinin bu açıqlaması olduqca gülünc görünür…

Günnütü öz gözlərimlə görmək üçün  iyun ayının 9-da  övladlarımla, kəndimizin uşaqları ilə  birlikdə ora üz tutduq. Kəndə gedən yolda abadlıq işləri görülürdü. Gülə-çiçəyə bürünən torpaq sanki dilə gəlmişdi.  İlk dəfə gördüyüm doğma yurdumun əsarətdən qurtarmış bu parçasının təbii  gözəlliyinə heyran qaldım.  Kiçik yaşlı uşaqlarla  bayrağımızı dalğalandırdıq. Həyəcanlı idik. Amma  rahatdıq.  Çünki ətrafımızda olan əsgərlər bizi qoruyurdular.  Orda bir daha əmin olduq ki, Günnüt bizim idi, bizimdi, bizim də olacaq!  Biz o yurd yerinə “icazə almamış” getmişdik. Çünki orda ORDUMUZ var idi-bütün xalqımızın arxayın olduğu ORDUMUZ…

Düşmən tərəfin hiddətini, məsələnin əsl mahiyyətindən yayınmaq cəhdlərini anlamaq olar. Amma… Məsələnin başqa tərəfi bir vətəndaş kimi məni və milyonlarla azərbaycanlını   çox narahat etdi. Günnüt kəndinin və ümumilikdə 11 min hektar ərazinin ordumuzun tam nəzarəti altına keçməsinə laqeyidliklə yanaşan, hətta bu tarixi uğuru şübhə altına alan açıqlamalar verən  “həmvətənlərimizin” fikirlərini oxuduqca dəhşətə gəldim. Və düşündüm ki, bu insanlar torpağımın insanı ola bilməz. Məmləkətimin övladı ola bilməz. Özü də bu fikirləri bildirənlər  hansısa xarici ölkələrdə yaşayan, torpaq, el-oba təəssübündən məhrum olanlar, ordumuzun uğurlarına həmişə kölgə salmağa çalışan saxta vətənpərvərlərdi.  Dünya erməniliyinin maliyyəsinə şirniklənən, Avropanın müxtəlif ölkələrində “mühacir” statusu ilə məskunlaşan əqidəsiz insanlardır.   Onlar bilməlidirlər ki, Günnütün axırıncı sakini 1992-ci ildə o kənddən çıxıb. Ermənistanla sərhəd xətti o kəndin üzərindən keçib. Sovet ordusu qoruyub kəndi. Onlar da gedəndən sonra özünü müdafiə dəstələri kəndi müdafiə edib. Amma hər tərəf düşmənlə əhatələndiyindən  yerli əhali çıxmaq məcburiyyətində qalıb. Ermənilər o kəndi dağıdıb, talan ediblər,  qəbristanlığını minalayıblar. Dağlarında ov edib, at oynayıblar. Yüksəklik mövqelərdə postlar qurduqlarına görə ərazilərə də nəzarət ediblər. Amma kənd indi yenidən Azərbaycan əsgərinin nəzarətindədir.

Naxçıvan televiziyasının işğaldan azad edilən ərazilərdən hazırladığı videoreprtajda hər şey aydın göstərildi, bu qələbə milyonlarla soydaşımız tərəfindən böyük sevinclə qeyd edildi. Lakin buna baxmayaraq,  sosial şəbəkələrdə uğurlarımızı şübhə altına salmağa çalışan “qəhrəmanlara”, xaricdə yallanıb dəyəri 2 qəpik olan “televiziyalarda” bu tarixi qələbəyə saxta ekspertlərin iştirakı ilə verilən “qiymətə” nə ad verək? Ermənistanda əhali bizim bu qələbəmizə görə ordunun üstünə qalxıb, informasiya portalları “Qızılqaya” yüksəkliyinin ələ keçirilməsi ilə İrəvan-Xankəndi yolunun ordumuzun nəzarətinə keçməsini tarixi uğursuzluq adlandırır, siz isə düşmənin dəyirmanına su tökməkdən yaxa qurtara bilmirsiz.  Əsrlər boyu xalqımıza qarşı soyqırımlar törədən,  bizim torpaqlarımızda özlərinə dövlət quran ermənilərdən fərqiniz nədir görəsən? Sizin etdiyiniz bu hərəkətlər Mirzə Ələkbər Sabirin “Millət deyir” taziyanəsində bircə beytdə faş edilir:

“İntelegent ağalar, biz sizi çoxdan tanırıq,

Bilirik sizdə bu gün qeyrəti millət yoxdur”

Siz “ağalar” gündə bir rəngə düşən buqələmunlar kimi öz rənglərini dəyişə-dəyişə heç kimi aldada bilməyəcəksiniz. Od olsanız da, ancaq özünüzü yandıracaqsınız. Sizin mayanız  xəyanətkarlıqla yoğrulub. Milli mənlik şüurundan, vətənpərvərlik hissindən məhrumsunuz. 1992-ci ildə  Günnüt kəndində qəhrəmanlıqla şəhid olan,ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən Asəf Rəhimov, Günnüt ərazisində yerləşən postda torpaqlarımız uğrunda dünyasını dəyişən Kamran Məmmədovun və sonuncu əməliyyatda o yolu gedərək şəhidlik zirvəsinə ucalan  Adil Tatarovun ruhularına hörmətiniz olsun. Sizin bu hərəkətiniz Azərbaycan xalqına,  onun qəhərmanlıq tarixinə hesablanmış ən böyük xəyanətdən başqa bir şey deyil.  Siz azərbaycanlı ola bilməzsiniz.   “Mən, azərbaycanlıyam”  deməyə sizin ixtiyarınız da yoxdur. Çünki  sizin mayanız xəyanətkarlıqdan yoğrulub. Sizin ruhunuz  dünyaya gəldiyiniz torpağın havasından, suyundan yoğrula bilməz. Əsl vətənpərvər insanda  doğma yurd, torpaq sevgisi onun hissinə, duyğusuna hopur, canına, qanına işləyir.   Ancaq  bu təqdirdə mən Azərbaycan, Azərbaycan da mən deməkdir. Belədirsə, Azərbaycanın çörəyini yeyən, suyunu içən, havasını udub böyüyən, bu torpaqda yaşaya-yaşaya, Azərbaycana Vətən deyə-deyə bu iftiraları yaşamaq və yaymaq nə dərəcədə doğrudur? Bu hərəkətinizdən utanırsınızmı?  Azərbaycanın hamımızın evi olduğunu unutmayın. Vaxt varkən ya papaqlarınızı qabağınıza  qoyub fikirləşin,  ya da vicdanınızın  (əgər varsa) səsinə qulaq asın.  Vətəni satmaqla heç nə qazanmaq olmaz, çünki ondan qiymətli heç nəyimiz yoxdur. Elə bu yerdəcə böyük ustad Üzeyir bəy Hacıbəylinin bir sözü yadıma düşür: Küyçülər iki cür olur: birisi anlaya-anlaya pisi yaxşı, yaxşını pisləyir, çünki qərəzi-şəxsi var. Və o qərəzi-şəxsini hər şeydən üstün tutur. Birisi də anlamadığına görə pisə yaxşı, yaxşıya da pis deyir, çünki başa düşmür, ağlı kəsmir, hər ikisinin cəmiyyətə zərəri var”. Bəli, cənablar, sizin qərəzi-şəxsiniz var. Bu qərəzinizi anlamaq olar. Ancaq Vətənə xəyanəti bağışlamaq olmaz. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın”.

                                                                  Sara ƏZİMOVA

jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: