Təndirəsərləri əvəz edən sosial şəbəkələr

Sahil Tahirli yazır

692

Bu gün əlamətdar gündür. Düz 92 il bundan əvvəl – 1926-cı il noyabrın 6-da ölkəmizdə ilk dəfə radio verilişlərinin yayımına başlanılıb.  Bununla da Azərbaycanda elektron medianın əsası qoyulub.

Bu əlamətdar gün həqiqətən də uğurla keçilən bir əsrlik tarixi yolu özündə təcəssüm etdirir. Vaxtilə milyonların sirli qutu hesab etdiyi radio insanların səsini, sözünü, sevinc və saf duyğularını el-el, oba-oba dolaşdırıb. Səhərlər Üzeyirin “Koroğlu uverturası” ilə açılıb, axşamlar “Bulaq”la, “Hekayə axşamları” ilə yola salınıb. Qanlı-qadalı müharibələrin ilk xəbəri də radio ilə verilib. Böyük zəfər və qələbələrin müjdəsi də radio efirindən çatdırılıb. Əvvəl “Bakı danışıb”, 1930-cu ildən sonra isə Naxçıvan. 1932-ci ildə yaradılan Naxçıvan Radio Verilişləri Komitəsi də qədim diyarın ictimai – mədəni həyatına xüsusi bir ab-hava, mədəni yüksəliş gətirib. Sonra radiolarımıza televiziyaların da qoşulması ilə bu sahədə, belə demək mümkünsə, inqilab baş verib…

Hər iki halda insanlar böyük bir sevinc keçiriblər. Evlərində ağsaqqala, ağbirçəyə inandıqları kimi, teleradioya da könül verib inanıblar. Yüz illərlə “Qəzet yazıbsa, televiziya və radio veribsə, deməli düzdür”,- prinsipi şüurlarda kök salıb. Milli mədəniyyət və dəyərlər, maarifçilik, dəqiq xəbərlər, yüksək efir və nitq mədəniyyəti, jurnalist peşəkarlığı Azərbaycan mediasını insanların güvənc, inam yerinə çevirib… Bu gün cəsarətlə demək olar ki, görkəmli ədibləri – Məhəmməd Tağı Sidqini də, Mirzə Cəlili də, Nəriman Nərimanovu da, Hüseyn Cavidi də, Məmməd Arazı da, Bəxtiyar Vahabzadəni də, Xəlil Rzanı… da Azərbaycan mətbuatı yetişdirib.

Təəssüf ki, zaman ötdükcə media sahəsində qazandığımız belə yüksək dəyərlərə kölgə salmaq cəhdləri ilə də qarşılaşmışıq. İnternetin inkişafı ilə meydana çıxan “sosial media” anlayışı bəzən adını belə düzgün yaza bilməyənləri gündəmə gətirib. Efirlərdən səslərini, sözlərini, elə özlərini də səbirsizliklə gözlədiyimiz sənətkar və yazarlarımızı küçə və toy manısları əvəz edib. Əvvəllər təndirəsərlərə məxsus olan “qeybətçilik fəlsəfəsi” indi sosial şəbəkə müstəvisinə daşınıb! Kim kimdən nə gəldi yazır, döşəyir, yıxıb-sürüyür.

Həə, bir də yeri gəlmişkən, acınacaqlı hal budur ki, yüzlərlə sayt və qəzetlərin, hətta bir sıra televiziya və radioların əsas xəbər mənbəyi yalan və qərəzli informasiyaların, cılız ailə-məişət mövzularının tüğyan etdiyi elə həmin sosial şəbəkələrdir. Bəzən  dahşətə gəlirsən ki,  insanların şəxsinin, işgüzar nüfuzunun, karyerasının və gələcəyinin sosial mediada bir qara qəpik qədər qiyməti qalmayıb…Arvadını baltalayan, uşağını boğan, atasını satan, fala baxan, mayallaq aşan, oğurluq edən, cibində anaşa gəzdirən, nə bilim daha kimlər bəzən hətta qəhrəman obrazında cəmiyyətə təqdim olunurlar. Qırmızı rəngli dar şalvar geyinib bir qulağından “xalta” asan kişiciklər isə efirlərin yarı-yaraşığıdı… Loto oynadanlar, ekstrasenslər, nə bilim nə senslər insanları lap təngə gətirib. İndi yəqin Amerikada, Avropada və yaxud Sibirdə bizə baxanlar elə bilir bəlkə bizim mədəniyyətimiz, musiqimiz, ailə dəyərlərimiz “İnstaqram” və ya “Feyzdə” olan kimidi…

Vallah, biz bu deyilik axı! Heç bizim milli dəyərlərimiz, qızıldan da qiymətli olan mətbuat ənənələrimiz, jurnalist peşəkarlığımız da bu deyil!

Biz Qobustanda, Gəmiqayada min illər əvvəl tarix yaradanda hələ bəşəriyyət qış yuxusunda idi.  Buzu əriməmişdi. On ikinci əsrdə Nizamini yetirib Mömünə Xatını tikəndə isə heç indiki Moskva şəhəri də yer üzündə olmayıb! Gözəl musiqi və memarlığımız, milli-mənəvi dəyərlərimiz isə min illərdir ki dillərə dastandı…

Məsələni çox uzatmaq fikrim yoxdu. Bu əlamətdar gündə sözümün canı budur ki, bütün media fədailəri, əsl qələm sahibləri qələmin və sözün kəsər və dəyərini “sosial şəbəkə qəhrəmanları”na qurban etməmək üçün ciddi səylə çalışmalıdır. Yuli Sezar vaxtilə deyirdi ki, “Bir xalqı məhv etmək üçün onu xırda ticarətə, çalıb oynamağa və əyləncəyə öyrəşdirmək kifayətdir”.

P.S. Bu əlamətdar gün münasibəti ilə əli qələminə, qələmi də əlinə yaraşan bütün telaradio fədakarlarını təbrik edirəm!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: