“TRT World” kanalı Naxçıvandan reportaj yayımlayıb - VİDEO

1. 024

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı – “TRT World” Naxçıvan Muxtar Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərindən geniş reportaj yayıb.

NUHÇIXAN xəbər verir ki, reportajın əvvəlində Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə iyunun 26-da Bakıda keçirilən hərbi paradda səsləndirdiyi “Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır” fikrinə yer verilir.

1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin 26 ildən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən azad edilməsi barədə məlumat verilən reportajda jurnalistlərin hərbçilərimizdən aldıqları müsahibələr də əksini tapıb. Azərbaycan Ordusunun uzun müddətdir ki, Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əraziləri geri qaytarmaq üçün xüsusi əməliyyat hazırladığı və həmin əməliyyatın uğurla həyata keçirildiyi bildirilir. Vurğulanır ki, bu əməliyyat nəticəsində, ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. İndi həmin ərazilərə Azərbaycan əsgərləri nəzarət edirlər.

“TRT World”ün jurnalisti vurğulayır ki, azad edilən ərazilərdə azərbaycanlılara aid qəbirlərin mövcudluğu həmin ərazilərin məhz Azərbaycana məxsus olduğunu bir daha sübut edir.

Reportajda Naxçıvanda fəaliyyət göstərən orta məktəbin müəllimi Vüsalə Əliyeva ilə müsahibə də yer alıb. O, ermənilərin törətdikləri vəhşiliklər barədə məlumat verir. Bildirilir ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb.

Reportajda Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yüksək hərbi hazırlıq vəziyyətinə gətirildiyi və ən müasir avadanlıqlardan istifadə edilməklə gənc əsgərlərin də qatıldıqları hərbi təlimlərin keçirildiyi diqqətə çatdırılır.

NUHÇIXAN həmin videomaterialı sizə təqdim edir:

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: