Naxçıvanda Kitab festivalı keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, mayın 8-də Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində Kitab festivalı öz işinə başlayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli festivalın açılış tədbirində iştirak edib.

Məlumat verilib ki, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunan sərgidə 900 çeşiddə, 70 minə yaxın kitab və digər nümunələr nümayiş etdirilir.

Səlahiyyətli nümayəndə Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Müəllimlər İnstitutu üçün ayrılmış stendlərdə Naxçıvanda fəaliyyət göstərən alim və pedaqoqlar tərəfindən nəşr olunmuş tədqiqat əsərləri, dərslik və dərs vəsaitləri, eləcədə qəzet və jurnallara baxıb, muxtar respublikanın müxtəlif sahələri ilə bağlı işıq üzü görmüş tədqiqat əsərlərini yüksək qiymətləndirib.

“TEAS PRESS” Nəşriyyat Evində çap olunan yüzlərlə adda dünya klassiklərinin orijinal dildə və tərcümə olunmuş əsərləri, yerli və xarici bədii ədəbiyyat nümunələri, uşaq ədəbiyyatı, dərslik və dərs ləvazimatları festival iştirakçılarının böyük marağına səbəb olub. Nəşriyyat evi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr etdiyi stend də xüsusi diqqəti cəlb edir. Burada dahi liderin mənalı ömür yoluna işıq tutan onlarla yerli və xarici dildə kitablar nümayiş etdirilir. Baxış zamanı səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə “Heydər Əliyev: yaşayan tarix“ kitabı hədiyyə olunub.

Səlahiyyətli nümayəndə festivalda iştirak edən tanınmış yazıçılar Elçin Əzimli, Raqif Raufoğlu, Varis və Mürşüd İsmayılzadə ilə söhbət edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Yazıçılar festivalı yüksək qiymətləndirib, Naxçıvan oxucusunun kitaba olan marağını xüsusilə vurğulayıb, daha çox tarixi romanlara və şəhidlərimizlə bağlı nəşr olunan kitablara üstünlük verildiyini diqqətə çatdırıblar. Bildirilib ki, son zamanlar Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqları və şanlı qələbəmizlə bağlı dəyərli kitablar ərsəyə gəlir və şəhid ailələrinə hədiyyə olunur. Yazıçı-jurnalist Raqif Raufoğlu qələmə aldığı “Ustad”, Elçin Əzimli “Çağrı” və “Dan ulduzu”, Varis “Uzaqdan gələn yağış”, Mürşüd İsmayılzadə “Zəfəri yaşayanlar, yaşadanlar”, “Əjdaha qardaşlığı” və digər kitablarını səlahiyyətli nümayəndəyə təqdim ediblər.

Fuad Nəcəfli festivalda iştirak edən balaca kitabsevərlərə kitablar hədiyyə edib, onlarla xatirə fotoları çəkdirib.

Festivalda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə və Mədəniyyət nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə istedadlı qadınların, sağlamlıq imkanları məhdud şəxslərin, məhkumların və digər kateqoriyadan olan şəxslərin yaradıcılığı, əl işləri və sənətkarlıq nümunələrinin sərgi-satışı təmin olunub. Səhiyyə Nazirliyi isə festival iştirakçıları üçün maarifləndirici guşə təşkil edib. Həmçinin iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün ayrılmış stenddə muxtar respublikanın zəngin təbii sərvətlərindən nümunələr, onlar haqqında çap məhsulları, Naxçıvanın ekosisteminin tədqiqi və emalında istifadə olunan cihazlarla tanış ola bilərlər.

Naxçıvanda brayl əlifbası ilə nəşr olunmuş kitab və digər çap vəsaitləri ilə tanış olan səlahiyyətli nümayəndəyə məhdud fiziki imkanlı gənclərin təhsili və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bu kateqoriyadan olan şəxslər üçün xüsusi fərdi və inklüziv tədris imkanları yaradılıb, bu günədək mindən artıq brayl əlifbası ilə dərslik, bədii ədəbiyyat və jurnallar nəşr etdirilib.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası “Heydər Əliyev – 101”, “Naxçıvan Muxtar Respublikası – 100”, “Yaşıl dünyamız – sağlam gələcəyimiz” və “Uşaqların nağıl dünyası” başlıqlı sərgilərlə, “SEVİNC - Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək” İctimai Birliyi isə milli dəyərlərimizi əks etdirən nümunələrlə festivalda təmsil olunub.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Sevgi Abdullazadənin Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Kitablardan qazandığım dostlarım” adlı kitab və karikatura sərgisi festivala özünəməxsus rəng qatıb. Səlahiyyətli nümayəndə Sevginin rənglər dünyasına maraqla baxıb, gənc istedadın yeni ərsəyə gətirəcəyi rəsm tablosuna ilk rəngi çəkib, onunla xatirə fotosu çəkdirib.

Gənc könüllülər Kitab festivalının təşkilində fəal iştirak edib, kitab və mütaliə ilə bağlı fləşmob təqdim ediblər.

Könüllülərin “Kitab hədiyyə et, dəyər qat” aksiyası ilə tanış olan Fuad Nəcəfliyə məlumat verilib ki, layihə çərçivəsində iştirakçıların təqdim etdikləri kitablar cəzaçəkmə müəssisəsi, internat məktəbi və ahıllar evinə təqdim olunacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və ˝TEAS Press˝ Nəşriyyat Evinin təşkilatçılığı ilə keçirilən kitab festivalı mayın 11-dək davam edəcək. Festival çərçivəsində tanınmış şair və yazıçılar Elçin Əzimli, Raqif Raufoğlu, Varis, Mürşüd İsmayılzadə, Elxan Elatlı, Aqşin Yenisey, Zahid Xəlil, Aysel Şıxlının iştirakı ilə maraqlı görüşlər, imza saatları, panel müzakirələri keçiriləcək, müxtəlif istiqamətlərdə maarifləndirmə aksiyaları təşkil olunacaq, uşaqlar üçün əylənərək öyrənmək imkanı yaradılacaq.

“APF Group” MMC, “Ləzzət Qrup” MMC, “Güvən İnşaat”, “Sürət Kargo” və “İbesta”nın sponsorluğu, “Azərtac” Dövlət İnformasiya Agentliyi, Naxçıvan televiziyası, Real TV, “Şərq qapısı” qəzeti, “Nuhçıxan” və “Report” informasiya agentliklərinin media tərəfdaşlığı ilə keçirilən kitab sərgisində iştirak ödənişsizdir. Festival iştirakçıları endirimli kitablardan faydalana və yaradıcı insanların müxtəlif əl işləri və beyin məhsulları ilə tanış ola bilərlər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: