NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində bölmənin 2018-ci ilə aid elmi və elmi-təşkilati hesabatı olub.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev 2018-ci ildə görülmüş elmi-təşkilati işlərlə bağlı məruzə edib. Qeyd edib ki, bölmənin tərkibindəki elmi qurumlarda təsdiq edilmiş plana uyğun olaraq 83 mərhələ üzrə tədqiqatlar tamamlanıb və 11 mühüm elmi nəticə əldə olunub. Bölmə əməkdaşları 2018-ci ildə Naxçıvanda aparılan beynəlxalq arxeoloji ekspedisiyada, iyun-iyul aylarında Naxçıvan şəhəri yaxınlığında yerləşən Naxçıvantəpə yaşayış yerində və Duzdağda aparılan arxeoloji qazıntılarda iştirak ediblər.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin təsdiq etdiyi İş planına uyğun olaraq “Naxçıvan coğrafiyası” monoqrafiyasının ikinci cildi çap olunub.
Vurğulanıb ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 23 monoqrafiyası, 15 kitabı, 4 kitabçası, 3 metodik vəsaiti, 555 elmi məqaləsi, 213 konfrans materialı, 7 tezisi olmaqla 820 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 monoqrafiya, 87 elmi məqalə, 75 konfrans materialı və 3 tezis olmaqla 167-si xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 48-i impaktfaktorlu jurnallarda çap olunub. Tədqiqat dövründə 6 monoqrafiya və 229 məqalə çapa təqdim olunub.
İsmayıl Hacıyev qeyd edib ki, hesabat dövründə Təbii Ehtiyatlar institutunun əməkdaşları tərəfindən “Şorsu” palçığının kimyəvi tərkibi analiz edilib, palçığın qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, iki növdə müalicəvi dərman məhsulları qablaşdırılaraq istifadəyə verilib.
2018-ci ildə AMEA Naxçıvan Bölməsində 2 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb və hesabat Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilib. Bölmə əməkdaşlarının təqdim etdiyi 1-i beynəlxalq olmaqla 3 qrant layihəsi qalib olub. Bölmədə 1 beynəlxalq, 13 elmi konfrans, 9 iclas və tədbir, 46 seminar keçirilib. Bölmədə 13 kitab və monoqrafiyanın təqdimatı, Oxunması zəruri olan 10 kitabın müzakirəsi aparılıb.
Bölmənin elektron portalına mühüm hadisələr, maraqlı məlumat, müdafiə edən əməkdaşlar, keçirilən tədbirlərlə əlaqədar məlumatlar əlavə edilib, Batabat Astrofizika Rəsədxanasının saytı hazırlanıb istifadəyə verilib.
Akademik bildirib ki, bütün bunlarla yanaşı AMEA Naxçıvan Bölməsinin fəaliyyətində bəzi çatışmazlıqlar da mövcuddur.
Bəzi institut direktorları, şöbə və laboratoriya rəhbərləri institut, şöbə və laboratoriyaların kadrlarla komplektləşdirmə işi ilə zəif məşğul olurlar. AMEA Naxçıvan Bölməsinin başqa sahələrində də nöqsanlara təsadüf edilir. Elmi-tədqiqat müəssisələrində tətbiq yönlü işlər zəifdir. Bir neçə ildir ki, təsərrüfat və sənaye əhəmiyyətli patentlər alınmır. Nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın muxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Əlyazmalar Fondunun direktoru Fərman Xəlilov, Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev məruzə ətrafında çıxış edərək görülmüş işlər barədə məlumat veriblər.
Sonda bölmənin əməkdaşlarından Firudin Rzayevə və Orxan Bağırova “İlin alimi” diplomları təqdim olunub.
Turab Hacızadə