BOLLUQ, BƏRƏKƏT RƏMZİ XIDIR NƏBİ MƏRASİMİ - FOTOLAR

A- A A+

Xalqımızın mövsüm və məişət mərasimlərinin qədim kökləri vardır. Bunların Azərbaycan türklərinə məxsus olub, kökü də məhz xalqımızın qədim mədəniyyəti ilə bağlı olanları da var, ümumtürk aləmində icra olunaraq kökü qədim türklərin ümummədəniyyət faktorlarına bağlı olanları da. Məhz ümumtürk dünyasına məxsus olan mərasimlər sırasında qədim mifoloji görüşlərlə zəngin olan Xıdır Nəbi mərasimlərdən birir də Xıdır Nəbidir ki, mərasimin zəngin ritullarla bəzənməsi onun mifoloji köklərinin də həm bir o qədər zəngin, həm də dərin olmasını sübut edir.

Qeyd edək ki, “şıltaqlığı və ərköyünlüyü” ilə qış fəslinin “oğlan çağı” adlandırılan Kiçik Çillə dönəminin, yəni fevral ayının əvvəlindən ta ki 20-nə kimi olan zamanında hava Böyük Çillə dönəminin əksinə olaraq soyuq keçir: əsasən dağlıq ərazilərdə qar, dolu və şaxtalı hava insanları təsərrüfat baxımdan narahat edir. Böyük Çillə zamanında özünü xoş göstərən havanın, necə deyərlər, “üzü dönür”. Və qədim insan da belə haavanın, şaxtanın, soyuğun gətirə biləcəyi ziyanı dəf etmək məqsədilə müxtəlif ayinlər, rituallarla təbiətə qarşı gəlir, bununla da özünü sanki gələcək təbii bəlalardan “sığortalayır”. Bu münasibətlə keçirilən ritulların diqqət çəkənlərindən biri dı Xıdır Nəbi mərasimidir. Xıdır Nəbi mərasimi Kiçik Çillənin ilk onuncu günü qeyd olunur. Xalq yaddaşında mövcud olan inanca görə, Xıdır Nəbidən üç gün əvvəl, üç gün də sonra yel əsər. Bu yel Xıdır yeli adlanar. Və bu yel güclü olar.Yel əsməyə başlayanda hər tərəf toz-torpağa bürünər. Xalq söyləmələrinə görə, bu toz-torpaq Xıdırın əfsanəvi atının təpiyindən qopan tozdur. Xıdır öz gəlişini belə bildirər. Üç gün sonra əsən yel Xıdırın getdiyini bildirər. Yenə hər tərəf toza, dumana bürünər. Aləmə bolluq, bərəkət, istilik, yaşıllıq bəxş edən Xıdır, xalq inancına görə, özü yaşıl geyimli, atı isə boz rəngdədir. Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində Xıdır Nəbi mərasimində ən çox sevilən nemət buğda qovrulmuşudur. Əgər əvvəllər təkcə buğda qovrulardısa, hazırda başqa dənli bitkilər də əlavə olunaraq qovrulur. Xıdır Nəbi mərasimin simvolik yeməyi kimi məşhur olan qovudun hazırlanması mərasimin özəlliyini vurğulayır. Undan və şərbətdən hazırlanan qovud istilik yaradan yeməkdir. Həm də ona görə hazırlanır ki, soyuq, sərt keçən çillə bu istilikdən “qorxsun”. Bu da insanların “ərköyün və ziyankar” Kiçik Çillənin onlara, təsərrüfata vuracağı ziyanın qarşısını almaq istəyini ifadə edir. Havaların olduqca soyuq keçməsindən ehtiyat edən etnos təbiətin ona xoş davranması üçün qurban vermə, itaət etmə rituallarını həyata keçirirdi. Bunun qalıqları hazırda qovudun hazırlanması mərasimində özünü qouruyub saxlamaqdadır.

Ümumiyyətlə, xalq mövsüm və məişət mərasimlərində daha aktiv fəaliyyət göstərən qadınlar Xıdır Nəbinin icrasında da böyük aktivlik nümayiş etdirirlər. Və qadınlar Kiçik Çillə girəndən buğda tədarükünü aparırlar. Beləliklə, buğda qovrulur. Qovrulan buğda əl dəyirmanında döyülür. Döyülən buğda una çevrilsə də, iri dənələrin qalmağı qovutu daha dadlı edər. Üzərinə yağ, su əlavə edilən qovuta hazırda şəkər də əlavə olunur. Lakin əvvəllər qovut üçün seçilən buğda şirin buğda növündən olurdu və ona şəkər əlavə olunmurdu. Belə qovud daha dadlı olardı. Hazırlanan qovut kiçik qablarda evin dörd küncünə qoyulur. Etiqada görə, Xıdır gəlib qovuta barmaq basacaq. Xıdır Nəbi gəlib hansı qovudun üzərinə barmağını basarsa, o qovutu gələn ilə saxlayarlar. Bu, bərəkət rəmzidir. Həm də bu, Xıdırın həmin evə bolluq, bərəkət arzusunu ifadə edən inancdır. Bu baxımdan xalq arasında bərəkətli olan ruzi, tükənməz var-dövlət haqqında belə deyərlər ki: “Buna Xıdırın əli dəyib”.

Mərasimin əsas diqqətçəkən “tələblərindən” biri də evlərdə təmizlik işlərinin icarsıdır. Və mərasimin xoş keçməsi, ilin bərəkətli, xeyirli olmasını arzulayan qadınlar evlərdə təmizlik işləri aparır, qonşu və qohumlarda olan qadınlar bir evə toplaşıb nəğmələr oxuyar, şirniyyatlar bişirərlər. İnanca görə, insanlar üçün Tanrıdan bolluq diləyən Xıdır obrazı təmiz olan evdə çox qalar. Həm də həmin mərasim dönəmində insanlar bir-biri ilə mehriban münasibətdə olmalıdır.

Türk xalqlarında olan mifik inanca görə, Xıdır Nəbinin iki qardaşı da var. Yəni Xıdır Zinda, Xıdır İlyas və Xıdır Nəbi üç qardaşdırlar. Xıdır Zinda çətinlikdə olanlara Tanrıdan aman, rəhm diləyər. Xıdır İlyas sudan insan üçün təhlükə yararananda köməyə çağırılar. Xıdır Nəbi isə qıtlıqdan, kasıblıqdan əziyyətə düşənə Tanrıdan kömək istəyər. Həmin mifik inancın qalıqları indi yaddaşlarda qorunan bir elə kəlamında belə ifadə olunur: “İşlərin çətinlikdədirsə, Xıdır Zindanı çağır. Suda boğulanda, ya da suszluqdan əziyyət çəkəndə Xıdır İlyası, kasıbsansa, ruzin yoxsa, Xıdır Nəbini səslə”. Təsadüfi deyil ki, Azərbaycanın bəzi regionlarında, eləcə də bəzi türk xalqlarında Xıdır nəbi mərasiminə Xıdırəlləz də deyərlər.

Naxçıvan MR ərazilərindən topladığımız inanc nümunələrinə əsasən, Xıdır Nəbi mərasiminin fevral ayının 10-na qədər mövcud olan ilk cümə axşamında qeyd olunmağı məqbul sayılır. Bu da dini faktorların xalq mərasimlərinə, mərasim yaddaşına təsirinin nəticəsidir.

Qərbi Azərbaycanın Dərələyəz mahalından qaçqın düşən əhalinin Xıdır Nəbi mərasimi ilə bağlı keçirdikləri rituallar iki mərhələli olur, yəni iki gün ərzində icra olunur. Məsələn, Ordubad rayonunun Parağa kəndində məskunlaşan Dərələyəz mahalının ağbirçəkləri – Lalə Məmmədova və Ölkə Xudayeva bacıları bu mərasimlə bağlı maraqlı faktları belə təsvir edirlər: “Xıdırın birinci günü, yəni fevralın 4-ü “Xıdırın qovurğa günü”dür. Bu gün yalnız dənli bitkilərdən – buğda, qarğıdalı, küncüt və s. qovrulur. Qovurğanı hazırlayanda gənc qızlrın falına da baxarlar. Sacı qoyurlar ocağın üstünə buğdanı da subay qızlar hərəsi özü bir-bir atır isti sacın üstünə. Belə deyərlər ki, hansı buğda tez çırtlasa onun “sahibi” subay qız o il ailə quracaq. Hansı çırtlamadısa, demək o buğdanın sahibi “qalax qalacaq”, yəni evdə qalacaq. Evlərdə qovrulmuş və üyüdülmüş buğdadan qovut hazırlanır. Qovut qoyulur yükün altına. Düşünülür ki, Xıdır peyğəmbər gələcək, əlini basacaq qovutun üstünə və o zaman o evdə bərəkət həmişə olacaq”. Bu ərazidə insanlar Xıdır Nəbi mərasiminə həm də “7 ləvin” deyirlər. Bu da həmin gün süfrədə yeddi cür çərəzin olmasını ifadə edir: ərik qurusu, qovurğa, qovut, cəviz, kişmiş, noxud, ərik dənəsi bu gün mütləq süfrədə olmalıdır. İkinci gün, yəni fevralın beşi “xaşıl günü” adlanır. Bu gün mütləq evlərdə xəşil bişirilməlidir və ailənin hər üzvü də bu xəşildən yeməlidir. Xəşil ya bal, ya da doşabla və adətən səhər tezdən yeyilir. Dərələyəzin Xıdırının ən maraqlı tərəflərindən biri də Xıdır payı yığmaq adətidir. Xıdır payı toplamaq məqsədilə evlərə üz tutan uşaqlar qapılara yaxınlaşanda ev yiyəsinə maraqlı poetik mətnlərlə müraciət edərlər:

Xıdır, Xıdır, Xıdır Eylas,

Bitdi çiçək, oldu yaz.

Mən Xıdırın nalıyam,

Başının papağıyam.

Xıdır, Xıdır, Xıd gətir,

Get dərədən ot gətir,

Kim Xıdırın payın verməsə...

Xıdır payı verilməyən evlərdən qarğış və qeyri-etik sözlərlə geri qayıdarlar. Xıdırla bağlı Dərələyəz mahalında qadağalar da vardır. Deyərlər ki, Xıdır Nəbi bəndərgahdır, yəni Xıdırın xoşuna gəlməyən, bəyənmədiyi işləri görməzlər. Bu gündə baş yumazlar, suya düşməzlər, paltar yumazlar, gecə şər vaxtı isti suyu həyətə atmazlar. Ümumiyyətlə, Xıdırın xalq düşüncəsindəki missiyası ruzi, bolluq, əmin-amanlıq gətirməkdir. Xıdır türk mifik təfəkürürün məhsulu olan obrazdır. Xıdıra müraciət edən qədim etnos ondan hər zaman nicat gözləyib.

Xalqımızın mövsüm və məişət mərasimlərinin əsas mahiyyəti elə xalqımızı məxsus olan köklü əxlaqi dəyərlərin qorunması və gələcəyə ötürülməsidir. Ümumtürk dəyərlərinin daşıyıcı olan bütün mədəni faktorlarımız qədim türk mədəniyyətinin dərinliklərini, o cümlədən mifoloji, fəlsəfi dünyagörüşünə aid olan məqamların təbliği və qorunmasıdır. Odur ki, bu mərasimlərimizin icarsı kökü qədimlərdən qaynaqlanan mədəniyyət tarixmizə hörmət və ehtiramı da ifadə etmiş olur.

Aytən Cəfərova

Fil.ü.f.d., dosent

AMEA Naxçıvan Bölməsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: