Gənclər Kitabxanası Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar virtual sərgi hazırlayıb

A- A A+

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş silsilə materiallar istifadəçilərə təqdim edilib.

Kitabxanadan NUHÇIXAN-a bildirilib ki, “Naxçıvan Muxtar Respublikası - 100” adlı virtual kitab sərgisi və məlumat bülletenində muxtar respublikanın 100 illiyinə dair Sərəncamın tam mətni, Naxçıvan diyarının qədim tarixi, zəngin mədəniyyəti, şəhər və rayonları haqqında məlumatlar öz əksini tapıb.

Materiallarda, həmçinin uzun illər erməni qəsbkarlarının buraya olan torpaq iddiaları, Naxçıvanın Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə nümayiş etdirdiyi fədakarlıqlar, tarixi əhəmiyyətli Qars və Moskva müqavilələri haqqında informasiya verilib.

Virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin Naxçıvan diyarının muxtariyyət alması haqqında söylədiyi dəyərli fikirlər, məhz Ümummilli Liderin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsini əks etdirən tarixi görüntülər nümayiş olunub. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda “Heydər Əliyev və Naxçıvan tarixi məsələləri”, “Naxçıvan dövlət müstəqilliyi uğrunda mübarizənin dayağıdır”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Naxçıvan xanlığı”, “Naxçıvanın təbii sərvətləri”, “Ermənistanın soyqırım və deportasiya siyasətində Naxçıvan”, “Naxçıvan ifaçılıq məktəbinin görkəmli nümayəndələri”, “Ulu Naxçıvanım”, “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri”, “Naxçıvanın məktəb tarixindən səhifələr” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və annotasiyası verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: