Müəssisə fəaliyyətini genişləndirir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan köynək və alt trikotaj geyimləri istehsalı sahələri fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru Bəxtiyar İsmayılov yeni istehsal sahələri ilə tanış olublar.
İstehsal sahəsində Yaponiya, Avstraliya və Türkiyə Respublikalarından alınmış müasir avadanlıqlar quraşdırılıb. Xammal Türkiyə Respublikasından gətirilir. Müəssisənin 8 saatlıq iş rejimində istehsal gücü min ədəd köynək, kişi və uşaq alt geyimləridir. Burada hələlik 13 çeşiddə məhsul istehsalına başlanıb. Gələcəkdə isə məhsul istehsalının çeşidlərini artırmaq nəzərdə tutulub. Eyni zamanda yeni istehsal sahələrinin yaradılması ilə 45 iş yeri açılıb. Orta aylıq əmək haqqı 300 manatdır.
Qeyd edək ki, müəssisə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yaradılıb. İstehsal sahələrinin yaradılmasına 800 min manat vəsait sərf olunub. Həmin vəsaitin 485 min manatı Sahibkarlığın İnkişafı Fondu tərəfindən ayrılmış kreditdir. 315 min manat isə müəssisənin öz vəsaitdir.
Əbülfəz Dünyamalıyev