2018-ci il Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin olub. Ölkəmizdə növbəti Prezident seçkiləri keçirilib, Xəzərin hüquqi statusu haqqında çoxdan gözlənilən saziş imzalanıb, ölkəmizin siyasi, iqtisadi, sosial, idman həyatında diqqət çəkən digər yeniliklər baş verib. NUHÇIXAN 2018-ci ilin əsas hadisələrinin icmalını təqdim edir.
Azərbaycanda növbəti prezident seçkiləri keçirildi
Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Səslərin 86,02 faizini toplayan İlham Əliyev seçkilərdə inamlı qələbə qazanaraq yeddiillik müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirildi. Toplantı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzaladılar.
Azərbaycanın üçüncü peyki “Azerspace-2” orbitə buraxıldı
Sentyabrın 26-da Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peyki Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxıldı.
ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunan “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək.
Dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
TANAP qaz kəməri istifadəyə verildi
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi.
TANAP-la Türkiyəyə 2019-cu ildə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri gələn ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.
Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,7 milyard dollar xərclənib.
Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vuruldu.
Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi açıldı
Mayın 14-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu.
Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü tikilib.
Azərbaycan dünyada ən çox islahat aparan ölkə elan olundu
Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu.
Hesabata əsasən, Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
“SOCAR Polymer”in polipropilen zavodu açıldı
İyulun 18-də Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı oldu.
“SOCAR Polymer”in polipropilen zavodunda bazar araşdırmasına əsasən, 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunur. Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkət olan “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz artıracaq.
İzmirdə SOCAR-ın “Star” neft emalı zavodunun açılışı oldu
Oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi.
SOCAR-ın 6,3 milyard dollar investisiyası hesabına tikilən “Star” zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. 2019-cu ildən etibarən tam gücü ilə işləyəcək zavodda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal ediləcək, 10 milyon ton xam neft emal olunacaq.
Masallı Sənaye Məhəlləsi istifadəyə verildi
Sentyabrın 18-də ümumi sahəsi 10 hektar olan Masallı Sənaye Məhəlləsinin açılış mərasimi keçirildi.
Sənaye məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib.
Bakıda VI Beynəlxalq Humanitar Forum keçirildi
Oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirildi. “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə iştirak edib.
Naxçıvanda 11 min hektara yaxın ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edildi
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi və ətrafdakı mühüm strateji əhəmiyyətli yüksəkliklər, 11 min hektara yaxın ərazi 26 ildən sonra Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə azad olundu. Bununla da ordumuz daha əlverişli mövqelərə yiyələndi. “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edildi, Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. “Qızılqaya” yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.
Bakıda möhtəşəm hərbi paradlar keçirildi
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin 4 min nəfərədək şəxsi heyətin iştirak etdiyi möhtəşəm paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq təyyarə və helikopter, ən müasir raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları nümayiş olundu.
Sentyabrın 15-də Azadlıq meydanında daha bir hərbi parad keçirildi. Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyinə həsr edilmiş paradı Azərbaycan və Türkiyə prezidentləri qəbul etdilər. Bu möhtəşəm parad Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın, Azərbaycan və Türkiyə orduları hərbi qulluqçularının Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçməsi ilə yadda qaldı.
Bakı Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinə ev sahibliyi etdi
Dekabrın 2-3-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi keçirildi. 115 ölkədən 300-ə yaxın nümayəndənin iştirak etdiyi Konqresin ən mühüm qərarlarından biri parkur idmanının gimnastika növləri sırasına daxil edilməsi oldu.
Bakıda velosiped idmanının BMX növü və Cüdo üzrə dünya çempionatları keçirildi
İyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçirildi. Çempionatda 43 ölkədən 1500-dən çox idmançı mübarizə apardı.
Sentyabrın 20-27-də Bakı daha bir mötəbər idman tədbirinə - cüdo üzrə dünya çempionatına ev sahibliyi etdi. 124 ölkədən 800-dək cüdoçunun iştirak etdiyi çempionatda Azərbaycan komandası iki medal qazandı.
“Yallı” UNESCO-nun təcili qorunma, “Dədə Qorqud irsi” isə reprezentativ siyahısına daxil edildi
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.
Azərbaycanda ilk dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçirildi
Azərbaycanda ilk dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçirildi. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdı.
İdeyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsus olan festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və “Zərrə mənəm, günəş mənəm…” devizi ilə keçdi.
Azərbaycanın altı xarici ölkədə rəsmi turizm nümayəndəliyi açıldı
Azərbaycanın altı xarici ölkədə - Almaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Hindistan və Rusiyada rəsmi turizm nümayəndəlikləri açıldı. Bu nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə, ölkədə turizmin inkişafına dəstək vermək məqsədi daşıyır.