Ötən ay Naxçıvan Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları necə işləyiblər?
Yanvar ayı ərzində Naxçıvan şəhər sakinlərinin elektrik, istilik və su təminatının yaxşılaşdırılması üçün hansı tədbirlər həyata keçirilib? Eyni zamanda mülkiyyət hüquqları pozulmuş vətəndaşların hüquqlarının bərpası ilə bağlı görülən işlər hansı səviyyədədir? Sualımıza cavab tapmaq üçün müraciət etdik Naxçıvan Şəhər İcra Hakimiyyətinə.
İcra Hakimiyyətindən NUHÇIXAN-a verilən məlumata görə, yanvar ayında Naxçıvan şəhərində
7739 mənzil istiliklə təmin edilib.
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi tərəfindən qış mövsümü başlayandan 44 istilik qazanxanasına texniki baxış keçirilib, qurğu və avadanlıqlarda, qazanxanaların istiliklə təmin etdiyi inzibati və yaşayış binalarını birləşdirən magistral və paylayıcı istilik xətlərində müəyyən edilən nasazlıqları aradan qaldırmaq üçün təmir işləri aparılıb. 1985-ci ildən istismarda olan 3 ədəd suqızdırıcı qazanın yerinə yeni texnologiyalar əsasında hazırlanmış qaz sərfiyyatına qənaət edən 2 ədəd fərdi istilik qazanı, 1 ədəd genişlənmə çəni 57 nömrəli mərkəzi qazanxanada quraşdırılaraq işə salınıb. Bir fərdi qazanxananın istismara yararsız vəziyyətə düşmüş istilik qazanının yerinə istilikvermə qabiliyyəti eyni olan yeni istilik qazanı quraşdırılıb. 2024-cü ilin yanvar ayında Naxçıvan şəhərində 32 idarə, müəssisə, təşkilat və 175 bina olmaqla, 7739 mənzil istiliklə təmin edilib.
Naxçıvan şəhərində yeni tikilmiş yaşayış evlərinə smartkart tipli sayğaclar quraşdırılıb.
2024-cü ilin yanvar ayında Naxçıvan şəhərində əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb. Belə ki, elektrik hava xəttində olan 1 yarımstansiyada yenidənqurma işləri aparılıb və 1 yarımstansiyada 630 kVA gücündə transformator quraşdırılıb. Ay ərzində istismara yararsız dirəklər yenisi ilə əvəz olunub və yeni tikilmiş yaşayış evlərinə 23 ədəd smartkart tipli sayğac quraşdırılıb.
Naxçıvan şəhərində 2700 metrlik yeni su xətti çəkilir.
Naxçıvan “Su kanalizasiya” İdarəsi içməli su təminatının yaxşılaşdırılması məqsədilə Əliabad qəsəbəsindən başlayaraq Duzdağ Fizioterapiya Mərkəzini, “N” hərbi hissəsini və Dövlət Yol Polisi İdarəsinin inzibati binasını əhatə edən 2700 metrlik su boru xəttinin çəkilişinə dair müvafiq işlərə başlanılıb. Yanvar ayı ərzində magistral su xətlərində 15 qəza baş verib ki, həmin qəzalar da dərhal aradan qaldırılıb. Eyni zamanda daxil olan müraciətlər əsasında 11 ədəd nasaz sayğac yenisi ilə əvəz olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinə mülkiyyət hüququnun pozulması ilə əlaqədar 594 müraciət daxil olub.
Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirildi ki, mülkiyyət hüququ pozulmuş vətəndaşların hüquqlarının bərpası ilə bağlı müvafiq tədbirlər davam etdirilir. 2023-cü ilin əvvəlindən 1 fevral 2024-cü il tarixədək Naxçıvan Şəhər İcra Hakimiyyətinə mülkiyyət hüququnun pozulması ilə əlaqədar 594 müraciət daxil olub və həmin vətəndaşlara cavab məktubları göndərilərək aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüquqları izah edilib. Onlardan 395 nəfəri aidiyyəti üzrə məhkəməyə müraciət edib.
Vətəndaşlara dəymiş zərərə görə sökülən daşınmaz əmlak və torpaq sahələrinin əvəzinə kompensasiya ödənilməsi və ya torpaq sahəsinin əvəzləşdirilməsi ilə əlaqədar 258 vətəndaşla razılıq əldə olunub. Müvafiq məqsədlə Naxçıvan şəhərinin Xətai məhəlləsində qeyri-yaşayış sahəsi üçün 10 hektar və Qaraxanbəyli kəndi ərazisində yaşayış sahəsi üçün 3 hektara yaxın torpaq sahəsi ayrılıb.