Naxçıvanda son 4 gündə 156 şəxsiyyət və 8 sürücülük vəsiqəsi yerində dəyişdirilib - VİDEO
Daxili İşlər Nazirliyi tərəfindən muxtar respublika ərazisində səyyar xidmətlər təşkil olunur. Nazirliyin xidmət sahələrinə daxil olan əməliyyatlar yerlərdə həyata keçirilməklə sakinlərin rahatlığı təmin edilir.
NUHÇIXAN xəbər verir ki, göstərilən xidmətin marşrut planı əvvəlcədən hazırlanaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında paylaşılır. Fevralın 12-dən etibarən səyyar xidmət əməkdaşları Ordubad rayonunun yaşayış məntəqələrində vətəndaşlara xidmət göstərirlər.
Bu məqsədlə ayrılan səyyar xidmət avtomobilində vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi və digər istiqamətlər üzrə xidmətlər göstərilir.
Xidmətlər üzrə ödənişlər də yerində təmin edilib. Göstərilən xidmətlərə görə müvafiq rüsumlar onlayn şəkildə birbaşa bank hesabına köçürülür, yaxud da avtomobildə xidmət göstərən bankın nümayəndəsinə təqdim edilir. Bununla da sakinlər Daxili İşlər Nazirliyi üzrə xidmətlərdən uzaq məsafə qət etmədən və vaxt itkisinə, əlavə xərcə ehtiyac olmadan yararlana bilirlər.
Qeyd edək ki, son 4 gün ərzində 156 şəxsiyyət vəsiqəsi və 8 sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı vətəndaşların müraciətləri yerində həll olunub, vətəndaş məmnunluğu təmin edilib.