Dekabrın 27-də Dünya Azərbaycanlılarının Onlayn Sammiti - daos.az saytının təqdimatı keçirilib.
NUHÇIXAN xəbər verir ki, təqdimatda dövlət rəsmiləri, vətəndaş cəmiyyəti və KİV nümayəndələri, eləcə də xaricdə yaşayan soydaşlarımız iştirak ediblər. Dünya azərbaycanlılarının şərəfinə yaradılmış bu saytın məqsədi, xaricdə yaşayan soydaşlarımıza virtual olaraq Vətəni hiss etdirməkdir. Soydaşlarımız öz yazılarını, fikirlərini, hər hansı yaradıcılıq işini, gündəlik fəaliyyətini, şəkillərini ekspromt olaraq paylaşa biləcəklər. Bununla da xaricdə yaşayan soydaşlarımız həm sayta özəllik gətirəcək, həm də xəbər istehsalçısı rolunu oynayacaqlar.
Dünya azərbaycanlıları üçün media platforması olan DAOS onlayn şəbəkəsinin digər xidmətlərindən biri, ilk dəfə olaraq sayt vasitəsilə ildə iki dəfə Onlayn Sammitin keçirilməsidir. Sammit çərçivəsində dünya azərbaycanlıları virtual məkanda bir araya gələrək görülmüş və görüləcək işlərini, perspektiv planlarını müzakirə edəcəklər.
Qeyd edək ki, DAOS virtual şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü və katibi Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən vətəndaş təşəbbüsü olaraq könüllü yaradılıb.