Blokada şəraitində olmasına baxmayaraq Naxçıvanın nəqliyyat infrastrukturu genişlənir - FOTOLAR
“Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahədə inkişafı şərtləndirən amillərdən biri kimi müasir yol-nəqliyyat sisteminin qurulması da diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın blokada şəraitində olmasına baxmayaraq bütün nəqliyyat sahələrində infrastrukturun yenilənməsi tədbirləri davam etdirilir. Quruculuq işləri aparılan hər bir yaşayış məntəqəsində abad və rahat yollar salınır”- NUHÇIXAN xəbər verir ki, bunları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dünən keçirilən Sessiyada bildirib.
Ali Məclisin Sədri onu da qeyd edib ki, muxtar respublikanın avtomobil yollarında idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 14 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Babək rayonunda yeni Asfalt-Beton Zavod Kompleksinin istifadəyə verilməsi, yeni texnikaların alınması, Şərur rayonunda asfalt-beton zavodunun quraşdırılması bu sahədə inkişafa təkan verən amillərdəndir. Yaradılan şəraitin nəticəsidir ki, bu ilin ötən dövründə muxtar respublikada 48,6 kilometr uzunluğunda yeni asfalt yol salınıb, bir körpü tikilib, bir körpü isə bərpa olunub.
Bundan başqa hava nəqliyyatı və dəmir yol infrastrukturunun da yenilənməsi və müasir şəraitdə qurulması təmin edilib. Naxçıvan Beynəlxalq Hava Limanında maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılıb, hava limanının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 25 adda 30 yeni texnika və avtomobil alınıb. Hazırda hava limanında yeni uçuş-enmə zolağının qurulması davam etdirilir.
Bundan əlavə, dəmiryolu təsərrüfatında infrastruktur tədbirləri davam etdirilib. Həmçinin əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 5 yeni avtobus marşruta buraxılıb.