Naxçıvanda son 5 ildə 297 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub - FOTOLAR
Naxçıvanda son 5 ildə 297 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub, 4 yeni körpü tikilib, 1 körpü bərpa edilib.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyində avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə Agentliyi idarə heyətinin sədri Bəhruz Əsgərov deyib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki əzəmətlə ucalan abidəsini ziyarət edib, tər güllər düzüblər.
Sonra ulu öndərin adını daşıyan muzey ziyarət olunub. Dahi rəhbərin ölkəmizə rəhbərliyi dövründəki ictimai-siyasi fəaliyyəti, eləcə də şərəfli ömür yolu barədə kollektivə ətraflı məlumat verilib.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində davam edən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi idarə heyətinin sədri Bəhruz Əsgərov bu sahədə çalışan əməkdaşları təbrik edib.
Vurğulanıb ki, son illər muxtar respublikanın qonşu ölkələrlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsində beynəlxalq yük və sərnişin daşımalarında əhəmiyyətli rol oynayan magistral yollar yenidən qurulub. Belə ki, 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan–Culfa və 88,8 kilometrlik Naxçıvan- Şahbuz-Batabat magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilib.
Qeyd olunub ki, yol işçilərinin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Fərqlənən əməkdaşlar “Tərəqqi” medalı, “Rəşadətli əməyə görə” nişanı, Fəxri Fərman və digər medallarla təltif olunublar.
Tədbirin davamında yol nəqliyyatı infrastrukturunun inkişafındakı xidmətlərinə görə agentliyin bir qrup əməkdaşı fəxri fərmanlarla ilə təltif olunublar.