Muxtar respublikanın ictimai həyatında fərqlənən gənclər mükafatlandırılıblar - FOTOLAR
Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma mərasimi olub.
NUHÇIXAN xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən muxtar respublikanın gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin nəticəsidir ki, gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevriliblər.
Azad Cabbarov deyib: Dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, bütövlükdə, dövlət gənclər siyasətinin reallaşdırılması istiqamətində atılan mühüm addımlardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanı doğma diyarımızda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır.
Vurğulanıb ki, bu gün muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında təmsil olunmaları gənclərə göstərilən diqqət və qayğının ifadəsidir. Muxtar respublikada gənclərin yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Gənclər arasında mütaliə mədəniyyətinin formalaşması, vətənpərvərlik ruhunda tərbiyə olunması daim diqqətdə saxlanılır. Gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünya görüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, Olimpiya İdman-kompleksləri, idman mərkəzləri, muxtar respublikanın rayon və kəndlərində yeni stadionlar tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda muxtar respublikada 2 Olimpiya İdman-Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 7 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 Uşaq-Gənclər İdman Məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi fəaliyyət göstərir.
Nazir bildirib ki, Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı, eyni zamanda, İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar Naxçıvan şəhərində keçirilən bir sıra ölkə və beynəlxalq səviyyəli tədbirlərdə gənclər fəallıq göstəriblər. Həmin tədbirlərdə gənclərin vətənpərvərlik tərbiyəsinin təbliği, onların yaradıcılıq potensialının üzə çıxarılması və intellektual səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılıb. Muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazasının möhkəmləndirilməsinin nəticəsidir ki, bu gün Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar da idmançıların təcrübə qazanması və peşəkar idmançı kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda muxtar respublikada 40 minə yaxın yeniyetmə və gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar.
Gənclər və idman naziri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 27 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” Publik Hüquqi Şəxsin yaradılması elm, təhsil, mədəniyyət və digər sahələrlə bağlı gənclərin təyin olunmuş mövzular üzərində araşdırmalar aparmalarına hərtərəfli şərait yaradıb, gənclərlə əlaqədar çoxsaylı layihələrin həyata keçirilməsini təmin edib. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu 2018-ci il ərzində gənclərin müxtəlif layihələrinin həyata keçirilməsini dəstəkləyib, onların intellektual inkişafı, asudə vaxtlarının səmərəli təşkili və müxtəlif layihələrdə birgə iştirakları diqqətdə saxlanılıb. Fond tərəfindən gənclərin maariflənməsi, tələbələrin karyera seçiminin və hazırlığının düzgün aparılması, gənclərin cəmiyyət üçün yararlı kadr kimi formalaşması, fəallıqlarının artırılması məqsədilə təlim və seminarlar, uzunmüddətli layihələr həyata keçirilib. Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq Azərbaycanın müxtəlif bölgələrindən gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin Naxçıvan Muxtar Respublikasına səfəri də yaddaqalan tədbirlər sırasındadır.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru bundan sonra da gənclərə yönəldilmiş layihələrin diqqətdə saxlanılacağını bildirib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra bayram tortunu kəsmək üçün Yeni ilin rəmzi olan Şaxta baba və Qar qız, həmçinin gənclər səhnəyə dəvət olunublar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər, eyni zamanda, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtında ən yaxşı Yeni Azərbaycan Partiyası rayon (şəhər) Təşkilatının Gənclər Birliyi” və “Gənclər Paytaxtının ən yaxşı Tələbə-Gənclər Təşkilatı” müsabiqəsinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov təqdim ediblər.
İştirakçılar arasında viktorina da keçirilib, müxtəlif mövzularda suallar səsləndirilib, hər suala aid 4 variant təqdim olunub. Sonda daha çox suala düzgün cavab verən 5 nəfər “Naxtel” nömrə qazanıb. Tədbirdə fəal iştirak edən 2 nəfər gənc də mükafatlandırılıb.
Bayram tədbiri musiqi və rəqs nömrələri ilə davam edib.