Gömrükçülərdən sərhədçilərə bayram sovqatı - FOTOLAR
Xalqla ordunun birliyi ölkənin müdafiə qüdrətinin artırılmasında, hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynayır. Bu mənada əlamətdar günlərdə, bayramlarda əsgərlərimizin yanında olmaq, hərbi hissələrə sovqat aparmaq, yardımlar göstərmək xalqla ordunun birliyini təcəssüm etdirir. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə bu xeyirxah ənənəni davam etdirən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollektivi “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qonağı olub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə sərhədçiləri təbrik edən Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli vurğulayıb ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda ordumuzun daha da qüdrətlənməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur. Xalqımızın yenilməz, düşmənə hər an qalib gələ biləcək mübariz ordusu vardır. Ordu isə inanır ki, onun arxasında bütün Azərbaycan xalqı dayanır. Bu günlərdə biz bu birliyin, həmrəyliyin bir daha şahidi oluruq.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Qərargah rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Anar Nəsirli göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Qeyd olunub ki, ölkəmizin müdafiə xərcləri ildən-ilə artır, təminat ən yüksək səviyyədədir. Bayram günlərində əsgərləri yada salmaq, hərbi qulluçularla bir yerdə olmaq, sevinci bölüşmək isə, sözün əsl mənasında, orduya əvəzsiz mənəvi dayaqdır.
Sonra gətirilən bayram sovqatı sərhədçilərə təqdim olunub.
Əbülfəz Dünyamalıyev