NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Şərur Rayon ərazisində yerləşən sərhəd zastavasında olublar.Onlar 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə əsgərlərə bayram sovqatı gətiriblər.
Naxçıvan Muxtar Respublikasının prokroru, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə sərhədçiləri təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Muxtar Respublika Prokroru qeyd edib ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi gününün qeyd edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız bu bayramı həmişə sevinc hissi ilə qeyd edir. Bu bayramların əsgərlərlə qeyd edilməsi isə ordu-xalq birliyinin bir təcəssümüdür.
Qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ordumuzun daha da möhkəmləndirilməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur.
Hərbi hissənin əsgəri Ruhid Ələkbərov və mayor Şöhrət Kazımov göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün Azərbaycan əsgərinin maddi cəhətdən heç nəyə ehtiyacı yoxdur. Ölkəmizin müdafiə xərcləri ildən-ilə artır, təminatımız ən yüksək səviyyədədir. Bayram günlərində əsgərləri yada salmaq, hərbi qulluqçularla bir yerdə olmaq, sevinci bölüşmək isə, sözün əsl mənasında, orduya və əsgərlərə mənəvi dayaqdır.
Sonra gətirilən bayram sovqatları hərbi hissəyə təhvil verilib.
Müzəffər Əsgərov