Ali təhsil ocağında tələbələrin əl işləri sərgilənib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbələrə yaradıcılıq uğurları arzulayıb.
Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri Surə Seyid qeyd edib ki, 2012-ci ildən fəaliyyət göstərən texnologiya müəllimliyi ixtisasının ötən dövr ərzində 3 buraxılışı olub. Universitetdə bu ixtisas üzrə təhsil alan tələbələrə lazımi şərait yaradılıb. Kafedranın nəzdində tikiş, toxuculuq, metal və ağac emalı texnologiyaları kabinələri, kulinariya otağı, eləcə də tələbələrin əl işlərindən ibarət muzey fəaliyyət göstərir.
Bildirilib ki, növbəti tədris ilindən muxtar respublikanın tanınmış sənətkarları bu ixtisasın tələbələrinə ustad dərsləri keçəcəklər, həmçinin tələbələrin əl işləri sosial şəbəkələrdə yayımlanacaq. Kafedra müdiri eyni zamanda “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” kabinəsinin yaradılması zəruriliyini də vurğulayıb.
200-ə yaxın əl işinin nümayiş olunduğu sərgidə texnologiya ixtisası üzrə təhsil alan tələbələr daha yaxşı nəticə göstəriblər. Tələbə Aygün Əsgərovabirinci, Aytac Həsənzadə 2-ci, Elmira Məmmədova isə 3-cü yerlərə layiq görülüblər. Qaliblərə diplom və mükafatlar verilib.
Mədinə Rəhimli