İxtisas hazırlığı kurslarını bitirən əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar - FOTOLAR - FOTOLAR
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış və ixtisas hazırlığı kurslarını uğurla bitirmişgənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması münasibəti ilə tədbir keçirilib.
Tədbirə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə zabit, əsgər və valideynlər gənc əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibəti ilə təbrik ediblər.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Naxçıvan Qarnizonu qoşunlarında xalq-ordu birliyini özündə əks etdirən silsilə tədbirlər keçirilir. Əlamətdar və bayram günlərində muxtar respublika əhalisinin, müxtəlif dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin hərbi hissələrə baş çəkərək, əsgərlərə sovqat aparmaları,ictimaiyyət nümayəndələrinin və mədəniyyət kollektivlərinin əsgərlərin yanında olması artıq ənənə halını alıb. Bu gün dövlət qayğısını üzərində hiss edərək xalq-ordu birliyindənruhlanan hərbi qulluqçularımız Vətənimizin müdafiəsində ayıq-sayıq dayanır, övladı hərbi xidmət keçən hər bir valideyn də böyük sevinc və qürur hissi keçirir. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz nümunəvi xidmətləri ilə komandirlərinə və valideynlərinə hər zaman başucalığı gətirəcəklər.
Tədbirdə ixtisas hazırlığı kursunu başa vurmuş əsgərlər fiziki hazırlıq üzrə silahsız və silahlı çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözü bağlı vəziyyətdə natamam sökülüb yığılmasını, minaatan qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsini, mina sahəsinin qurulmasını və keçidlərin açılmasını, rabitə vasitələri ilə fəaliyyət göstərilməsini, kəşfiyyat hazırlığından müxtəlif elementləri praktiki yerinə yetiriblər.
Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Bölmələrin tribuna önündən təntənəli keçidindən sonra “Əsgər marşı” ifa edilib. Beləliklə də oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış və ixtisas hazırlığı kurslarını uğurla bitirmiş əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.
Nəriman Nəcəfov