Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsinə dərin ehtiram ifadə olunub, məzarları önünə gül dəstələri düzülüb.

Heydər Əliyev sarayında keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam edib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkə Prezidenti cənab İlham Əliyevə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubuna görə təşəkkürünü bildirib, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. Azərbaycanda keçirilən sonuncu prezident seçkilərində əldə edilən inamlı qələbədən bəhs edən Komitə sədri bu seçkilərdə qadınların aktiv iştirakını xüsusi vurğulayıb. Çağdaş Azərbaycan qadınının cəmiyyətin hərtərəfli inkişafı və dövlət quruculuğu prosesindəki mühüm roluna diqqət çəkən komitə sədri dövlət qadın siyasəti və son 20 ildə gender amilinə diqqətin artırıldığını, həmçinin qadın hüquqlarının təminatı, onların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsində böyük irəliləyişlər əldə edildiyini vurğulayıb. Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğuna diqqət çəkən komitə sədri Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Təşkilat Komitəsində qadınların da yer almasının onların bu prosesə töhfə vermək imkanlarını daha da artırdığını vurğulayıb.

Bahar Muradova Azərbaycan qadınlarının hər bir sahədə qazandığı uğur və nailiyyətlərə diqqət çəkərək, ölkəmizdə bərqərar olan mühitin qadınların hərtərəfli inkişafı üçün əlverişli zəmin yaratdığını qeyd edib. Sonda bir daha qadınları bayram münasibətilə təbrik edən Bahar Muradova qarşıda dayanan hədəf və məqsədlərə çatmaq yolunda onlara cəsarət və inam arzulayıb.

Sonra şəhid və qazi analarının, həyat yoldaşlarının, ictimai-siyasi xadimlərin, həmçinin müxtəlif sahələrdə çalışan qadınların xoş arzularının əks olunduğu video-çarx nümayiş etdirilib.

Tədbir bədii proqramla davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: