Qadın ana, bacı, yoldaş, xala-bibidir, amma hər şeydən əvvəl qadın bir şəxs və vətəndaşdır

A- A A+

Ölkəmizdə, həmçinin muxtar respublikamızda qadınlara göstərilən diqqət və qayğı, etimad yüksək səviyyədədir.

Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. 

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratdı.

Azərbaycan Respublikası 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürdü.

 “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”, deyən ümummilli liderimiz Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini qazanmalarına kömək olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsi ilə nəticələnmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin hər bir sahədəki qabaqcıl siyasətini uğurla davam etdirən cənab prezidentimiz İlham Əliyev gender bərabərliyi sahəsində də müvafiq tapşırıqlar verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına aid edir. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.

Dövlətçilik sisteminin elə bir sahəsi yoxdur ki, qadınlar orada təmsil olunmasın, uğur qazanmasın. Azərbaycan qadını tarixən olduğu kimi, bu gün də milli-mənəvi dəyərlərimizin qorunaraq yaşadılmasında, həmçinin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında təqdirəlayiq töhfələrini verməklə yanaşı, ümumən cəmiyyətin inkişafında aparıcı statusa malikdir. Bütün bunlar bilavasitə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasətinin, qadın amilinə verilən müstəsna dəyərin nəticəsidir.

Ölkənin uğurla davam etdirilən dövlət qadın siyasəti hər sahədə yüksəliş əldə edən Muxtar Respublikamızda da diqqət mərkəzindədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyəti də ildən-ilə artır.

Ana müqəddəsdir. Cənnət anaların ayaqları altındadır, deyiblər. Öz anamın timsalında hər bir Azərbaycan qadını cənnət qurucusudur. Sara xatunlar, Tomrislər, Nigarlar, Zərifələr yetirən odlar yurdu cəsarətli və mərd qadınlarımızı tarixin müxtəlif səhnələrində, fərqli obrazlarda yaratmağa davam edir.

11 yaşında atasını itirən ana himayəsində yetişdirilən bir xanım olaraq, Azərbaycan qadının cəsarətinə və gücünə ən yaxşı bələd olanlardan biri də mənəm. Hər iki övladının təhsil alması üçün əlindən gələnin ən yaxşısını edən, bizi milli-mənəvi dəyərlərimizə, dövlətimizə, xalqımıza sadiq, vətənpərvər duyğularla yetişdirən Anam mənə Azərbaycan qadınının hər şeyi ən gözəl şəkildə bacardığına və bacaracağına böyük ümidlər verir.

Azərbaycan qadını cəsarətlidir, mübarizdir, müqəddəsdir. Beynəlxalq Qadınlar Günündə Azərbaycanın qəhrəman övladlarının anaları da hər zaman olduğu kimi indi də yaddaşımızdadır. Tarixboyu igid oğullar yetişdirən, Vətən üçün, can Azərbaycan deyəndə, Azərbaycanımızın yaraları sızlamasın deyə, öz canından pay verən Analarımız səcdəgahımızdır.

Erkək tinətliyəm, olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir aslanam, düşünsən bir az,

Aslanın erkəyi, dişisi olmaz.

Hələ XII əsrdə dahi Nizami Gəncəvi Nüşabənin dili ilə Azərbaycan qadınına yüksək dəyər verərək xanımlarımızı öz fikirləri və sözləri ilə bədii təsvir etmişdir.

Azərbaycan qadını müqəddəsdir, dünyanın bütün gözəlliklərinə layiq, hər işin öhdəsindən gəlməyi bacaran, zərif və güclü bir sərkərdədir.

Uzaq-yaxın keçmişə nəzər salsaq, tariximizin ictimai, siyasi, hərbi və demək olar ki, hər bir sahəsində kişilərlə çiyin-çiyinə dayanaraq yüksəliş, inkişaf və ülvi hisslər üçün mübarizə aparan Azərbaycan xanımlarını görə bilərik. Eramızdan əvvəl VI əsrdə yaşamış və düşmənləri qan gölündə boğan Tomris anamız, diplomat Sara xatunumuz, şəhid jurnalist Salatın xanımımız, Vətən müharibəsi şəhidimiz Arəstə xanım, övladlarını Vətənə qurban verən şəhid analarımız, bütün çətinliklərə rəğmən yoldaşının yanında olan, qazilərimizin ömür-gün yoldaşları, müharibələrin ağrı-acısını duyan, Vətən müharibəsi iştirakçılarının mələk qızları, onlar qəhrəman, mərd, güclü və bacarıqlı Azərbaycan xanımlarının bir qismidir...

Əziz Azərbaycan xanımları, Türk dünyası xanımları, bütün xanımlar sizlər dünyanın istiqamətini dəyişə biləcək ilk şəxslərsiniz. Sizlər həm zərif, həm də çox güclüsünüz...

8 Mart-Beynəlxalq Qadınlar Günündə Vətənimizin bütövlüyü, inkişafı uğrunda şəhid olan bütün xanımlarımızın ruhları qarşısında baş əyir, şəhid, qazi, Vətən müharibəsi iştirakçılarının ana, bacı, həyat yoldaşı, qızlarını səmimi qəlbdən təbrik edir, cansağlığı arzulayıram. Onların timsalında cəmiyyətimizin inkişafı və çiçəklənməsi yolunda öz mərdliyi, zərafəti, elmi, təhsili, mədəniyyəti, yetişdirdiyi övladları ilə Azərbaycan tarixinə töhfələr verən bütün qadınlarımıza, həmçinin ana, bacı, yoldaş, rəhbər, mütəxəssis rolunda çıxış edən hər bir xanıma gözəl diləklərimi və təbriklərimi çatdırıram.

Hər gününüz mübarək, əziz xanımlar!

Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri,

Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin

baş elmi işçisi,

Beynəlxalq münasibətlər kafedrasının müəllimi,

siyasi elmlər üzrə doktorant

Təbrizə Bağırova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: