Martın 14-ü Ümumdünya Böyrək Günüdür

A- A A+

2006-cı ildən etibarən hər il martın ikinci cümə axşamı Ümumdünya Böyrək Günü qeyd edilir. Əslində bu, böyrəyin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır.

NUHÇIXAN xəbər verir ki, Ümumdünya Böyrək Gününün qeyd edilməsi Beynəlxalq Nefroloqlar Cəmiyyəti və Beynəlxalq Böyrək Fondu Federasiyasının birgə səylərinin nəticəsində mümkün olub.

Həmin günün qeyd olunmasının əsas məqsədi beynəlxalq və dövlət təşkilatlarının, siyasi strukturların diqqətinin səhiyyəyə cəlb edilməsi, səhiyyə sisteminin inkişafına yardım göstərmək, böyrək xəstələrinin problemi ilə əlaqədar səylərin birləşdirilməsidir. Həmçinin məqsədlər sırasında tibbin bu sahəsində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, böyrək xəstəliklərinin profilaktikası, müalicə keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə yardım göstərilməsi üçün yeni dərman preparatları və tibb avadanlıqlarının hazırlanmasına diqqəti cəlb etmək də var. Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq nefroloji təşkilatların və cəmiyyətlərin məlumatına görə, bu gün böyrək sistemi xəstəlikləri olan xəstələrin sayı dünya əhalisinin təxminən 10 faizini təşkil edir və təəssüf ki, bu rəqəm getdikcə artır. Söhbət əksər hallarda ölümlə bitən ağır xroniki xəstəliklərdən və ya xroniki hala çatdırılan xəstəliklərdən gedir.

"Kəskin böyrək çatışmazlığı" və "xroniki böyrək çatışmazlığı" diaqnozu haqqında çoxları eşidib. Amma bunların ürək-damar xəstəlikləri, şəkərli diabet, QİÇS və digər xəstəliklərdə əksər hallarda ölümə səbəb olduğunu və ölüm riskini artırdığını az adam bilir. Böyrəklərin əsas funksiyası - şlakları, zərərli maddələri və duz yığıntılarını orqanizmdən təmizləməklə əlaqədardır. Həmin funksiyanın pozulması orqanizmin sürətlə intoksikasiyasına, bütün sistemin işinin pozulmasına və nəticədə ölümə aparıb çıxarır. Böyrək çatışmazlığı şəraitində istənilən xəstəliyin müalicəsi zamanı medikomentoz preparatların qəbulu orqanizmin zəhərlənməsi riskini artırır.

Ümumdünya Böyrək Günü çərçivəsində elmi-praktik konfranslar təşkil olunur, xəstəliyin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır. Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı, böyrək xəstəliyinin aşkarı və müalicə üsullarına yönəltməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: