Səhiyyə naziri: İnformasiya texnologiyalarının sürətli inkişafı “Hər kəs üçün sağlamlıq” konsepsiyasının reallığa çevrilməsinə səbəb olub

A- A A+

"Səhiyyə sisteminə ənənəvi yanaşma müasir dövrün tələbləri ilə uzlaşa bilməzdi. İnformasiya texnologiyalarının sürətli inkişafı “Hər kəs üçün sağlamlıq” konsepsiyasının reallığa çevrilməsinə səbəb olub. Səhiyyənin rəqəmsallaşması sektorun yalnız texnoloji baxımdan deyil, öncəliklə mədəni baxımdan transformasiyadır. Rəqəmsal texnologiyalar birgə qərarvermə prosesində həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırır. Bu isə, fərdin sağlamlığı amilini önə çəkən yeni səhiyyə paradiqmasının yaranmasına yol açıb”.

NUHÇIXAN xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.

Səhiyyə nazirinin sözlərinə görə, Azərbaycanda İlham Əliyevin prezidentliyi dövründə sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal hökumətə keçid, iqtisadiyyatın şaxələndirilməsi hazırkı suverenliyimizi və regionun aparıcı ölkəsi kimi tanınmağımızı şərtləndirib. Son 20 il ərzində Azərbaycanda milli səhiyyə sisteminin infrastruktur, insan resursları və səhiyyənin maliyyələşdirilməsi baxımından gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.

“Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə fəal töhfə verən, beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan Respublikasının rolunu xüsusilə vurğulayır. Bunun bariz təsdiqi bu ilin noyabrında COP29-un Bakıda keçirilməsidir. Onu da qeyd edim ki, həmin Sərəncama əsasən 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sağlamlığımız yaşadığımız mühitlə sıx bağlıdır. İqlim dəyişikliyi sağlamlığımıza, rifahımıza və təhlükəsizliyimizə əhəmiyyətli dərəcədə təsir göstərir”, - deyə nazir vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: