Teymur Musayev: “Hər kəs üçün sağlamlıq” konsepsiyası keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmini baxımından əhəmiyyətlidir
“Hər kəs üçün sağlamlıq” konsepsiyası Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərin təmir-bərpası istiqamətində misli görünməmiş yenidənqurma işləri aparır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə işğaldan azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb".
NUHÇIXAN xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.
Nazir fikirlərinə belə davam edib: “Biz “Hər kəs üçün sağlamlıq” adlı yeni dövrə qədəm qoyuruq. Bu da sağlamlıq üçün məsuliyyətli qərarların qəbulunda hər birimizin fəal iştirak etməsi deməkdir. “Hər kəs üçün sağlamlıq” anlayışı yalnız hökumətlərə ünvanlanan fundamental məsuliyyət kimi qəbul edilməməlidir. Vətəndaşlar sağlam həyat tərzi proqramlarında fəal iştirak etməyə və sağlamlıq üçün məsuliyyəti hökumətlərlə bölüşməyə təşviq edilməlidir.”