Ötən il Naxçıvanda 150 mindən artıq sərnişin dəmiryol nəqliyyatından  istifadə edib

A- A A+

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ili uğurla başa vurub. Cəmiyyətdən NUHÇIXAN-a verilən məlumata görə, bayram və istirahət günlərində rahat və ucuz nəqliyyat vasitəsi kimi sakinlər dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

Təkcə ötən il ərzində150 mindən artıq sərnişin dəmiryol nəqliyyatından  müxtəlif istiqamətlər üzrə istifadə edib. Bu müddət ərzində muxtar respublika  ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanlarına dəmir yolu ilə  126 min 660 ton müxtəlif tikinti materialları daşınıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni 2019-cu təqvim ili ərəfəsində gucləndirilmiş iş rejimində çalışır. Bu günlərdə sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

Qış günlərində təhlükəsizliyin təmin olunması üçün cəmiyyətin əməkdaşları dəmir yollarının istismar vəziyyətini mütəmadi yoxlayıb, baş və stansiya yollarında lazımi təmir işləri görüblər. Ehtiyac olan yollarda yararsız ağac şpallar yeniləri ilə əvəzlənib.                                                                     

Məlumat üçün bildirək ki, ötən ilin aprel ayının 2-də muxtar respublikanın dəmir yolu təsərrüfatına 8 yeni sərnişin vaqonu təqdim olunub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınıb gətirilmiş vaqonlarda sərnişinlər üçün lazımi şərait yaradılıb. Yeni sərnişin vaqonlarının istifadəyə verilməsi bayram və istirahət günlərində yaranan sərnişin sıxlığını da aradan qaldırıb.

                                       

                                                                             Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: