Tale elə gətirmişdi ki, XX əsrdə ikinci dəfə qazandığımız dövlət müstəqilliyimiz yenidən təhlükə altında idi. Və o dövrün gəncləri ani olaraq özünü müharibə od-alovunun içində tapmışdı. Bu uşaqlar nəinki indiyədək müharibə görməmişdi, çoxu hələ silah səsi belə, eşitməmişdi. Milli ruh mübaliğəsiz olaraq aşıb-daşsa da, xəyalımızdakı güclü nizami ordumuz, silah sursatımız təəssüf ki, yox idi. Torpaqlarımızın işğalı fonunda ölkəmizdən təcrid olunan Naxçıvan da o dövrdə hər sarıdan ağır və çətin günlər yaşayırdı. Muxtar respublikanın düşdüyü vəziyyət insanları əliyalın da olsa sərhəd kəndlərinə axışmağa, Vətənin harayına cavab verməyə səsləyirdi. Naxçıvan faktiki olaraq erməni işğalı ilə üz-üzə qalmışdı.Yeganə nicat yolu, ümid işığı o dövrdə Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində işləyən ulu öndər Heydər Əliyevə idi. Yalnız bu dahi şəxsiyyətin ətrafında sıx birləşməklə yumruğu necə deyərlər, bir nöqtəyə vurmaq olardı. Bu tarixi şəxsiyyət də naxçıvanlıların bu çətin günündə onlarla həmrəy oldu. Beləliklə, Naxçıvan qorundu, silahlı birləşmələr formalaşdırıldı, ordumuzun təməl daşları məhz bu qədim türk yurdunda atıldı.
Bu gün isə zamanın diqtəsi tamam başqa cürdür. İndi Azərbaycan Ordusu regionun ən güclüsü olmaqla yanaşı dünyada 50 ordu arasında özünə yer tutur. İndi Azərbaycanda orduya ayrılan xərclərin bir neçə dəfə artırılması Silahlı Qüvvələrimizin formalaşdırılmasına, bu sahədə infrastrukturun tamamilə yenilənməsinə, yeni əsgəri-məişət komplekslərinin tikilib istifadəyə verilməsinə, silah arsenalının gücləndirilməsinə zəmin yaradıb. Bundan başqa güclənən orduda xidmət edəcək gənclər də yüksək vətənpərvərlik və torpağa bağlı ruhda tərbiyə olunurlar. İndi bu gənclər əlində ən müasir atıcı silah, ürəklərində Vətənə, millətə, dövlətə və dövlətçiliyə dərin sevgi hissi bəsləyərək torpağımızın müdafiəçisinə çevriliblər.
Güc və qüdrəti ilə Sədərək dağlarından Günnütə, Batabat yaylağından, Göy-gölə, Gəmiqayayadək düşməni lərzəyə salan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın təhlükəsizliyinin qarantına çevrilib. Ali Baş Komandanın və muxtar respublika rəhbərinin himayəsi və qayğısı sayəsində hər il gücünə güc qatan Naxçıvan ordusu 2018-ci ildə tarix səhifəsinə ən parlaq QƏLƏBƏsini əlavə etdi. Şərur rayonunun Günnüt kəndi də daxil olmaqla 11 min hektar ərazini düşməndən azad edən ətrafdakı mühüm strateji yüksəklikləri ələ keçirən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti düşmənə yerini göstərdi. Bir daha xəbərdar etdi ki, bundan sonrakı həmlələr ermənilər üçün daha sarsıdıcı və ölümcül olacaq. Deməli, ötən zaman hədər getməyib. Naxçıvanda bütün sahələrdə əldə olunan uğur Silahlı Qüvvələrimizin muxtar respublikada yerləşən hissə, bölmə və birləşmələrini də əhatə edib.
Bu günlərdə Babək rayonunun Aşağı Buzqov və Gərməçataq kəndlərində yeni əsgəri məişət komplekslərinin istifadəyə verilməsi bayram günlərində şəxsi heyət üçün əlamətdar oldu. Ön xətdə görüşüb həmsöhbət olduğumuz əsgər və zabitlər dedilər ki, mövqelərin coğrafi baxımdan harada yerləşməsindən asılı olmayaraq hər birinin müasir məişət şəraiti ilə təmin olunması diqqət mərkəzindədir. Bu gün övladını vətənin müdafiəsinə yola salan hər bir valideyn onun xidməti şəraitindən nigaran deyil. Bilir ki, onun qayğısını çəkən, isti yeməyini, geyimini, yatağını təmin edən bir güc, qüvvə var.
Zabit Nəsib Nəsibov deyir ki, bir neçə ildir Azərbaycanın bu qədim yurdunda xidmət edir. İndi zabit-gizir ailələri üçün də yaxşı şərait yaradılıb, xidməti komplekslərdə yeni binalar inşa olunub. Biz də bütün güc və qüvvəmizi xidmətimizə səfərbər edirik. Bu bayram günlərində ictimaiyyətin nümayəndələri bizimlə görüşə gəlməsi, bayram sovqatları gətirməsi bizi daha da ruhlandırır. Bu o demək deyil ki, Azərbaycan Ordusunun hansısa kənar yardıma, ərzağa ehtiyacı var. Sadəcə, bu addım xalq-ordu birilyinin təcəssümüdür. Biz xalqımıza, onlar da bizə inanır.
Əsgərlər Murad Tağızadə,Vüsal Bayramlı, Dağlar Qasımov və digərləri də fikirlərini bizimlə bölüşürlər. Onlar da qeyd edirlər ki, növbədə olarkən qarşı tərəfi ayıq-sayıq müşahidə edirik. Bilirik ki, qarşı tərəfdə gördüyümüz yerlər əzəli Azərbaycan torpaqlarıdır. Həmin yerlərə ayaq basacağımız günü səbirsizliklə gözləyirik. Biz təkcə öz torpağımızı yağılardan qorumuruq. Həm də Ali Baş Komandanın “İrəli!” komandasını hər an gözləyirik. Bunun üçün əsgər yoldaşlarımızda yüksək döyüş qabiliyyəti, müasir silah-sursat və texnikalarımız var. Keçirilən təlim və məşğələlərdə uğurla iştirak edirik. Necə deyərlər, təlimdə tər, döyüşdə zəfər.
Şəxsi heyət arasındakı birlik və bərabərlik də yüksək səviyyədədir. Böyük Qələbəyə gedən yolda əsgər həmrəyliyi, dostluq və yoldaşlıq bir sözlə, “bir nəfər hamı üçün, hamı bir nəfər üçün ” prinsipi əsas şərtdir. Ön xətdəki bölmələrdə yaradılan şəraitlə tanışlıqdan sonra insanın qəlbi riqqətə gəlir. Əsgəri şərait, müasir döyüş texnikası, ən əsası isə əsgərlərin üzlərində inam hissi göstərir ki, Naxçıvandan Şuşaya, Xankəndinə, İrəvana və digər tarixi torpaqlarımıza gedən yolu maneəsiz, təhlükəsiz irəliləmək üçün bircə əmr lazımdır. Bu yolda sənə uğur, Böyük Zəfər qismət olsun, Azərbaycan əsgəri!!..
Muxtar Rzazadə
jurnalist