NUHÇIXAN xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2018-ci il dekabrın 19-da keçirilən iclasında hər il yanvarın 4-ü rəsmən Dünya Brayl Əlifbası Günü elan edilib. Təşkilatın tövsiyəsi əsasında bu münasibətlə dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda müxtəlif tədbirlər keçirilir.
BMT Baş Assambleyasının qəbul etdiyi qətnamədə deyilir: “BMT-yə üzv dövlətlər Əlillərin Hüquqları üzrə Konvensiyada təsbit olunmuş Brayl əlifbasının kor və görmə qabiliyyəti çox zəif insanların ünsiyyət vasitəsi olduğu, onların təhsilində, ifadə və etiqad azadlıqlarının təmin edilməsi üçün informasiya almalarında mühüm rol oynadığı barədə müddəaları bir daha təsdiq ediblər.
Baş Assambleya qərara alır ki, yanvarın 4-ü rəsmən Dünya Brayl Əlifbası Günü elan edilsin və 2019-cu ildən etibarən üzv dövlətlərin hamısında müvafiq tədbirlərin keçirilməsi tövsiyə olunsun”.
Qətnamədə diqqətə çatdırılır ki, hazırda dünyada 10 milyona yaxın kor insan var, daha 130 milyon nəfərin isə görmə qabiliyyəti çox zəifdir.
Kor və zəif görənlərin oxuyub-yazması üçün nəzərdə tutulan Brayl əlifbasını 1824-cü ildə Paris Milli İnstitutunun tələbəsi Lui Brayl yaradıb. Ənənəvi altınöqtəli Brayl əlifbasına 64, səkkiznöqtəli əlifbaya isə 256 simvol daxildir. İkinci əlifbada musiqi, riyazi və elmi simvollar da yerləşdirilib. Kor və zəif görənlər üçün vizual şriftlərlə kitablar nəşr olunur.
Azərbaycanda da bu istiqamətdə bir sıra mühüm işlər görülüb: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə gözdən əlil insanlar üçün Brayl əlifbası ilə Qurani-Kərim” çap edilib, Naxçıvanda “Könül işığı” adlı Brayl jurnalı nəşr olunur, həmçinin “Ümidli Gələcək” Gənclər Təşkilatı və Təhsil Nazirliyinin dəstəyi ilə Bakıdakı kor və zəif görən uşaqlar üçün internat məktəbində Brayl Çap və Tədris Mərkəzi fəaliyyət göstərir.