Şəhid ailələrinin Şuşaya səfəri başa çatıb - YENİLƏNİB - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə Naxçıvanda yaşayan şəhid ailələrinin Şuşaya səfəri başa çatıb.
Səfərin ilk günündə şəhid ailələrinin üzvləri Füzuli rayonu Yuxarı Alaxanlı, Merdinli, Qaraxanbəyli kəndlərində olub, övladlarının şəhidlik zirvəsinə ucaldıqları yerləri ziyarət ediblər. Həmçinin, səfər zamanı onlar Füzulidə aparılan quruculuq işləri ilə də tanış olublar. Şəhid ailələrinin üzvləri həmin gün Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsinə, Aşağı Veysəlli kəndinə də səfər ediblər.
Səfərin ikinci günündə Naxçıvanda yaşayan şəhid ailələrinin üzvləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşları, şəhər polis rəisi, prokuroru, təhlükəsizlik xidmətinin rəisi ilə də görüşüblər.
Sonra Şuşa şəhəri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzü, Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşa qalasını ziyarət ediblər. Eyni zamanda şəhid ailələrinin üzvləri Laçına da gedib.
İşğaldan azad olunmuş tarixi torpaqlarımıza səfərin məqsədi Vətən uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların ailələrinə dövlət qayğısının daimi olacağını bir daha hiss etdirməkdir.
Qeyd edək ki, səfərdən öncə şəhid ailələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzdülər.