Naxçıvan Teleradiosu həmişə mənəvi-mədəni yüksəlişə xidmət edib, cəmiyyətimizin ictimai-siyasi ideyalarının, yüksək əxlaqi dəyərlərinin, arzu və istəklərinin ifadəçisinə çevrilib. "İkinci evim" adlandırdığım bu məkan, 92 il bundan əvvəl – 1932-ci il aprelin 1-də Naxçıvan Radio Verilişləri Komitəsi olaraq yaradılıb. 1963-cü il martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilib, avqust ayının 14-də isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olunub.
Bu gün Naxçıvan Televiziyası gün ərzində 17 saat bir-birindən maraqlı televiziya verilişləri ilə yayımda olur. Bölmələrin hər biri aktual mövzuları əhatə edən informasiya və multimedia materialları, operativ xəbərləri ilə tamaşaçıların zövqünü oxşayır. Yaxın gələcəkdə televiziyanın peyk yayımının da nəzərdə tutulur. Bir çinar ağacı misalı, köklərini yurdun dörd bir yanına salmağa hazırlaşan Naxçıvan Televiziyasının, iki aya yaxındır ki, Bakı bürosu fəaliyyətə başlayıb, çox qısa zamanda Qarabağ bürosu və bir sıra xarici ölkələrdə də büroların açılması üzərində işlər davam edir.
Bu gün gənc jurnalistlər üçün həm də bir məktəb rolunu oynayan Naxçıvan Televiziyası 92 ildə özünəməxsus inkişaf yolu keçib. Əsaslı yenidənqurma, həm də yaradıcılıq imkanlarının artırılması deməkdir, islahatlar verilişlərin mahiyyətində, məzmun və formatında da özünü göstərir. İndi Naxçıvan Televiziyası təkcə maddi-texniki bazasının müasirliyi, istehsal imkanları ilə deyil, rəngarəng verilişləri, proqramları, sənədli və bədii filmləri, teletamaşaları, bir sözlə, zəngin fondu ilə də haqlı olaraq öyünə bilər...
Hərkəsin həyatında bir dönüş nöqtəsi vardır, mənim o, nöqtəm Ntv-dir. Onunla yollarımızın kəsişməsindən tam olaraq 4 il ötür. Çox şanslı olduğumu düşünürəm. Əslində Universiteti fərqlənmə diploma ilə "Tarix" ixtisası üzrə bitirsəm də, bura gəlmək mənim öz istəyim olub. Bu gün, "Yaxşı ki, mən buradayam" kəlməsini könül rahatlığı ilə qura bilirəmsə, deməli doğru yerdəyəm. Bizim işimiz özünə qarşı həqiqi sevgi tələb edir. Ancaq qəlbində bu sahəyə böyük sevgisi olan insan buranı seçə bilər. Məni Ntv-yə müthiş bir sevgi bağlayır, mən işimin vurğunuyam. İşim peşəkarlıq, cəsarət, zəhmət tələb edir. Bu işdə ya yaxşı peşəkarsan, ya da ümumiyyətlə yoxsan...
Qısa zaman ərzində fəaliyyət göstərməyimə baxmayaraq, mənə həyat məktəbi olan bu məkanda çox böyük təcrübə qazandım, gələcək həyatımda və qazanacağım uğurlarda hədsiz rolu olacaq bir təcrübə...Təbii ki, zaman yerində saymır, dəyişir, özü ilə yeniliklər gətirir. Nəsillər də bir-birini əvəz edir. Bu əvəzetmə, həm də yeninin təcrübəlilərdən öyrənməsi prinsipinə əsaslanır. Televiziyada peşəkarlar öz davamçılarını hazırlayıb gələcəyə ötürürlər. Mən öz adıma deyərdim ki, televiziya mənim üçün həyat məktəbidir. Mübariz olmağı öyrədib desəm, yanılmaram. Görmüsünüz mü, iri bir daşın altından güclə də olsa, birtəhər baş qaldırıb səmaya salam verən kiçicik, zərif çiçəyin duruşunu?. Məncə çoxumuz bunun şahidi olmuşuq. Bax, elə bu məkan, ən çətin zamanlarımda mənə qucaq açıb, əlimdən tutub və mən Səmaya salam demişəm...Ntv - yə sevgim sonsuzdur, onun özü kimi...
Və bu gün bizim günümüzdür! Həm də xidmət göstərdiyimiz insanların-tamaşaçılarımızın günüdür. Günümüz qutlu olsun!
Səma Hüseynova
Naxçıvan televiziyasının əməkdaşı