Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən mart ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən imzalanmış 2024-cü il 18 mart tarixli Sərəncamla Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında və İqtisadiyyat Nazirliyinin sərəncamında olan və Qida Təhlükəsizliyi Agentliyinin balansına verilməsi nəzərdə tutulan əsas vəsaitlərin Siyahısı təsdiq edilib.

“Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin işçilərinin ümumi say tərkibinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2024-cü il 22 yanvar tarixli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən Maliyyə Nazirliyinin işçilərinin ümumi say tərkibi artırılıb.

“Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Ali Məclis sədrinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 2024-cü il 28 mart tarixində Sərəncam imzalanıb. 

Adıçəkilən Sərəncamda qeyd edilir ki, Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun nizamnaməsi və strukturu, habelə nizamnamə fondunun məbləği barədə təkliflərini iki həftə müddətində Nazirlər Kabinetinə təqdim etsinlər.

Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli Qərarı ilə “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2013-cü il 1 iyul tarixli”, “Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 18 yanvar tarixli, “Bilik və və bacarıqlarının qiymətləndirilməsi aparılmış dövlət ilk peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli, “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırlıq quruplarında tədrisin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli qərarları ləğv edilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanına əsasən “Naxçıvan Muxtar Respublikasında dövlət sərhəddindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və “Naxçıvan Muxtar Respublikasında dövlət sərhəddindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 27 sentyabr tarixli Qərarı ləğv edilib.

 

Həmçinin Nazirlər Kabinetinin 2024-cü il 29 mart tarixli Sərəncamı ilə “Naxçıvan” Beynəlxalq Hava Limanının balansında olan dövlət əmlakının və fəaliyyəti ilə bağlı sənədlərin “Azərbaycan Hava Yolları” Qapılı Səhmdar Cəmiyyətinə təhvil verilməsi ilə bağlı Komissiya yaradılmış və komissiyanın tərkibi təsdiq edilib.

 

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Ali Məclis sədrinin müvafiq Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 2024-cü il 29 mart tarixində Sərəncam imzalanmışdır. Adıçəkilən Sərəncamda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi (bundan sonra Nazirlik) Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddi, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı barədə təkliflərini, o cümlədən müvafiq qərar layihələrini Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.

 Nazirlər Kabinetinin 2024-cü il 29 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin kollegiyasının üzvlərinin sayı və tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli Qərarı ləğv edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: